Avropa İttifaqı və Rusiya danışıqları müsbət nəticə verə bilər- ÖZƏL

"Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara başladıqlarını qeyd edib. ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır. ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub. Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində D. Tramp - V. Putin sövdələşməsi baş tutmadı". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Ukrayna hazırda hərbi baxımdan mövqeyini kifayət qədər möhkəmləndirir. ABŞ-ı danışıqlar prosesindən kənarlaşdırmaq üçün yeni mexanizmlər üzərində işlənilir. Demək olar ki, bu müharibədə əsas söz sahibi təkcə ABŞ deyil, məhz Böyük Britaniya və Avropa İttifaqıdır.
V. Putin proseslərə məntiqli və praqmatik yanaşarsa, Avropa İttifaqı ilə danışıqlar masasına oturmalıdır. Çünki Avropa bu müharibəyə öz təhlükəsizliyi və gələcəyi prizmasından yanaşır. Təbii ki, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri iki il əvvəlki dövrlə müqayisədə daha da güclənib və Rusiyaya təzyiq etmək imkanlarına malikdirlər. Hazırda Kiyev əsasən Vaşinqtonla deyil, Brüssel və Londonla məsləhətləşmələr aparır.
Rusiya və Avropa İttifaqı arasında danışıqlar baş tutarsa, münaqişənin həllində yeni müsbət imkanlar yarana bilər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31