Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəa mövcuddur

Prezident: "Həmin müddəa çıxarılan kimi formal olaraq sülh sazişi də imzalanacaqdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib. Dövlət başçısı müsahibədə bir sıra regional və beynəlxalq məsələlərə, xüsusən, ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma, Azərbaycanın Cənubi Qafqazdakı rolu, eləcə də Azərbaycan-ABŞ münasibətlərinə aydınlıq gətirib. Dövlət başçısının səsləndirdiyi fikirlər yerli və beynəlxalq ictimaiyyətin marağına səbəb olub. Sözügedən müsahibə barədə fikirlərini açıqlayan Milli Məclisin sədr müavini Musa Qasımlı qeyd edib ki, Ermənistanla sülh prosesini, ona mümkün ola biləcək təhdidləri və nəticələrini cənab Prezidentimiz İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində çox aydın izah etdi: "Birincisi, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd münaqişənin, qarşıdurmanın sonudur. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaqdır. Sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğuna dair Azərbaycanın baxışına əsaslanır. İkincisi, formal olaraq sülh sazişinin imzalanmamasının xüsusi səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcud olmasıdır. Həmin müddəa çıxarılan kimi formal olaraq sülh sazişi də imzalanacaqdır. Yəni hər şey Ermənistandan asılıdır. Üçüncüsü, paraflanan sənəd Cənubi Qafqaz, daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. İmkanları əldən qaçıran hökuməti müvafiq ölkənin xalqı, şahidlik edən dövlət və sənədi bəyənən dövlətlər, beynəlxalq ictimaiyyət heç bir zaman bağışlamaz. Dördüncüsü, sülh prosesinə müdaxilə ehtimalı qalsa da, gələn ilin yayında keçiriləcək parlament seçkilərinin necə nəticələnəcəyinə baxmayaraq, sənədi kimin imzalamasından asılı olmayaraq, ona cəhd edənlər bilməlidirlər ki,  sənədlər ABŞ dövlətinin şahidliyi ilə Ermənistanın adından iki dövlət -Azərbaycan və Ermənistan arasında imzalanıb. Əgər sülh prosesində hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Sənəd beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığından da razılaşmanın pozulması bütün dünyaya qarşı çıxmaq olar. Belə vəziyyətin Ermənistan üçün nə demək olduğu aydındır.
   Nəhayət, imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanət olduğundan ondan imtina etmək çoxlu çətinliklər yaradar və erməni xalqını fəlakətə gətirər. Sülh, mehriban qonşuluq və rifah içində yaşamaq istəyən ermənilər belə bir hökuməti heç vaxt bağışlamazlar. Başqa cür hərəkət etmək fikrinə düşənlər qüvvələr nisbətinin hər baxımdan tamamilə Azərbaycanın xeyrinə olduğunu unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha şübhə altına qoysa, adekvat cavab veriləcəkdir. Bunun da nəticəsini indidən görmək olar. Sülh, əmin-amanlıq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıqdan həmişə bütün xalqlar və dövlətlər fayda görüblər".

Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, bir ölkənin Prezidentinin eyni intervüdə iki aralarında böyük gərginlik olan dövlətin başçılarına açıq rəğbətini bildirməsi həddən artıq az rast gəlinən haldır: "Söhbət  cənab İlham Əliyevin ABŞ və İran prezidentləri haqda "Əl-Ərəbiyyə" kanalındakı açıqlamasından gedir. Özü də onların hər ikisinə də yanaşmada sərgilənən simpatiya dəstək xarakterlidir. Çünki Donald Tramp da, Məsud Pezeşkian da doğru bildikləri siyasəti yeridərkən böyük dirənişlə üzləşirlər. Onlara dirəniş göstərənlər bizim regionda gedən proseslərə də həmişə ədalətsiz və haymərkəzli mövqe bildiriblər ki, cənab Prezident Trampla Pezeşkianı dəstəkləyərkən şübhəsiz bu reallığı da nəzərə alır.  Dirənişçi adlandırdıqlarımız ABŞ-də "dərin dövlət" deyilən sistem təmsilçiləri, İranda isə bizi Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəkləri ilə hədələyən Vilayəti kimi ünsürlərin bağlı olduğu çevrədir. 
ABŞ-dəki o sistemə qulluq edən struktur və institutlar- "qurbağalarla dolu bataqlıq"dakılar Azərbaycanla Ermənistan arasında sülhdə yox, konfliktin qalmasında və idarə edilməsində maraqlı olublar ki, bu baxımdan da vilayətilərdən çox da fərqlənmilər. Cənab Trampla Pezeşkian isə sülh gündəliyi ilə çıxş edir,  Azərbaycanın yaratdığı geosiyasi reallıqla razılaşır və bizimlə  hərtərəfli əməkdaşlığa can atırlar.  ABŞ Prezidentinin bu yöndə səyləri artıq öz müsbət nəticəsini də göstərməkdədir. 
Amma dövlət başçımızın hər iki liderə simpatiyasında onların kimlikləri və şəxsi keyfiyyətləri də az rol oynamır.  Cənab İlham Əliyevin Tramp haqqında bu dediklərinə diqqət edin: "Həm də vurğulamaq istədiyim bir şey də var ki, xüsusilə də mənə təsir edən sui-qəsd cəhdi zamanı onun özünü necə aparması idi. Bunu oynamaq mümkün deyil. Heç bir nitq yazan, heç bir siyasi məsləhətçi bunu edə bilməz ki, adam belə reaksiya versin. O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır". Məsud Pezeşkiana gəldikdə, öz təbirincə desək, bu istedadlı adama cənab Prezidentin rəğbətinin kökündə əsas bax, açıqladığı bu fakt durur: " O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq". İnşallah, bu eyniliklər artar".

Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malik olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub: "Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib".

"Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir. Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb.  2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir.  
Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional "orta güc" dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhvə verə bilir. Bu Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geo-siyasi mövqeyini daha da gücləndirir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31