Seçki yox, təhlükəsizlik məsələsi: Paşinyanın hakimiyyəti və daxili risklər- ÖZƏL

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalacağı ilə bağlı müzakirələr intensivləşir. Bir sıra iddialara görə, Paşinyanın seçki yolu ilə hakimiyyətdən kənarlaşdırılması real görünmür və yeganə risk faktoru kimi daxili siyasi terror ssenariləri önə çəkilir. Bu kontekstdə 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş vermiş terror aktı xatırladılır. Həmin hadisə nəticəsində baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçiyan daxil olmaqla 8 nəfər öldürülmüşdü. 
Paşinyan üçün əsas real təhlükə seçkidirmi, yoxsa daxili destabilizasiya?  1999-cu il parlament terroru indiki siyasi proseslər üçün presedent sayıla bilərmi?



Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: " Ermənistan baş naziri Nikol Paşinyan faktiki olaraq seçkilərə gedərək, əslində, öz mövqelərini gücləndirmək istəyir. Seçki öncəsi də kilisəyə və müxalifətə qarşı atdığı ardıcıl addımlar, əslində, seçki zamanı əlini gücləndirmək və nəticədə öz istəklərinə nail olmaq məqsədi daşıyır.
Qarabağ müharibəsi və antiterror əməliyyatları nəticəsində Paşinyan dövründə ortaya çıxan vəziyyətlər, iki böyük məğlubiyyətə və daha kiçik uğursuzluqlara baxmayaraq, onun hakimiyyətini qoruyub saxlamasına imkan verib. Bu, eyni zamanda 1999-cu il parlament terroru məsələsini yenidən aktuallaşdırır, yəni belə iddialar mövcuddur. Amma məsələ ondadır ki, Paşinyan və onun ətrafındakı komanda bu vəziyyəti nəzərə alır. Paşinyanı hakimiyyətə gətirən qüvvələr də bunu bilir. Ona görə də bu tip məsələlərin qarşısını almaq üçün müəyyən addımlar atılır.
Prinsip etibarilə, Paşinyanın terrorla bağlı məsələləri əvvəllər formalaşdırılıb və o, bundan kənara çıxmağa imkan tapmayıb. Əslində, bu gün Paşinyanın iqtidarda qalması bir çox maraqlı tərəflərin diqqətindədir. 
Digər tərəfdən, ABŞ tərəfi də Paşinyan hakimiyyətinin qalmasında maraqlıdır. Türkiyə və Azərbaycan da Paşinyanın qalmasında maraqlıdır, çünki sülh prosesi və Türkiyə ilə münasibətlərin normallaşması davam etməkdədir. Əgər Paşinyan yerinə kimsə gələrsə, bu zaman proseslər ya yavaşlaya bilər, ya da tam dayanma ehtimalı yaranar. Bütün bu risklər hər tərəf tərəfindən başa düşülür. Ona görə də Paşinyan hakimiyyətdə qalması indiki məqamda bir çox baxımdan sərfəlidir və hər hansı təhlükə yaranarsa, ona müvafiq xəbərdarlıqlar veriləcəkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31