Güclü dövlətdən qisasçı yox, bağışlayan iradə: Əliyev amnistiyası nəyi göstərir? – ÖZƏL
16:52 SiyasətPrezident İlham Əliyev suverenliyin tam bərpası və Konstitusiyanın ölkə üzrə tətbiqi qələbəsi çərçivəsində genişmiqyaslı amnistiya layihəsini irəli sürüb.
Bu, müstəqillik dövrünün ən böyük amnistiyası olacaq.
"Bu təşəbbüs hüquqi qərardan daha çox, dövlət fəlsəfəsinin ifadəsi olaraq qəbul görməyi haqq edir. "Konstitusiya və Suverenlik İli" məhz hüququn insan taleyində necə işlədiyini göstərmək üçün bir fürsətdir. Prezident İlham Əliyevin amnistiya təşəbbüsü sübut edir ki, Azərbaycan dövləti gücünü yalnız cəza mexanizmlərində göstərmir, eyni dərəcədə bağışlama iradəsində göstərir. Bəli, bu, qələbədən sonrakı mərhələdə dövlətin məsuliyyətli və yetkin siyasi davranışıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Yazar bildirib ki, amnistiya topluma aydın ismarıc verir: dövlət qalibdir, dövlət güclüdür və qisasçı deyil. Belə addımlar, ümumən hər hansı bir dövlət üçün sosial gərginliyi azaldan, barış və inteqrasiya mühitini gücləndirən faktor kimi çıxış edir. Hüquqa inam isə məhz bu cür humanist yanaşmalarla möhkəmlənir.
Hüquq yalnız cəzalandıran mexanizmdirmi?
Əsla, yox! - Hüquq eyni zamanda bərpa edən və birləşdirən mexanizmdir.
Təsəvvür edin: 20 mindən çox insan bu aktdan öz nəsibini alacaq, sevinəcək, üzü güləcək. Bu, müstəqillik illərimizin ən böyük amnistiyası olaraq tarixə keçəcək. Tarix yazan liderə məhz belə tarixi təşəbbüs və qərar yaraşır.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova