Mikayıl Cabbarov: "Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı təhsil, elm və mədəniyyət sahəsində mənfi nəticələrə səbəb olub"
8 Noyabr 2013 18:24 SiyasətAzərbaycanın təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərinə işçi səfər edib. Səfər çərçivəsində bu gün M.Cabbarov Azərbaycan Respublikası adından çıxış edib. Təhsil naziri çıxışında Azərbaycanla YUNESKO arasında inkişaf etməkdə olan əlaqələr, mövcud əməkdaşlığın gələcək inkişaf perspektivləri və bu ilin 18 iyul tarixində Azərbaycanla YUNESKO arasında imzalanmış "Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nin ikitərəfli münasibətlərimizin genişlənməsinə böyük töhfə verdiyini qeyd edib.
Nazir Azərbaycan - YUNESKO əməkdaşlığının hazırkı inkişaf mərhələsinə çatmaqda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu vurğulayıb.
Təhsil naziri M.Cabbarov Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının təhsil, elm və mədəniyyət sahəsində mənfi nəticələrə səbəb olduğunu və bu işğalın YUNESKO-nun tərəfdar çıxdığı prinsip və dəyərlərə zidd olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində M.Cabbarov Türkiyənin milli təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə ikitərəfli işgüzar görüşlər keçirib.
Qeyd edək ki, YUNESKO Baş Konfransının 37-ci sessiyasında sözügedən təşkilatın Təhsil Komitəsində məruzəçi vəzifəsi Azərbaycana həvalə olunub.trend.az