Gürcüstan 43 əcnəbini deportasiya etdi- Aralarında azərbaycanlılar da var
17:06 HadisəGürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 43 əcnəbini deportasiya edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya vətəndaşlarıdır.
Bildirilir ki, ümumilikdə ilin əvvəlindən etibarən ölkədən 1200 qanunsuz miqrant çıxarılıb, bu isə son bir neçə ilin ümumi göstəricilərindən çoxdur.
Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirmək üçün miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, bu ölkədə yaşama müddətini aşan əcnəbilər 1000 ilə 3000 lari arasında (təqribən 630 AZN-dən 1890 AZN-dək) cərimələnəcək. Cərimə onların Gürcüstanda qanunsuz qalma müddətindən asılı olaraq dəyişəcək. Cərimə ilə yanaşı, qanunsuz immiqrantın Gürcüstana girişi də qadağan olunacaq./Qafqazinfo.az/