Humanizm siyasəti və regional fon: Bakıdan verilən qərar İrəvanda niyə rezonans doğurdu?- ÖZƏL

Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan etməsi Ermənistanda geniş rezonans doğurub. Ermənistan mediası qeyd edir ki, ölkədə 2018-ci ildən bəri əfv və ya amnistiya tətbiq olunmayıb və yaxın dövrdə də belə bir addım gözlənilmir. Bildirilir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ümumilikdə 20 mindən çox şəxsi əhatə edə bilər. Amnistiya Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror əməliyyatlarında iştirak edənlərə, şəhid və itkin düşənlərin yaxınlarına, əlillərə, qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara şamil olunur.
Azərbaycan Prezidentinin bu amnistiya qərarının Ermənistanda rezonans doğurması regional siyasi fon baxımından nəyi göstərir?



Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan Prezidentinin amnistiya haqqında verdiyi sərəncam olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, bu qərarın Konstitusiya və Suverenlik İlində verilməsi xüsusi bir anlam daşıyır. Bununla da Azərbaycanda minlərlə insan öz ailələrinə qovuşacaq və bu addımdan bəhrələnəcək.
Bu sərəncamın Ermənistanda reaksiya doğurması və orada hakimiyyət tənqidçilərinin hakimiyyəti hədəfə alması da gözlənilən idi. Çünki Ermənistan cəmiyyətində artıq belə bir ənənə formalaşıb ki, demək olar, bütün məsələlər Azərbaycanla müqayisə olunur və bu müqayisələr üzərindən münasibət bildirilir. Əlbəttə ki, Ermənistanda siyasi proseslər tamamilə fərqli istiqamətdə cərəyan edir. Hazırda orada kifayət qədər gərgin siyasi şərait mövcuddur. Yalnız hökumətlə müxalifət arasında siyasi rəqabət getmir, eyni zamanda hakimiyyətlə kilsə arasında ciddi münaqişələr yaşanır. Cəmiyyət ciddi şəkildə bölünüb və ölkə ciddi geosiyasi təzyiqlərlə üz-üzədir, qlobal güclərin rəqabət meydanına çevrilib. Ona görə də Ermənistanda mövcud vəziyyət fərqlidir və onlar bu tip məsələlərdə Azərbaycandan nümunə götürməyə, yaxud Azərbaycanla müqayisə aparmağa meyillidirlər. Yəni bu baxımdan Ermənistanda belə addımların atılıb-atılmaması onların daxili işidir. Amma Azərbaycan bu istiqamətdə ardıcıl və davamlı şəkildə addımlar atır və son illər bu proses daha intensiv xarakter alıb". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31