Zəngəzur dəhlizi “reallıqdan uzaq” iddiaları: Rusiyanın narahatlıq riyakarlığı- ÖZƏL

Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Sergey Mardan Zəngəzur dəhlizi layihəsinin guya "reallıqdan uzaq" olduğunu iddia edərək Cənubi Qafqazda manipulyativ açıqlamalarla çıxış edib. Mardan bölgədə Avropa İttifaqının təsir imkanlarının məhdud, ABŞ-nin isə coğrafi baxımdan uzaq olduğunu əsas gətirib. O, Ermənistanın təhlükəsizliyinin xarici güclərdən deyil, regionda real təsirə malik olan "regional dövlət" (dolayı yolla Rusiya nəzərdə tutulur) tərəfindən təmin edilməli olduğunu vurğulayıb.
Rusiya rəsmilərinin Zəngəzur dəhlizini "reallıqdan uzaq" adlandırmasının əsl səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" Rusiyalı politoloq Sergey Mardanın və eləcə də digər Kremlyönlü ekspertlərin Zəngəzur dəhlizini "reallıqdan uzaq" adlandırması sırf manipulyativ xarakter daşıyır və Moskvanın regionda itirilmiş hegemonluğunu gizlətmək cəhdi kimi qiymətləndirilməlidir. Bu açıqlamaların arxasında Rusiyanın dərin geosiyasi narahatlığı durur və bu narahatlıq təkcə regional təsir mexanizmlərinin itirilməsi ilə deyil, eyni zamanda Azərbaycanın 44 günlük müharibədən sonra formalaşdırdığı yeni reallığın qəbul edilməməsi ilə də bağlıdır. Mardan kimi Kremlyönlü şərhçilər Avropanın təsir imkanlarının məhdud, ABŞ-nin coğrafi cəhətdən uzaq olduğunu vurğulayır, ancaq unutduqları məqam budur ki, Azərbaycan artıq qüdrətli regional oyunçuya çevrilib və özünün suverenliyini və məqsədlərini xarici qüvvələrin diktəsi olmadan müdafiə edə bilir. Rusiya ekspertlərinin dəhlizi "reallıqdan uzaq" adlandırması əslində özlərinin reallıqdan uzaq qaldığını sübut edir, çünki Türkiyə, Azərbaycan və ABŞ-ın iştirakı ilə artıq konkret infrastruktur layihələri həyata keçirilir, Donald Trampın vasitəçiliyi ilə imzalanmış tarixi razılaşmalar dəhlizin açılmasını qaçılmaz edir. Kremlə yaxın ekspertlər Ermənistanın təhlükəsizliyinin xarici güclərdən deyil, "regional dövlət" tərəfindən təmin edilməli olduğunu iddia edir, lakin bu yanaşma neokolonial düşüncənin bariz nümunəsidir və müstəqil dövlətlərin suverenliyini məhdudlaşdırmaq cəhdi kimi dəyərləndirilməlidir.
Azərbaycan 2020-ci ildə torpaqlarını qətiyyətlə və qanuniləşdirilmiş yolla azad etməklə Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoyub və bu reallıq artıq heç bir qüvvə tərəfindən dəyişdirilə bilməz. Moskvanın mövqeyini müdafiə edən Mardan və onun kimi şərhçilər Zəngəzur dəhlizinin açılmasına qarşı maneə yaratmağa çalışsalar da, bu cəhdlər Azərbaycanın qətiyyətli duruşu qarşısında uğursuzluğa məhkumdur. Rusiya rəsmilərinin və analitiklərinin tədricən artan nəzarət itirmə qorxusu onları müxtəlif "ritorikalar" ortaya atmağa məcbur edir - bəzən dəhlizin "aktuallığını itirdiyi", bəzən isə "Ermənistan və Azərbaycanın suveren işi" olduğu ilə bağlı zidd "bəyanatlar" verilir. Bu ziddiyyətli ritorika Kremlin strategiyasının zəifliyini və regionda inam yaratmaqdan uzaq olduğunu göstərir. Sülh, qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya prinsipləri əsasında qurulan Zəngəzur dəhlizi Çin, Avropa, Asiya və Türkiyə arasında əsas logistika qovşağına çevriləcək, təkcə Azərbaycan və Naxçıvanın deyil, bütün regionun inkişafına töhfə verəcəkdir. Rusiyalı ekspertlərin bu layihəni "reallıqdan uzaq" adlandırması faktiki olaraq Moskvadan keçməyən hər hansı beynəlxalq nəqliyyat layihəsini qəbul etməməyin açıq etirafıdır. Azərbaycan tarixən ənənəvi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini uğurla reallaşdırdığı üçün Zəngəzur dəhlizinin də tamamlanması yalnız zaman məsələsidir və bu, Moskvanın manipulyativ açıqlamalarından asılı olmayaraq gerçəkləşəcəkdir. Mardan kimi propaqandistlər Cənubi Qafqazda yalnız Rusiyanın "real təsirə malik" olduğunu iddia etsələr də, son beş ilin hadisələri Azərbaycanın gücünün və diplomatiyasının əsl təsir mexanizmi olduğunu sübut edib və bu reallıq Kremlin istək və arzularından tamamilə müstəqildir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31