Monarxiyanın əsasları
11:16 SiyasətBeşinci yazı
"Ümumxalq Məclisi"nin ("Konstitusiya Məclisi"nin) hüquq, vəzifə və səlahiyyətləri barədə: "İctimai Palata"nın, "Qanunverici Palata"nın, "Rəyasət Heyəti"nin hüquq və vəzifələri, səlahiyyətləri
İlk növbədə qeyd etmək yerinə düşər ki, analizlər qurarkən fikri yeniliklər üzərində cəmləşdirmək məsləhətdir. Bu, konstitusiyalı parlamentar monarxiya üçün yeni tənzimləməni özündə ehtiva edən ideyaları, təşəbbüsləri, tezisləri əks etdirir.
Konstitusiyalı parlamentar monarxiyalarda demokratiyanı mötədil, yəni mülayim, yumşaq, liberal, orta, miyanə (ifrata varmadan, qeyri-radikal tərzdə, ifrat sağçılığa və solçuluğa yer vermədən) tərzdə formalaşdırmaq mümkündür. Bu xarakter daha çox "Ümumxalq Məclisi"nin qurulmasında və fəaliyyətində özünü büruzə verə bilir. Rəvan, mötədil demokratiyanın beşiyi, göbəyi çoxluğun, hamının tərəfi olan "Ümumxalq Məclisi" hesab oluna bilər. Bəli, dövlətin, cəmiyyətin taleyi kollegial qərarlarda həll olunduqda daha ədalətli məzmun ortaya çıxır. Çünki bu məsələdə çoxluğun marağı ifadə olunur. Xalq çoxluqda öz demokratiyasını yüksək səviyyədə formalaşdıra bilir. Hakimiyyətdə, dövlət idarəçiliyində iştirak məsələsində çoxluq hamını iradəsinin bütövləşməsi deməkdir. "Ümumxalq Məclisi"ndə idarəçiliyin, hakimiyyətin həcmi, kütləsi artır, miqyası böyüyür, həcmi genişlənir. Belə halda demokratiyanın məzmunu daha da gerçəkləşir. "Ümumxalq Məclisi" hakimiyyəti bölücü, paylayıcı, tarazlaşdırıcı mərkəz kimi çıxış edir. Dövlətin və onun idarəçiliyinin tarazlı və əhatəli, rəngarəng mahiyyəti məhz "Ümumxalq Məclisi"ndə üzərə çıxır. "Ümumxalq Məclisi" bir tərəfdən xalqın dövlət quruculuğunda yaxından iştirakını şərtləndirirsə, təmin edirsə, digər tərəfdən də ümumi məsuliyyət mərkəzi olaraq mühüm funksiya kəsb edir. Xalq bu qurum vasitəsilə dövləti təşkil edir, fəaliyyətini təmin edir, eləcə də mərkəz vasitəsilə öz-özünə hesabat verir. "Ümumxalq Məclisi"ndə bütün təbəqədən olan və yaşı 18-i tamamlamış, aktiv və passiv seçki hüququna malik olan vətəndaşlar iştirak edə bilir. Bununla da maraqlar, arada heç bir sipər, sədd olmadan, bir arada rəvan şəkildə cəmləşir. Taleyin birgə həll olunması amili meydana gəlir. "Ümumxalq Məclisi"ndə şəffaflıq, aydınlıq yaşanır. Siyasətin hazırlanması və icrası prosesləri ümumi əsaslarla aydınlaşır. Xalq öz vəzifə və səlahiyyətlərini dərk edir və siyasəti təmin edən hakimyyət qaolları ilə arasında olan münasibətləri ayırd etmək üçün imkanlar qazanır. Xalq geniş toplumda dövlət başçısı ilə münasibət qurur. Öz iradəsini dövlət başçısının iradəsi ilə tamamlayır. Dövlət başçısına etimad göstərərk, onu xalqa bağlayır, xalq önündə məsuliyyətli edir. "Ümumxalq Məclisi"ndə dövlət başçısına etimad göstərilməsi hadisələri baş verir. O, taxt-taca təsdiqlənir. Konstitusiya hüququnu qazanır. Səlahiyyətlərinin icrasına başlayır. Bununla da məsuliyyət götürür. Öhdəlik müəyyənləşir. "Ümumxalq Məclisi" məhz xalqı daha çox dövlət başçısı (monarx-kral, imperator, knyaz, çar və s.) ilə bağlayır. Məclis xalqla dövlət başçısının tandemini, birliyini müəyyən edir, əks etdirir. Məclisin mövcudluğu onun dövlət başçısı ilə vəhdətliyinin səmərəsini meydana gətirir. Dövlət daimi olaraq, aramsız, fasiləsiz öz mövcudluğunu kollegial, hamının marağının təsbit olunduğu əsasda təmin edir. Dövlət başçısının qəlbi və əməli "Ümumxalq Məclisi" ilə bağlanır. Burada monarx ilə xalqın taleyi bir-birinə bağlanır. Monarx öz fərdi maraqlarını ictimai, dövlət və xalq maraqlarının təminatında görür. Burada Məclis vasitəçi, təminedici rol oynayır. Dövlət və xalq məfhumu ilə hər iki məfhumun məsuliyyəti birləşir. Məclisdə güc əmələ gəlir. Monarx buradan ilhamlanır, dayaq əldə edir. Xalqın monarxa inamı, monarxın xalqa inamı ilə tamamlanır. Məclis -Kral tandemi birgə addımların atılmasını zəruri edir. Bu birgəçilik Kral-Xalq, Xalq -Kral birliyini özündə əks etdirir. Bu yöndə Kral xalqın əsas təmsilçisi, ali nümayəndəsi kimi çıxış edir. Tandem Kral və Xalq şəxsiyyətinin formalaşmasını təmin edir. Bu tandem dövlətdə ləyaqətli hakimiyyətin formalaşmasına rəvac verir, dövlətə zəmanəti artırır. "Kralın imzası" Xalqın imzasına, şərəfinə, namusuna bağlanır. Xalq öz imzası ilə dövlət başçısını, dövlət başçısı da xalqı təsdiq edir. Qeyd: Belə qəbul edək ki, Konstitusiyalı parlamentar monarxiyalarda dövlətin başçısı olan monarx ümumi mənafe kəsb edən dövləti işlərdə "Ümumxalq Məclisi"ndən gələn qərar layihələrinə imza atır. Öz şərəfli imzası ilə sənədlərə hüquqi təsdiq verir, təsbitləyir. Eləcə də xalqdan qəbul etdiyi, xalq tərəfindən etimad rəmzi kimi qəbul etdiyi imzanı, yəni öz imzasını qeyd (həkk) edərək "Ümumxalq Məclisi"nə məktub ünvanlayır. "Ümumxalq Məclisinin Rəyasət Heyəti" onun imzasınn kollegiallığını, bütövlüyünü simvolizə edir və sübuta yetirir. Məsələn, Kral həm də "Ümumxalq Məclisinin Rəyasət Heyəti"nin Sədri olur. Rəyasət Heyətinin təsdiqi ( "Qanunverici Palata" tərəfindən qəbul edilərək gələn qərarların, layihələrin təsdiqi) elə özlüyündə Kralın imzası (Dövlət imzası) kimi əks olunur. Buradan da görünür ki, Kral öz imzası ilə "özbaşına" deyil. Fərdi yox, kollegial mahiyyət kəsb edir. Çoxluğa tabe olur. Çoxluğun qərarını təsdiq edir. Çoxluqla razılaşır. O, tək olmur, birgə razılaşma konsepsiiyasına tabedir. Ümumi xalqın seçdiyi qrupa, tərəfə tabedir. Çoxluğun itradəsini təsdiq və ifadə edir.
Kral Məclisə, xüsusilə onun "İctimai Palata"sına çox arxayın olur. Kral dövlətin çətin məqamında, ölkənin və xalqın taleyinin həlledici anında (məsələn, referendumun keçirilməsi məsələsi zəruri olduqda) özünün əsas dayağı hesab etdiyi "İctimai Palata"ya müraciət edir. Ondan güc istəyir. "İctimai Palata"nın dəstəyi sayəsində taleyüklü qərarlar qəbul edir. "İctimai Palata"nın razılığı ilə "Qanunverici Palata"da müvafiq qərar layihələri hazırlanır. Eyni zamanda, hakimiyyətə etimad məsələsində "İctimai Palata" Krala müraciət edir. Təşəbbüs qaldırır. Məsələn, "İctimai Palata"nın təşəbbüsü ilə Kral hakimiyyət rəhbərlərini istefaya göndərir. "İctimai Palata"da səs çoxluğu ilə qəbul edilən qərarları Kral dərhal icra edir. Qeyd: Tutaq ki, Azərbaycanda Krallıq mövcuddur. "Ümumxalq Məclisi" fəaliyyət göstərir. Məclisin "İctimai Palatası"nın tərkibi 600 nəfərdən çoxdur. "İctimai Palata" təşəbbüs qaldırır ki, Baş nazir, yaxud da "Qanunverici Palata"nın spikeri istefa verməlidir. Belə olan halda "İctimai Palata"nın böyük əksəriyyətinin iştirak etdiyi iclasda məsələ müzakirə olunur və səs çoxluğu ilə təşəbbüs qəbul olunur. Belə məsələlərdə iclasa rəhbərliyi "Rəyasət Heyəti"nin Sədr müavini-Konstitusiya Məhkəməsinin Sədri aparır. Qəbul olunan təşəbbüs Kralın imzası ilə təsdiqlənir. "İctimai Palata" həm də referendum keçirilməsi məsələsi ilə çıxış edir, təşəbbüs qaldırmaq səlahiyyətinə malik olur.
Kral-Xalq birliyi (burada "Ümumxalq Məclsinin İctimai Palatası"nda olan birlik) hakimiyyətləri də özlərinə bağlayır. "Ümumxalq Məclisi" hakimiyyətin qolları üzərində, həm də onlarla birlikdə həm nəzarətedici, həm də təminedici funksiya kəsb edir. Məclisin "Qanunverici Palatası" hakimiyyətlərin formalaşmasında iştirak edir və məsuliyyət daşıyır.
Konstitusiya əsaslı parlamentli monarxiyada qanunverici hakimiyyəti "Ümumxalq Məclisinin Qanunverici Palatası" həyata keçirir. Qanunverici hakimiyyət dövlət rəhbəri ilə işini bir qayda olaraq "Ümumxalq Məclisinin Rəyasət Heyəti" vasitəsilə qurur. Qanunverici hakimiyyət "İctimai Palata"nı öz üzərində ictimai nəzarət, xalq nəzarəti kimi görür. "İctimai Palata" xalq və Kral (yaxud da Kraliça) adından məşvərətçi, müşahidəçi funskiyasını da yerinə yetirir.
Qeyd: Beynəlxalq münasibətlərdə xalqı və dövləti aktiv şəkildə hakimiyyətlərinin nümayəndələri təmsil edirlər. Onlar beynəlxalq danışıqlarda iştirak edirlər, qərarlara, sənədlərə imzalar atırlar. Kral (yaxud da Kraliça) daha çox passiv təmsilçi funksiyasın yerinə yetirir. Daxili siyasətdə də dövlət başçısı passiv mövqedə dayanır. Hökumət, məhkəmə və qanunverici hakimiyyət aktiv rol oynayırlar. Siyasətin fəal icrası ilə məşğul olurlar. Dövlət başçısı yekun siyasətə imza atır. Eləcə də siyasətin başlaması üçün yuxarıdan start verir. Qanunlara, dövlət proqramlarına, qərarlara və təyinatlarla bağlı sənədlərə imzalar qoymaqla aktiv, strateji və cari siyasətin başlanmasına əsas verir. Vəzifələrin icrası üçün hüquqları təsbit edir, təsdiqləyir.
Xarici və daxili siyasət sahələrində dövlət idarəçiliyi ilə bağlı ümumi və məxsusi, bu yöndə mərkəzi qərarverici və məşvərətçi rol oynayan, seçkili üsulla (ümumxalq səsverməsi yolu ilə seçki dairələrindən seçilənlərdən) və göndərişlə (birliklərdən, əmək kollektivlərindən seçilib göndərilənlərdən) formalaşan, mərkəzi təmsilçilik orqanı olan "Ümumxalq Məclisi" özünün hüquq, vəzifə və səlahiyyətlərinə malik olur. Bu vəzifələr və funksiyalar strateji və taktiki, uzun müddətli, hədəfli və cari fəaliyyəti özündə ehtiva edir. Məclis xalqdan səlahiyyət alır, xalq qarşısında məsuliyyət daşıyır. Dövlət başçısının və hakimiyyətlərin hüquq və vəzifələrini müəyyən edir. (Qeyd: Məsələn, nazirliklərin, digər mühüm, mərkəzi dövlət qurumalarının hüquq və vəzifələrini ifadə edən əsasnamələr "Ümumxalq Məclisinin Qanunverici Palatası"nda təsdiqlənir). Bu baxımdan da ona verilən vəzifə və funksiyalardan səlahiyyətləri formalaşmış olur. Məclis dövlət rəhbərinə, dövləti vəzifə tutan şəxslərə, dövlət qulluqçularına, hərbi vəzifələrə, hərbi qulluqçulara, o cümlədən hakimiyyət nümayəndələrinə, dövləti vəzifələrdə hüquq və səlahyyətlər verir. Eləcə də bütün sahələrdə vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını norma və qaydalarla müəyyən edir. Sosial sahədə olan hüquqlar, əmək pensiyaçılarının, sosial müavinət və təqaüd alanların hüquqlar da "Ümumxalq Məclisi"ndə müəyyən olunur. Ümumiyyətlə, bütün hüquqi tənzimləmələr baza olaraq "Ümumxalq Məclisi"ndə müəyyən olunur. Monarxın hüquqi tənzimləməyə dair qərarları da "Ümumxalq Məclisi"ndə verilir və təsdiqlənir. Məsələn, "Rəyasət Heyəti"nın qərarlarının özündə Kralın (yaxud da Kraliçanın) qərarları öz təsdiqini tapmış olur. "Rəyasət Heyəti"nin qərarlarına dövlət başçısı imza atır. Bununla da "Rəyasət Heyəti"nin verdiyi qərarlar (məsələn, dövlət başçısı tərəfindən səfirlərin, elçilərin, konsulların və diplomatik nümayəndə rəhbərlərinin, xüsusi tapşırıqlar üzrə səfirlərin, elçilərin təyin olunmaları haqqında qərarı) elə özlüyündə dövlət başçısının qərarı hesab olunur. Dövlət başçısı sanki Rəyasət Heyəti ilə bir qərar qəbul edir. "Rəyasət Heyəti" bir tərəfdən qərarları, qanunları dövlət başçısının imzası ilə təsdiqləyir, digər tərəfdən də onun imzasının kollegial zəmanətçisi, müdafiəçisi kimi çıxış edir. "Rəyasət Heyəti" həm də dövlət başçısının "İmza Kollegiyası"dır.
Qeyd: Hər bir qurum özlüyündə qərar qəbul edir, icrasını təmin edir və icrasına nəzarəti həyata keçirir. Bu, nizmanamə və əsasnamələrin tələbindən irəli gəlir və vəzifə təlimatlarından törəyir.
"Ümumxalq Məclisi" Konstitusiya quruluşunun və ərazi idarəetmə formasının əsas qarantı olur. Konstitusiya quruluşunu təmin edir, ölkənin ərazi bütövlüyünü qoruyub saxlayır. Strateji təhlükəsizliyini təmin edir. Dövlətin daxili və beynəlxalq münasibətlərini formalaşdırır, əlaqələrini təmin edir. Məclis siyasi sitemlərin, bu baxımdan da siyasət institutlarının, siyasi və ictimai birlik və təşkilatların formalaşmasını həyata keçirir, onlara qanunlar və qanuvericilik aktları yolu ilə hüquqlar müəyyən edir. Statuslarını formalaşdırır. Məclis dövlətin atribut və rəmzlərini qoruyur. Dövlətin bütün daxili və xarici siyasətlə bağlı aktlarını təsdiqləyir, onun fəaliyyətini təmin edir.
Məclis öz funksiyasına görə qəbuledici və təsdiqləyici mahiyyət kəsb edir. Bir tərəfdən layihələr qəbul edir, layihələr hazırlayır, digər tərəfdən də layihələri təsdiqləyir və ona hüquqi və qanuni status verir. Məsələn, Məclisin hər iki palatasının birgə rəhbər orqanı olan "Rəyasət Heyəti" ("Dövlət Şurası") "Qanunverici Palata" tərəfindən qəbul edilən layihələri təsdiq edir və ona dövlət imzası (Kralın, yaxud da Kraliçanın imzası) atmaqla və möhür vurmaqla (Kral Sarayının dövlət möhürü) dövləti və qanuni status verir. İcrasını təmin etmək üçün səlahiyyətlər təqdim dir. "Ümumxalq Məclisi"nin hər iki palatası qarşılıqlı asılılıq şəraitində fəaliyyət göstərir. Eləcə də bütövlük, vəhdətlik çərçivəsində ayrı-ayrı səlahiyyətlərə malik olur. Məsələn, "İctimai Palata" daha çox məşvərətçi qurumdur. Burada geniş iştirakçılıq var. Dövlət rəhbərinin nümayəndələri, icra və məhkəmə hakimiyyətinin nümayəndələri, həmçinin siyasi və ictimai birliklər geniş tərkibdə iştirak edirlər. Palata əsasən məşvərət və ümumi nəzarət funksiyasını yerinə yetirir. Lakin Palatanın rəhbər orqanı olan "Rəyasət Heyəti" ("Dövlət Şurası") burada həm də Qanunverici Palatanın üst qurumu olaraq təsdiqləyici funksiyanı həyata keçirir. Məsələn, dövlət proqramları, müharibə və sülh məsələləri, sərhədlərin dəyişdirilməsi və digər referendum məsələləri, dövlət atributu və rəmzləri ilə bağlı olan məsələlər, milli gəlirə və dövlət büdcəsinə aid olan məsələlər, digər ali xalq və dövlət məsələləri "Qanunverici Palata"da layihə şəkilində qəbul edilir. Lakin qanuni təsdiqini Rəyasət Heyətində (Rəyasət Heyətinə Kralın kollegial qurumu da demək olar) tapır. Rəyasət Heyəti dövlət başçısının həm də məsləhətverici və təşəbbüslər irəli sürən, qərarlar (dövlət başçısının qərarı) qəbul edən strateji və cari funksiya kəbd edən bir passiv və aktiv qurumudur. "Rəyasət Heyət"ində ictimai, hüquqi və siyasi proseslər birləşmiş forma və məzmun alır. Rəyasət Heyəti dövlət başçısı ilə qanunverici hakimiyyəti, eləcə də icra və məhkəmə hakimiyyətini birləşdirən mərkəzi və ali qrupdur. "Rəyasət Heyəti" dövlət başçısının təqdimatını və məktubunu "İctimai Palata" ya və "Qanunverici Palata"ya göndərmək səlahiyyətinə malik olur. Məsələn, Kral (yaxud da Kraliça) müharibə rejiminin (vəziyyətinin), fövqəladə rejimin, eləcə də ciddi karantin rejiminin müəyyən olunması və tətbiqi üçün "Ümumxalq Məclisi"nə müraciət edir. Müraciət "Rəyasət Heyəti" ("Kral Kollegiyası", yaxud da "Dövlət Şurası") vasitəsilə "Ümumxalq Məclisi"nə təqdim olunur. İlk növbədə "İctimai Palata" da müzakirəyə çıxarılır. Yaxud da birgə iclasda (hər iki palatanın iştirakı ilə) müzakirə olunur. Yekun qərar qəbul olunur və "Rəyasət Heyəti"ndə dövlətin başçısının imzası ilə təsdiqlənir. Qeyd: Azərbaycanda gələcəkdə Konstitusiyalı parlamentar monarxiya idarəçilik formasına keçidlər edilərsə, Prezident Sarayı ləğv olunar və onun funksiyalarını yığcam şəkildə "Ümumxalq Məclisinin Rəyasət Heyəti" (Yəni "Dövlət Şurası", yaxud da "Kral Kollegiyası") həyata keçirə bilər.
"İctimai Palata"nın hüquq və vəzifələri
"İctimai Palata" Parlamentin aparıcı ictimai mərkəzidir, qoludur. Özündə ictimai və hüquqi funksiyanı daşıyır. Məlumdur ki, hər bir subyektin, qurumun, təşkilatın ümumi prinsip və qanunlardan irəli gələrək məxsusi, konkret funksiyası var. Bu funksiya özündə vəzifə və səlahiyyətləri ehtiva edir. "İctimai Palata"nın funksiyası dövlətdə həm ümumidir, həm də konkretliliyi özündə ehtiva edir. "İctimai Palata" "Qanunverici Palata" üzərində, eləcə də Kral (yaxud da Kraliça) üzərində sanki bir qanad rolunu oynayır. Bu Palata ümumxalq nəzarəti funksiyasını yerinə yetirir. Onun ali rəhbərliyi elə dövlət başçısının Rəyasət Heyətidir (Kral Kollegiyasıdır).
"İctimai Palata" ayrıca şəkildə fəaliyyət göstərmir. Onun səlahiyyətləri "Qanunverici Palata" ilə birlikdə fəaliyyət göstərdikdə, "Ümumxalq Məclisi"nin çağırış müddətində, mövcud olur. Məsələn, (Gələcəkdə Azərbaycan Krallığında) ildə dörd dəfə "Ümumxalq Məclisi" çağrılır. Çağırış müddətində Məclisin işində Qanunverici Palata da iştirak edir. İclas İctimai Palata ilə birlikdə aparılır. "İctimai Palata"nın üzvləri Məclisə qoyulmuş məsələnin (təbii ki, qlobal, mühüm və ölkə əhəmiyyətli, daha qabarıq, daha vacib, biirnci dərəcəli məsələlər) müzakirəsində iştirak edirlər. Səsvermədə öz münasibətlərini bildirirlər. Onların da səsləri hesablanır. "İctimai Palata" dövlət siyasətinin sahələrinə aid qanun və qərar layihələri, eləcə də proqram layihələri hazırlamır. Bütün layihələri "Qanunverici Palata" hazırlayır. Lakin qlobal əhəmiyyət kəsb edən layihələrin müzakirəsində iştirak edir. İdeya və təkliflərlə çıxışlar edir. "İctimai Palata" çərçivə qanunlarının hazırlanmasında və qəbulunda iştirak etmir. Ümumiyyətlə, çərçivə qanunları, sahələrə aid olan qanunlar "İctimai Palata"nın müzakirəsinə çıxarılmır. Bu kimi aktlar "Qanunverici Palata"da qəbul edilir və dövlət adından imzalanmaq və təsdiq üçün Rəyasət Heyətinə təqdim edilir. (Qeyd: "Ümumxalq Məclisi" ona görə çağrılmır ki, orada adi qaydada sahələri əhatə edən ümumi və çərçivə qanunları qəbul edilsin. Ona görə çağrılır ki, mühüm dövlət proqramları qəbul edilsin, müharibə və sülh məsələləri həll edilsin, referendum məsələsinə baxılsın, vahid pul siyasəti, qlobal iqtisadi inkişaf konsepsiyaları, doktrinalar müzakirə olunsun, hökumətə və hakimiyyətə etimad məsələsinə baxılsın, Qanunverici Palataya qiymət verilsin, dövlət başçısına olan etimad məsələləri müzakirə olunsun, həmçinin qanunların rüblük hesabatı, bundan əlavə, dövlət fəaliyyətinin rüblük hesabatı dinlənilsin). Qanunda əlavələr və dəyişikliklər də bir qayda olaraq "Qanunverici Palata" tərəfindən həyata keçirilir. Ümumi ictimai, siyasi əhəmiyyət kəsb edən qlobal layihələr əvvəlcədən "Qanunverici Palata"da hazırlanır. Qəbul edilir. Sonra isə "İctimai Palata"nın müzakirəsinə çıxarılır. Qərar layihəsi "Qanunverici Palata"da səsvermə ilə qəbul edildikdən və qəbul edilmiş layihə "İctimai Palata"nın da iştirakı ilə müzakirəyə çıxarılanda artıq "Qanunverici Palata" təkrar olaraq müzakirədə və səsvermədə iştirak etmir. Müşahidəçi, dinləyici qismində qalır. Bu yöndə demək olar ki, "Ümumxalq Məclisi"ndə müzakirəyə çıxarılan bütün qərar və proqram, konsepsiya, doktrina, inkişaf konsepsiyası ilə bağlı layihələr birinci olaraq "Qanunverici Palata"da müzakirə olunur, qəbul edilir, sonra "İctimai Palata"nın müzakirəsinə təqdim edilir. "İctimai Palata" hazır layihələrə baxır. Bu yöndə qəbul edə bilərik ki, "Ümumxalq Məclisi"nin çağrılmasında iclaslarının başlamasına qədər gündəliyə çıxarılan qərar, proqram layihələri, məktublar, təqdimatlar hazır vəziyyətdə olur. İlkin mərhələ olaraq layihələr "Qanunverici Palata"dan keçir. "Ümumxalq Məclisinin İctimai Palatası"na müzakirə və qəbul üçün təqdim və təsdiq olunan bütün proqram və konsepsiya layihələri hazır vəziyyətdə əvvəlcədən "Qanunverici Palata" təqdim edir. Burada dövlət başçısının "İctimai Palata"ya ünvanladığı məktublar istisnadır. Bu məktublara "Qanunverici Palata"da baxılmır. "Rəyasət Heyəti" "İctimai Palata"da müzakirələr zamanı təklif olunan dəyişiklikləri nəzərə alaraq layihəni dövlət başçısının imzası ilə təsdiq edir.
"Ümumxalq Məclisinin İctimai Palatası"nın üzvləri dövlət başçısının təqdimatı əsasında hakimiyyət başçılarına, Baş nazirə və onun Nazirlər Şurasına, "Qanunverici Palata"nın spikerinə və Ali Məhkəmənin Sədrinə etimadsızlıq məsələsinə baxa bilər. Onları istefaya göndərmək üçün səsvermədə iştirak edə bilər. Bu halda dövlət başçısının təqdimat məktubu "Rəyasət Heyəti" tərəfindən "İctimai Palata"ya tədqim olunur. Palata müzakirə edir və səsverməyə qoyur. İclasa "Rəyasət Heyəti"nin Sədr müavini -Krallığın Konstitusiya Məhkəməsinin sədri rəhbərlik edir. Onun təklifi ilə səsvermə keçirilir. Səsvermənin nəticəsində çoxluğun səsi ilə yekunda Hakimiyyət rəhbərləri tutduqları vəzifələrdən dərhal azad olunurlar. Vəzifədən azad olunma qərarına Kral (yaxud da kraliça) imza atır. Hakimiyyət rəhbərlərinə verilmiş "Etimad Fərmanı" öz qüvvəsini dayandırır.
"Ümumxalq Məclisi"nin "İctimai Palatası"nın üzvləri Məclsin çağrıldığı müddətdə toxunulmazlıq hüququna malikdirlər. Məclisin Rəyasət Heyətinin üzvləri "Ümumxalq Məclsi"nın çağrıldığı müddətdə toxunulmazdır. "Qanunverici Palata"nın üzvləri də səlahiyyətləri müddətində toxunulmazdırlar. "İctimai Palata" ildə cəmi dörd dəfə, hər fəsildə bir dəfə olmaqla, on iş günü müddətində çağrılır. "İctimai Palata" da icra və məhkəmə hakimiyyəti iştirak edir. Onlardan da üzvlər göndərilir. Palata üzvlərinə ayrıca olaraq əmək haqqı ödənilmir. Əmək haqları əsas iş yerləri üzrə ödənilir. Lakin hər dəfə təmsilçilik funksiyasını yerinə yetirdiklərinə görə əmək haqlarına əlavə ödənişlər edilə bilər. "Ümumxalq Məclisi" dövlət vəsaiti hesabına toplanır. "İctimai Palata"nın üzvləri əsas iş yerlərindən ezam olunurlar. Ezamiyyət xərclərini də dövlət ödəyir.
Qeyd: "Ümumxalq Məclisi"ndə, onun "İctimai Palatası"nda Kralın (yaxud da Kraliçanın) vaxtından əvvəl istefası məsələsi müzakirə oluna və səsvermə keçirilə bilər. Belə olarsa, əvvəlcə Konstitusiya Məhkəməsinin Sədri-Rəyasət Heyətinin Sədr müavini Qanunverici Palatanın Spikeri və Baş Nazir və Ali Məhkəmənin sədri konsensus ilə (birgə razılıqla) qərar qəbul edirlər, təşəbbüs irəli sürürlər. Əgər qərar qəbul edə bilirlərsə, onda yekdil sənəd müzakirə və qəbul üçün əvvəlcə "Qanunverici Palata"ya yönləndirilir. Sənəd bu Palatada qəbul edilərsə, "İctimai Palata"ya təqdim edilir. Yekunda "İctimai Palata" səs çoxluğu ilə bu barədə qərar qəbul edir. Dövlət başçısına etimadsızlıq qərarı verilir. Qərarı "Ümumxalq Məclisi" adından onun "Rəyasət Heyəti" (Konstitusiya Məhkəməsinin Sədrinin imzası ilə) çıxardır. Dövlət başçısı vaxtından əvvəl Taxt-tacdan uzaqlaşdırılır. Onun yerinə irsi, sülalə, ailə varisi əyləşdirilir. Qeyd: "İctimai Palata" dövlət başçısına etimadsızlıq və səalhiyyətinə vaxtından əvvəl xitam verilməsi məsələsinə o zaman baxır ki, artıq "Qanunverici Palata" müvafiq qərar qəbul etmiş olsun. Belə olan halda "Ümumxalq Məclsinin Rəyasət Heyəti " Konstitusiya Məhkəməsi Sədrinin tələbi və çağırışı ilə Fövqəladə Ümumxalq Məclisi çağrılır. Məclis tam tərkibdə toplanır, səlahiyyətli olur. Hər iki Palata iclasda iştirak edir. "Qanunverici Palata" passiv iştirak edir, sadəcə dinləyici, müşahidəçi funksiyasını yerinə yetirir. İclasa Konstitusiya Məhkəməsinin Sədri rəhbərlik edir. Məsələ səsverməyə qoyulur.
"İctimai Palata"nın vəzifə və səlahiyyətləri
Əvvəlcə nəzərə almaq lazımdır ki, "İctimai Palata"nın müzakirəsinə və səsverməsinə tədqim olunan bütün məsələləri "Ümumxalq Məclisinin Rəyasət Heyəti" verir. Ona görə də təşkilatçı tərəf kimi çıxış edir. Nəticələr barədə də bir qayda olaraq "Rəyasət Heyəti" qərar qəbul edir.
-"Qanunverici Palata" tərəfindən hazırlanmış və qəbul edilmiş ümumi milli, qlobal layihələrin müzakirəsində iştirak etmək və səs vermək; o cümlədən,
-doktrinaların, strateji fəaliyyət planlarının, inkişaf konsepsiyalarının layihələrinin müzakirəsində və səsvermədə iştirak etmək;
-referenduma çıxarılacaq (sərhədlərin dəyişdirilməsi, konstitusiya dəyişikliyi və referendumla həll olunan digər məsələlər) məsələlərlə bağlı qərar layihələrinin müzakirəsində iştirak etmək və səsvermək;
-müharibə şəraiti və ölkə müdafiəsi ilə bağlı qərar layihələrinin qəbulunda iştirak etmək; o cümlədən fövqəladə vəziyyətlərin tətbiqi ilə bağlı qəbul edilmiş qərar layihələrinin müzakirəsində iştirak etmək və səs vermək;
-müharibələrin bitməsi və yekunu olaraq beynəlxalq sülh müqavilələri ilə bağlı qəbul olunmuş sənəd layihələrinin müzakirəsində iştirak etmək və səs vermək;
-dövlət atributları və dövlət rəmzləri ilə bağlı qəbul olunmuş layihələrin müzakirəsində və səsvermədə iştirak etmək;
-amnistiya haqqında qəbul edilmiş qərar layihələrinin müzakirəsində və səsvermədə iştirak etmək;
-ümumi və geniş say tərkibli əfvlə bağlı məsələlərin müzakirəsində və səsvermədə iştirak etmək;
-Krala (yaxud Kraliçaya) etimad göstərilməsi məsələsinin müzakirəsində və səsvermədə iştirak;
-Krala (yaxud da Kraliçaya) etimadsızlıq göstərilməsi məsələsinin müzakirəsində iştirak etmək və səs vermək;
-Ali dövlət mükafatlarının, orden və medallarının verilməsi təşəbbüsü ilə çıxış etmək;
-beynəlxalq humanitar yardımların göstərilməsi məsələsində təşəbbüslə çıxış etmək;
-Konstitusiya dəyişikliyi və əlavələrlə bağlı təşəbbüslə çıxış etmək;
-Kraldan (yaxud Kraliçadan) daxil olan məktubların, sənədlərin müzakirəsində və səsvermədə iştirak etmək;
-yeni pul əskinaslarının buraxılması ilə bağlı müzakirələrdə və səsvermədə iştirak etmək
-irsi yolla Taxt-taca əyləşdirilmiş yeni Kralın ( yaxud da Kraliçanın) dövlət başçısı kimi təsdiqində iştirak etmək. Qeyd: Yeni Kral, yaxud Kraliça Taxt-taca təsdiq olunarkən "Rəyasət Heyəti"nin Sədri vəzifəsini Krallığın Kostitusiya Məhkəməsinin sədri həyata keçirir (icra edir). Kral "Ümumxalq Məclsi"ndə dövlət başçısı postuna təsdiq olunduqdan sonra ona dövlət başçısı vəsiqəsini Konstitusiya Məhkəməsinn Sədri təqdim edir. Vəsiqəyə imzanı da "Ümumxalq Məclisi"nin Sədr əvəzi kimi Konstitusiya Məhkəməsinin sədri atır. Onun imzası ilə hüquqi prosedur təsdiqini tapır. Bununla da Krala, yaxud da Kraliçaya dövlət başçısı statusu verilir və O, həm də "Ümumxalq Məclisi Rəyasət Heyəti"nin sədri elan olunur. Məhz Parlamentli monarxiyanın ilkin şərti də bu şəkildə tətbiq edilir. Krala (yaxud da Kraliçaya) Taxt-tacda əyləşmək üçün Konstitusiya Məhkəməsinin Sədriniin imzası ilə "Ümumxalq Məclisi" xalq adından onun dövlət başçısı statusunu müəyyən edən "Dövlət Fərmanı" təqdim edir. "Dövlət Fərmanı"nda Kralın təvəllüdü, adı, soyadı, atasının adı, sülalə (nəsil adı), vəzifəsi və vəzifəsinin müddəti qeyd edilir. İmza və möhürlə ("Rəyasət Heyəti"nin - Kral Sarayının möhürü) təsdiqlənir. "Dövlət Fərmanı" üzərində Krallığın adı, ölkənin gerbi, Taxt-tacın şəkili öz əksini tapır.
-irsi yolla Taxt-taca əyləşdirilmiş yeni Kralın (Kraliçanın) and içməsi mərasimində iştirak;
-dövlət başçısının təqdimatı ilə hakimiyyət rəhbərlərinin istefaya göndərilməsi məsələsinin müzakirəsində iştirak etmək və səs vermək;
-"Qanunverici Palata"ya etimadsızlıqla bağlı Kral (yaxud da Kraliça) tərəfindən irəli sürülən və "Ümumxalq Məclsi"nə göndərilən məktubun müazkirəsində iştirak etmək və səs vermək;
-"Qanunverici Palata"nın hüquq və səlahiyyətləri ilə ziddiyyət təşkil etməyən digər qlobal və dövlət və xalq üçün ümumi əhəmiyyət kəsb edən məsələlərin müəyyən olunmasında və həllində iştirak etmək.
Qeyd: belə qəbul etmək olar ki, "İctimai Palata"nın "Qanunverici Palata"ya təqdim etmək üçün qanunvericilik təşəbbüsü hüququ olmur. Bu hüquq "Ümumxalq Məclisinin Rəyasət Heyəti"nə məxsus olur. Yəni, dövlət başçısı qanunvericilik təşəbbüsü hüququ ilə çıxış edə bilir. Təbii ki, qanun layihələri "Qanunverici Palata"ya təqdim edilir.
Qeyd: "Qanunverici Palata" tərəfindən qəbul edilən və sözügedən Palata tərəfindən hər iki palatanın birgə müzakirəsinə çıxarılan layihələr ümumi səsvermədə qəbul edildikdən sonra Rəyasət Heyəti tərəfindən avtomatik olaraq imzalanır və təsdiqlənir. Burada dövlət başçısının imzası həm də Rəyasət Heyətinin imzası hesab olunur. Rəyasət Heyətinin özü də hər iki Palata tərəfindən birgə müzakirə olunan və səsverməyə çıxarılan bütün layihələrin müzakirəsində passiv tərəf kimi, yəni fikir və mövqe bildirməyən tərəf olaraq, iştirak edir. Lakin təsdiqedici tərəf olduğuna görə səsvermədə iştirak etmir.
Aktiv müharibə şəraitində, eləcə də ciddi fövqəladə vəziyyətlərində, həmçinin cidd karantin rejimlərində "Ümumxalq Məclisi"nin "İctimai Palatası"nın çağrılması məsələsi təxirə salına bilər.
Dövlət başçısının tələbi və istəyi ilə "Ümumxalq Məclisi"nin hər iki Palatadan ibarət tam iclası növbədən kənar çağrıla bilər.
Ardı var..
Elşən Misir oğlu Nəsibov
Siyasətşünas-alim. Yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü