ABŞ–Fransa münasibətlərində yeni gərginlik: Ukrayna və Fələstin məsələsi ön planda – ÖZƏL

"Fransa ilə Amerikanın münasibətlərinin bugünkü səviyyəsini anlamaq üçün bir qədər geriyə baxmaq lazımdır. Çünki uzun müddətdir ki, Fransanın Avropa Birliyindəki hegemon rolu bu münasibətlərə təsir göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Avropa Birliyində, xüsusilə də Makron və Tramp arasında əvvəllər bir sıra problemlər yaşanmışdı. Bu problemlərin əsasında Trampın verdiyi bəyanatlar dayanırdı: o, "Avropa Birliyini biz qorumayacağıq, Avropa ölkələri öz təhlükəsizlikləri üçün bizə pul ödəməlidir" demişdi. Bu yanaşma Fransayla Amerikanın fikir ayrılıqlarına səbəb olmuşdu. Bayden dövründə də oxşar vəziyyət davam etdi. Fransanın və ümumən Avropa Birliyinin hər bir ölkəsi ABŞ-dən təhlükəsizlik zəmanəti almaq istəyirdi. Amma ABŞ, hətta Bayden hakimiyyəti dövründə belə, bu məsələlərdə geri çəkilmişdi. Bu da göstərir ki, Avropa Birliyi ilə ABŞ arasında uzunmüddətli fikir ayrılıqları mövcuddur və proses Avropanın ABŞ-dən qismən uzaqlaşması ilə müşayiət olunurdu. Lakin Trampın yenidən hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Onun atdığı addımlar Avropa Birliyini yenidən ABŞ-dən daha çox asılı vəziyyətə salmağa başladı. Bunun ilk nümunəsi tariflərlə bağlı idi. 

R. Məmmədova qeyd edib ki, digər tərəfdən, Rusiya məsələsində də Avropa ABŞ-dən  dəstək istədi. Ukrayna müharibəsi başlayanda isə məsələ bir daha aktuallaşdı. Amma ABŞ Avropaya tam dəstək vermədi, əksinə, dəstəyin müqabilində pul tələb etdi. Bununla yanaşı, ABŞ Avropanı maliyyə, siyasi və iqtisadi baxımdan yalnız buraxaraq "Ukraynaya kömək edin, amma bunu bizdən silah alaraq edin" mesajını verdi. Bu isə təbii olaraq Avropa ilə ABŞ arasında gərginliklərə yol açdı. Son dövrdə Fələstin məsələsi də bu gərginliyi artırdı. Fransa Prezidenti Makron sentyabr ayında Fələstini tanıyacaqlarını bəyan etdi. Bunun ardınca Fransadakı yəhudi icması etiraz aksiyaları keçirdi. Bu prosesdə Fransada müəyyən təzyiqlər yarandı. ABŞ-nin Fransadakı səfiri Kuşner isə səfir kimi deyil, daha çox yəhudi kimliyini önə çəkərək, Fransa hökumətini antisemitizmdə günahlandırdı. O, hətta məktubla Vaşinqtona müraciət edərək, Fransanı Avropada antisemitizmə yol açmaqda ittiham etdi. Nəticədə Fransa XİN-ə ABŞ səfiri çağırıldı və narazılıqlar bildirildi.

Siyasi şərhçinin sözlərinə görə, məsələ hələ də açıq qalır. Çünki ABŞ-nin yəhudilərə verdiyi güclü dəstək, Trampın seçilməsində yəhudi lobbilərinin həm maliyyə, həm də mənəvi təsiri göz önünə alınmalıdır. Bu səbəbdən ABŞ-nin Fələstin məsələsində mövqeyi İsrailin maraqları ilə sıx bağlıdır. Eyni zamanda, Ukrayna müharibəsi də tərəflər arasında gərginlik mənbəyidir. ABŞ və Avropa arasında bu məsələdə də bir sıra fikir ayrılıqları yaşanır. Çünki Putinin masaya oturmamasının səbəbi torpaq məsələsidir - Ukraynanın ərazi güzəşti etməyə hazır olmaması prosesin uzanmasına gətirib çıxarır.

"Hazırkı vəziyyətdə Fransa və ABŞ arasında yalnız Fələstin məsələsi deyil, həm də Ukrayna müharibəsi və ümumən təhlükəsizlik siyasəti ilə bağlı ciddi gərginliklər mövcuddur. Rusiya məsələsi hələ uzun müddət gündəmdə qalacaq və ABŞ-Avropa münasibətlərində yeni mübahisə səbəbi olacaq," - deyə R. Məmmədova əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31