Rəqəmsal müavinlər harada qaldı?- ÖZƏL
14:53 SosialTapşırığın icra müddətinin başa çatmasına 1 ay qalıb.
"Təxminən 3 ay əvvəl Prezident yanında ölkənin rəqəmsal gələcəyini müəyyən edən müşavirə keçirildi və bu istiqamətdə ciddi tapşırıqlar verildi. Rəqəmsal inkişafla bağlı qəbul edilən Fəaliyyət Planında nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavinlərin müəyyənləşdirilməsi də nəzərdə tutuldu. Fəaliyyət Palnında bu tapşırığın icrası üçün son müddət 2026-ci ilin iyun ayı nəzərdə tutulub.Yəni, 1 ay qalıb tapşırığın icra müddətinin bitməsinə. Amma xeyli müddət keçməsinə baxmayaraq, hələlik bu sahədə ciddi irəliləyiş görünmür". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib: "Düşünürəm ki, adında "rəqəmsal", "süni intellekt" sözü olan proseslərdə gecikmək, hətta ləngimək belə yolverilməzdir. Çünki burada söhbət formal vəzifədən yox, yeni idarəetmə modelindən, real transformasiya proseslərini sürətləndirəcək konkret cavabdehlikdən gedir. Hər keçən ay, hər keçən gün bu gecikmə bizim rəqəmsal inkişaf tempimizə və dolayısı ilə rəqabətədavamlılığımıza mənfi təsir edir.
Maraqlı məqam odur ki , bu sahədə artıq az sayda olsa da yetişmiş və formalaşmış kadrlarımız var. Bir sıra nazirliklərdə, agentliklərdə və özəl sektorda çalışan mütəxəssislər var ki, onlar dərhal rəqəmsal müavin kimi fəaliyyətə başlayaraq ciddi fayda verə bilərlər.Yəni bu şəxslər yalnız texniki-texnoloji bilik və bacarıqlara sahib deyillər, onlar həm də menecerlərdir, böyük rəqəmsal layihələr icra ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, bir neçə dövlət qurumunda illərdir bu istiqamətdə çalışan, real nəticələri olan layihələr icra etmiş, sistemi dərindən bilən hazır və peşəkar kadrlar mövcuddur. Ən azı tez bir zamanda bu şəxslərin təyinatı qısa müddətdə real nəticələr verə bilər. Ona görə də bu məsələdə ləngimək doğru olmazdı.
Qonşu regiona, ölkələrə baxdıqda isə mənzərə daha da aydın görünür. Qonşu ölkələr rəqəmsal iqtisadiyyat, startap ekosistemi və xüsusilə süni intellekt sahəsində çox sürətlə irəliləyirlər. Onlar da artıq bu sahələr üzrə konkret cavabdeh strukturlar və şəxslər formalaşdırıb, müasir çağırışlara uyğun idarəetmə modelləri qurublar. Konkret cavabdehlər məlumdur. Bu yanaşmaların nəticəsi olaraq, həmin ölkələrdə qısa müddətdə süni intellekt sahəsində milyard dollarlıq startapların yaranması müşahidə olunur.
Bu baxımdan düşünürəm ki, hər ötən gün Prezidentin irəli sürdüyü yeni idarəetmə modelinin tətbiqinin gecikdirilməsi artıq strateji riskə çevrilir. Proseslər sürətləndirilməlidir.Xüsusilə də Prezidnetin Fərmanı əsasında yeni yaradılmış Rəqəmsal İnkişaf Şurası ilə bu rəqəmsal müavinlərin koordinasiyalı fəaliyyəti qurularsa, bu model qısa zamanda çox ciddi nəticələr verə bilər.Şuranın Katibliyi funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-nin bu istiqamətdə səylərini daha da gücləndirməsi vacibdir. RİNN-dən bu sahədə gözləntilər böyükdür".