AMİP-ə borclu olanlar çoxdur
19 Noyabr 2013 15:26 SiyasətSon günlər müxalifət düşərgəsinə daxil olan bəzi partiyalar pul davasına başlayıb. Eks-spikerin əksər siyasilərin ona borclu olması barədə açıqlamasından sonra Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu reallıqda Rəsul Quliyevin sözügedən partiyalara 8 min dollar borclu olduğunu söyləyib. Heç şübhəsiz ki, dünənə qədər bir-birinə yaxın, müttəfiq olan partiyalar arasında xırda maliyyə məsələsinin gündəmə gəlməsi cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanıb. Məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a verdiyi açıqlamada ayrı-ayrı siyasilərin və partiyaların cılızlığa getmələrini mənfi qiymətləndirib. AMİP rəsmisi deyib ki, partiya liderlərinin bu cür xırdaçılıq etmələrini təəssüflə qarşılayır. Təmsil etdiyi partiyanın kiməsə borclu olmasına gəlincə, Əli Oruclu milli istiqlalçıların heç kimə borclu olmadığını söyləyib: "AMİP-in heç kəsə borcu yoxdur. Əksinə, AMİP-ə borclu olanlar çoxdur. AMİP cağdaş Azərbaycan fikir, ideya və məfkurə tarixində bir ilk, siyası akademiyadır".