Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan birlik
11:20 Siyasət"Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı prioritet istiqamətlərdəndir. Tarixi Zəfərimizdən sonra bu münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. Qarşılıqlı səfərlərin dinamikliyi əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına geniş imkanlar yaranır. Yeni əməkdaşlıq formatları yaradılır. Türk dünyasının birliyi istiqamətində Azərbaycanın atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev türk dünyasını böyük bir ailə kimi kimi dəyərləndirir.
Təbii ki, bu ailənin möhkəmliyi hər bir üzvün fəaliyyətindən, fədakarlığından asılıdır. Prezident İlham Əliyev daim bu çağırışı da edir ki, biz bir-birimizin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməliyik. Siyasi, iqtisadi, ticarət, mədəniyyət, nəqliyyat, enerji, kənd təsərrüfatı və turizm, o cümlədən rəqəmsal transformasiya ilə yanaşı, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı intensivləşdirməliyik".
Olaylar xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, ölkəmizin son zamanlar əlaqələrinin sürətlə inkişaf etdiyi Mərkəzi Asiya ölkələrindən biri Türkmənistandır: "Bu ölkə ilə əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, ölkəmizin Orta Dəhlizdə rolunu daha da gücləndirir. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də bu ölkədə işgüzar səfərdə oldu. Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşlərində bir daha qeyd edildi ki, ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Cənab İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, tez-tez görüşməyimiz bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi, liderlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirildi. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin mətbuata birgə bəyanatında yüksəksəviyyəli görüşün mahiyyəti, qarşıdakı dövr üçün perspektivi açıqlandı".
Malik Həsənov vurğulayıb ki, yüksəksəviyyəli görüşdə üç ölkənin əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensialın olduğu önə çəkildi və hazırkı dövrün əsas çağırışı olaraq yeni körpülərin qurulmasının vacibliyi əsaslı şəkildə diqqətə çatdırıldı: "Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Səfər çərçivəsində keçirilən görüşlərdə Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri müzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq. Qeyd edək ki, səfər çərçivəsində "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu" da imzalandı".
Millət vəkili "Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol"a diqqəti yönəldərək bildirib ki, bu gün dünya hər addımda türk dünyasının birliyinin şahidinə çevrilir: "Arxadağla Füzuli şəhərlərinin qardaşlaşmasını əslində, qardaşlığımızın rəmzi kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Onu da qeyd edək ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürülüb. Həmin təklifdən cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, qardaşlığımızın təcəssümüdür. Bu sırada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndi şəhərində yaradılan tikiş fabrikini, həmçinin Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin tikilib istifadəyə verilməsini qeyd etməliyik. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Bunlar bir daha təsdiqləyir ki, bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür".
Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan əlaqələrimiz Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətlərinin yeni üfüqlərini müəyyənləşdirir və əməkdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.