Paşinyanın əsas riski: 1999-cu il terror ssenarisi yenidən təkrarlana bilər – ÖZƏL

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalacağı ilə bağlı müzakirələr güclənir. İddialara görə, Paşinyanın seçki yolu ilə kənarlaşdırılması real görünmür və əsas risk faktoru kimi daxili siyasi terror ssenariləri önə çıxır. Bu kontekstdə 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş vermiş və baş nazir Vazgen Sarkisyanla parlament sədri Karen Dəmirçiyan da daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı xatırladılır. Ekspertlər həmin hadisənin arxasında o dövrün prezidenti Robert Köçəryanın maraqlarının dayandığını iddia edir və onun revanşist qüvvələrin simvolik lideri kimi qalması fonunda oxşar ssenarilərin seçkilər ərəfəsində yenidən gündəmə gələ biləcəyini istisna etmirlər.

"Bəli, düşünürəm ki, 1999-cu ildə baş vermiş Ermənistan parlamentindəki terror hadisəsi indiki dövrdə də aktuallaşa bilər. Çünki nəzərə almaq lazımdır ki, həmin dövrdə bu terroru həyata keçirən və "Qarabağ klanı" adı altında tanınan radikal-kriminal dəstə mövcud idi. Bu dəstəyə Robert Köçəryan və Serj Sarkisyan rəhbərlik edirdi. Məhz həmin qrup Ermənistanın baş naziri Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçiyan da daxil olmaqla, ümumilikdə 8 nəfəri parlament binasında qətlə yetirmişdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu hadisə açıq şəkildə dövlətə qarşı yönəlmiş ağır cinayət idi. Nəticə etibarilə, bir il ərzində hakimiyyətə gələn Robert Köçəryan bu terror aktı fonunda öz siyasi hakimiyyətini möhkəmləndirdi və özünə sadiq şəxsləri mühüm vəzifələrə təyin etdi. Ardınca isə öz varisi hesab etdiyi Serj Sarkisyanı əvvəlcə Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinə, daha sonra Müdafiə Nazirliyinə, ardınca isə baş nazir və prezident postlarına gətirdi.

"Bütün bunlar onu göstərir ki, Ermənistanda terror yolu ilə hakimiyyətə gəlməyə vərdiş etmiş bir siyasi-kriminal dəstə mövcuddur. Onlar bu üsuldan bir dəfə istifadə ediblər və yenidən istifadə etməyəcəklərinə dair heç kim təminat verə bilməz. Məhz buna görə də Nikol Paşinyana qarşı müəyyən dərəcədə sərt addımların - suiqəsd və ya digər təzyiq vasitələrinin - həyata keçirilməsi ehtimalı istisna edilmir," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan bunu yaxşı anlayır və məhz bu səbəbdən Köçəryan-Sarkisyan dəstəsi ilə son dərəcə sərt davranır. Zərurət yarandıqda, onların cəzalandırılması istiqamətində Ermənistan hakimiyyəti tərəfindən müvafiq hüquqi addımlar atılır. Paşinyan bu qrupun əsl mahiyyətini bildiyi üçün belə bir xətt yürüdür.

Ekspertin fikrincə, Ermənistanda parlament seçkiləri ərəfəsində vəziyyət daha da gərginləşəcək. Əgər Ermənistan hökuməti vaxtında lazımi hüquqi addımlar atmasa və hüquq-mühafizə orqanları sərt tədbirlər görməsə, Qarabağ klanı və ona bağlı digər qruplaşmalar ölkə daxilində müəyyən dərəcədə təxribatçı hərəkətlərə əl ata bilərlər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31