Milli Şura yol ayrıcında - SIYASI ANALIZ
Qurum ya buraxılacaq, ya da ənənəvi müxalifətin tam nəzarətinə keçəcək
19 Noyabr 2013 15:36 SiyasətMüsavat Partiyasının rəhbərliyi Milli Şuraya qarşı qara piar kampaniyasını davam etdirir. Rauf Arifoğlunun "Milli Şura rus projesidir" iddiasının ardınca İsa Qəmbər İctimai Palatanın rəhbərliyini topladı. Bu, o demək idi ki, Müsavat üçün daha önəmli qurum İP-dir, Milli Şura deyil. Bunun ardınca Müsavat Məclisinin sədri Arzu Səmədbəyli Milli Şuranın qurucusu, lideri və ilk prezidentliyə namizədi Rüstəm İbrahimbəyovu istefa verməyə səslədi. Bütün bunlar AXCP düşərgəsindən səslənmiş "Milli Şurada həmsədrlik institutu olsun" ideyasından sonra başlanıb. Aşkar görünür ki, Müsavat AXCP-nin Milli Şuranın möhkəmləndirmək taktikasına qarşıdır. Müsavat başqanının müavini Arif Hacılı mətbuata açıqlamasında bir daha Müsavatın Milli Şuraya hazırkı münasibəti məsələsinə aydınlıq gətirib. Hacılı bildirib ki, Milli Şura yaradılarkən onun tərkibinin təqribən 65 nəfərdən ibarət olması, qurumun əsasının Müsavat Partiyası, AXCP, EL hərəkatı və Ziyalılar Forumu nümayəndələrindən təşkil edilməsi təklif edilmişdi. Müsavat funksioneri iddia edir ki, eyni zamanda tərkibi Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli olmaqla həmsədrlər institutunun yaradılması təklif olunmuşdu. Hacılı burada ifrata varır. Çünki Milli Şura yaranarkən radikal ictimai təzyiq elə güclü idi ki, Müsavat Şurada söz sahibi deyildi. Hətta elitasınının əksəriyyəti əleyhinə olsa da, İsa Qəmbər Şuraya girmək zorunda qalmışdı. Arif Hacılının özü də tərəddüd edir, Şuraya üzv olmaq istəmirdi. Şura yaranan gün məlum oldu ki, Hacılı quruma üzv olub. Hacılı bir nüansı düz deyir ki, İbrahimbəyov həmsədrlik institutunun yaradılmasını istəmir, özü sədr qalmaqda israrlıdır. Əslində, bu mövqe İbrahimbəyovun özünün deyil. AXCP, El hərəkatı da onun kimi düşünür. AXCP ən yaxşı halda Cəmil Həsənlinin həmsədr olmasını istəyir. Ancaq buna da Müsavat etiraz edir. Müsavat funksionerləri təklif edir ki, həmsədrlik institutu olsa belə, sədrlərdən biri siyasətçi olsun. Bu isə o deməkdir ki, bir müddət sonra Müsavat və ya AXCP sədri Milli Şuranın həmsədri olacaq. İbrahimbəyov haqlı olaraq bildirib ki, bu cür olsa, bu, Milli Şuranın məhvi deməkdir. Doğrudan da, İsa Qəmbər və ya Əli Kərimli həmsədr olacaqdısa, elə İctimai Palatada olaydılar. Partiya sədrinin Şuraya rəhbərlik etməsi Şuranı İP-in səviyyəsinə salacaq. Milli Şura daha geniş koalisiyadır və ənənəvi müxalifət bu qurumun yaşamasını istəyirsə, güzəştə getməlidir. Yox, güzəştə getmirsə, deməli, ənənəvi müxalifətin Milli Şuranın yaşamasında marağı yoxdur. Ənənəvi müxalifət deyəndə bu məqamda Müsavat nəzərdə tutulmalıdır. Müsavat Şuradan çıxmaq, İctimai Palatanı gücləndirmək niyyətindədir. AXCP Milli Şuranı buraxmaq niyyətində deyil. Amma bir iş var ki, AXCP Müsavatdan ayrılmaq fikrində də deyil. Hər halda nə El hərəkatı, nə Ziyalılar Forumu Müsavat gücdə deyil. Müxalifətin tədbirləri zal toplantılarından ibarət deyil, kütləvi aksiyalar da var və mitinqlərin keçirilməsi üçün elektorat lazımdı. Bu baxımdan AXCP Müsavatla əməkdaşlığa daha çox maraq göstərir. Ona görə də Milli Şuranın aqibəti daha çox Müsavatla AXCP-nin razılığından asılı olacaq.
Ərhun Abbas