Bakı küləklər yoxsa, toz şəhəridir?- ÖZƏL

"Bakıda son günlər havanın keyfiyyəti ilə bağlı ciddi narahatlıq yaranıb. Paytaxt sakinləri tənəffüs çətinliyi, göz və boğazda qıcıqlanma, gündəlik həyat keyfiyyətinə təsir edən problemlərdən şikayətlənirlər. Bu, sadəcə müvəqqəti narahatlıq deyil, uzunmüddətli sağlamlıq riskləri yaradan ciddi problemdir". Olaylar xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib:
"Bakı küləklər şəhəri kimi tanınsa da, bu küləklər çox vaxt təmiz havanı yox, əksinə, çirkliliyi paytaxta daşıyır. Şəhərin kənarındakı daş və qum karxanalarında yaranan toz güclü küləklərin təsiri ilə havaya qalxaraq mərkəzə qədər yayılır. Ən çox Abşeron yarımadasında geniş fəaliyyət göstərən daş karxanalarının təsiri hiss olunur. Daşların qırılması, qumun daşınması, üstüörtüksüz yüklərin şəhər istiqamətində daşınması zamanı yaranan toz kütlələri küləklə birlikdə yaşayış massivlərinə, məktəblərə, park və küçələrə qədər yayılır.
Məsələni ağırlaşdıran digər amil isə Abşeronun yarımsəhra iqlimidir. Quraqlıq, az yağıntı, yüksək buxarlanma nəticəsində torpaqların qumlaşması və şoranlaşması geniş vüsət alıb. Yaşıl örtüyün azalması ilə çoxlu ərazilər yarımsəhra və qumlu sahələrə çevrilib. Güclü küləklər həm bu qumlu torpaqları, həm də karxanaların tozunu havaya qaldıraraq şəhərə daşıyır. Nəticədə Bakı sakinləri hər gün gözə görünməz, amma sağlamlığa son dərəcə təhlükəli "toz yükü" ilə nəfəs almağa məcbur qalırlar.
Bu tozların tərkibində müxtəlif mineral qarışıqlar, tikinti tullantılarından qalmış mikrozərrəciklər, hətta insan orqanizmi üçün zərərli elementlər mövcuddur. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün risk daha da yüksəkdir.
Problem artıq təkcə ekoloji yox, həm də sosial xarakter daşıyır. Karxanaların çoxu nəzarətsiz fəaliyyət göstərir, tələb olunan texnoloji tədbirlər tozun qarşısını alan sistemlər, yolların isladılması, materialların üstüörtüklü daşınması çox vaxt yalnız kağız üzərində qalır.
Bakı bu gün seçim qarşısındadır: küləklər şəhəri olaraq qalmaq, yoxsa toz şəhərinə çevrilmək. Paytaxtın nəfəsini qorumaq üçün ciddi tədbirlər görülməli, şəhər ətrafında yaşıllaşdırma və qumlu sahələrin bərpası qaçılmazdır. Əks halda, hər gün aldığımız nəfəs gözlə görünməyən, amma ölümcül təhlükə daşımağa davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31