Qarabağda “multikultural” media... - Etnik–ideoloji hücum nə zamandan hazırlanırdı?- ÖZƏL

Qarabağın etnik tarixi təkcə köçürmələr, inzibati islahatlar və siyasi toqquşmalar fonunda deyil, həm də informasiya və ideoloji sahədə aparılan uzunmüddətli fəaliyyət nəticəsində formalaşıb. Bu proseslərin mühüm elementi də mətbuat idi. Azərbaycan dövri mətbuatı haqqında geniş bibliyoqrafik göstəricilər hazırlayan professor Nazim Axundovun araşdırmaları sayəsində Sovet Azərbaycanında XIX-XX əsrlərdə mövcud olmuş erməni və azərbaycandilli nəşrlərin funksiyası, məqsədləri və coğrafiyası aydın görünür. N.Axundovun "Azərbaycanda dövri mətbuat. 1832-1920" əsəri (daha çox statistik) göstərir ki, Azərbaycanda müxtəlif dillərdə 400-dən çox mətbu orqan fəaliyyət göstərmiş, onların böyük əksəriyyəti Qarabağla əlaqəli olmuşdu. 
Təqdim etdiyim bu məqalədə əsas məqsəd həmin nəşrlərin, xüsusilə də erməni dilində çıxanların bölgədə hansı ideoloji funksiyanı yerinə yetirdiyini göstərməkdir.  
Bildiyimiz kimi, Xankəndi şəhərinin mərkəzə çevrilməsi Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə baş verdi. Bu yeni inzibati status erməni siyasi və mədəni dairələri üçün strateji fürsət yaratdı. Məqsəd mətbuat vasitəsilə bölgədə ideoloji hakimiyyəti möhkəmləndirmək, azlıqda qalan azərbaycanlıların assimlyasiyasını sürətləndirməkdən ibarət idi.
1923-cü ildə Şuşada təsis olunan "Qarabağın kəndlisi" qəzetinin 1925-ci ildən Stepanakertə köçürülməsi də təsadüfi deyildi. Qəzet artıq vilayətin rəsmi mətbu orqanına çevrilmiş və "Xorhrdayin Qarabağ", daha sonra isə "Sovetakan Qarabağ" adları ilə bütövlükdə ermənicə çıxmağa başlamışdı. Bu nəşrlər sovet dönəmində DQMV rəhbərliyinin ideoloji xəttini formalaşdırmaqla yanaşı, Ermənistanla siyasi-mədəni bağların dərinləşdirilməsinə də xidmət edirdi.
1940-1989-cu illərdə çıxan "Sovetskiy Karabax" qəzetinin rusdilli versiyası formal olaraq sovet ideologiyasını daşısa da, erməni siyasi çevrələri üçün təbliğat platforması funksiyasını yerinə yetirirdi. Xüsusilə 1988-ci ildən sonra qəzet Qarabağ hərəkatının əsas tribunalarından birinə çevrildi. Bu, media vasitəsilə ideoloji nüfuzun necə qurulduğuna açıq nümunədir: əvvəlcə inzibati mərkəz yaradılır, sonra həmin mərkəzdə informasiya üstünlüyü əldə edilir.
Bu mənzərə bölgənin demoqrafiyası ilə də uyğunluq təşkil edirdi: Xankəndidə XX əsr boyunca erməni əhalisi çoxluqda idi, mətbuat milli təsir dairəsinin əsas aləti kimi işlədilirdi.
Şuşada artıb-azalan erməni azlığı və ideoloji paradoks
Problemə "müsəlmanın sonrakı ağlı" zərb-məsələsi ilə yanaşsaq, ən maraqlı sual budur: ermənilərin heç vaxt 10-15%-i keçmədiyi Şuşada niyə bu qədər ermənidilli qəzet və jurnal çıxırdı? 
N.Axundovun göstərdiyi kimi, Şuşada ermənilərə məxsus onlarla mətbu orqan fəaliyyət göstərib. Bunlardan "Azqaqrakan andes" (1895-1900), "Paykar" (1914), "Faylak" (1915), "Netsuk" (1916), "Aparaj" (1917-1919), "Artsax" (1919), "Nor Kyank" (1919) kimi nəşrlər təkcə yerli icmaya xidmət etmirdi, məqsəd ideoloji nüfuz idi. Daha doğrusu bu qəzetlər və jurnallar etnik sayı az olsa da, mədəni və simvolik üstünlük yaratmaq üçün istifadə olunurdu. "Aykakan Aşxar", "Qarabağ kuryeri", "Qorts" və "Qarabağ" kimi nəşrlər XIX-XX əsrin əvvəllərində Şuşada erməni ictimai-siyasi fikrinin bazasını yaradaraq bölgəni "mədəni olaraq erməniləşdirmək" strategiyasına xidmət edirdi. Bu nəşrlərin Şuşa kimi azərbaycanlıların çoxluq təşkil etdiyi şəhərdə fəaliyyət göstərməsi məhz ideoloji məqsədi ictimai rəyə təsir etməyi, Qarabağı erməni mədəni coğrafiyasının tərkib hissəsi kimi təqdim etməyi göstərir.
"Artsax" və "Aparaj" kimi qısaömürlü, lakin kəskin siyasi mövqeli qəzetlərin ard-arda yaranması bölgədə informasiya boşluğu deyil, əksinə, informasiya iddiası yaradırdı. Bu iddianın məqsədi isə sadə idi: Şuşanı erməni ictimai-siyasi düşüncəsinin istehkamına çevirmək. Nə yazıq ki, demoqrafik reallıq bunu onlara etməyə imkan vermirdi. 
Qarabağda mətbuat balansı necə pozulur?  
1940-cı illərdə DQMV-də çıxan 6 rayon qəzetindən yalnız biri Şuşada nəşr olunan "Şuşa" qəzeti Azərbaycan dilində idi. Digər rayonların - Ağdərə ("Barekamutyun"), Hadrut ("Koltntesekan"), Xocavənd ("Aşxatanq") mətbuatı ermənicə idi. Bu balanssızlıq bölgədə informasiya idarəçiliyinin tam şəkildə bir etnosun nəzarətinə keçdiyini nümayiş etdirirdi.
Təsəvvür edin: Şuşa kimi çoxmillətli şəhərdə yeganə azərbaycandilli qəzetin dövri olaraq ad dəyişməsi (1930-cu illərdən "Şuşa", sonra "Sosialist maldarlığı", "Kolxoz Bayrağı", "Şuşa kurortu") onun sabit ideoloji xəttə malik olmadığını göstərir. Amma erməni mətbuatının ardıcıl, planlı və məqsədyönlü fəaliyyəti xüsusi diqqət çəkirdi.
Erməni mətbuatı təkcə yerli icmanı informasiya ilə təmin etmirdi, o, bölgədə ideoloji hegemonluq qurmaq üçün vasitəyə çevrilmişdi. Məqsəd Qarabağın tarixi Azərbaycan bölgəsi kimi kimliyini zəiflətmək, əvəzində "erməni mədəni məkanının" ayrılmaz hissəsi kimi qavratmaq idi.
Xankəndi və Şuşada XIX-XX əsrlərdə fəaliyyət göstərən erməni mətbuatının əsas xüsusiyyəti ideoloji məqsədlə bölgəni nüfuz dairəsinə salmaq idi. Xankəndi sovet dönəmində inzibati mərkəz kimi seçiləndən sonra bu şəhərdə çıxan "Sovet Qarabağı" xətti bölgənin siyasi dilini müəyyənləşdirirdi. 
Şuşada isə demoqrafik baxımdan azlıq təşkil edən erməni icmasının onlarca qəzet və jurnal yaratması təsadüfi deyildi. Bu nəşrlər Şuşanı simvolik olaraq "erməni şəhəri" kimi təqdim etmək üçün fəaliyyət göstərirdi.
Azərbaycan mətbuatının bölgədəki mövcudluğu isə daha məhdud və qeyri-mərkəzləşdirilmiş idi. Nəticə etibarilə erməni mətbuatı Qarabağın informasiya tarazlığını dəyişmək, bölgənin kimlik yaddaşına təsir etmək və gələcək siyasi iddialar üçün ideoloji zəmin yaratmaq məqsədi daşıyırdı.
Bu tarixi mənzərə göstərir ki, Qarabağda baş verən etnik-siyasi qarşıdurmanın kökləri təkcə hərbi və siyasi qütbləşmədə deyil, həm də uzun illər ərzində aparılan ideoloji informasiya savaşında idi.
Ermənilər uzun müddət bu savaşdan qalib çıxsa da su üzərində göpüyü xatırladan ideoloji mübarizə nəticə etibarı ilə İkinci Vətən Müharibəsində fiaskoya uğradı. İndi növbə bizimdir. 

Niyaz Niftiyev
Multikulturalizm üzrə tədqiqatçı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31