Dəhlizdə ABŞ, İranla sərhəddə isə ruslar?- ÖZƏL
10:05 Siyasət"Rusiya o halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olub ki, dəhlizə məhz özü nəzarət etsin. Dəhlizə nəzarətlə Rusiya nəinki Ermənistanda mövcudluğunu qoruyur, eyni zamanda həm Azərbaycana və həm də Ermənistana daimi təsir, nəticə də isə Cənubi Qafqazda hakimliyini təmin etmiş olurdu. Ancaq, Paşinyan hakimiyəti və erməni cəmiyyəti Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilməsinə qarşı oldu. Rusiya da Zəngəzur dəhlizinin, onun nəzdindən kənar açılmasını qəbul etmədi". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Rusiya və İranın bu məsələdə sövdələşməsi özünü açıq büruzə verirdi. İranın Zəngəzur dəhlizi ilə bağlı "qırmızı xətt" bəyanatları, hətta birgə hərbi təlimləri Zəngəzur dəhlizinin açılmasını 10 noyabr üçtərəfli Moskva bəyannaməsindən kənar razılaşmalardan çəkindirmək məqsədi daşıyırdı. Söz yox ki, əgər Rusiya Zəngəzur dəhlizinə nəzarəti əla ala bilsəydi, İranın "qırmızı xətti" də yoxa çıxacaqdı baxmayaraq ki, Zəngəzur dəhlizi həm iqtisadi və dövlət maraqları baxımından İranın indiki rejimi üçün uyğun gəlmir.
Belə bir çətin geosiyasi vəziyyətdə Azərbaycanın məsələyə üçüncü tərəfi cəlb etməsi, şahmat taxtasında "at gedişi"nə bənzər çox uğurlu oldu. ABŞ-ın Zəngəzur dəhlizinə (Tramp yolu) cəlb edilməsi ilə, İran və Rusiyanı ABŞ - la üz-üzə gətirdi.
ABŞ prezidenti Trampın Ukraynada Rusiyanın müharibəsinə son vermək istəyi ilə bağlı Rusiyanın dalana dirənməsi, Rusiyanın Zəngəzur dəhlizinə münasibətini dəyişuşməyə məcbur edib. Belorus prezident Lukaşenkonun Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyini tənqid etməsi və dəhlizin açılmasını dəstəkləməsi heç şübhəsiz ki, Rusiyanın və Putinin mövqeyinin səsləndirilməsidir. İrandan Laricaninin Zəngəzur dəhlizinin "təhlükəli olmaya bilər" açıqlaması da İranın geri addımıdır. Bir məsələni də vurğulamaq lazımdır. İran sərhədlərinin təhlükəsizliyi deyəndə, Ermənistan tərəfindən sərhəddə rusların durması nəzərdə tutulur. ABŞ şirkətlərinin Zəngəzur dəhlizinə nəzarəti ilə bərabər, rus sərhədçilərinin İranla sərhəddə durması da mümkün görünür.
Artıq, hiss olunur ki, Zəngəzurla beynəlxalq yüklərin daşınması, yeni iqtisadi imkanların açılması ilə lahiyələrə start verilib. Türkmənistan milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, ardınca Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri, eləcə də Azərbaycan - Türkmənistan - Özbəkistan arasında danışıqlar, Azərbaycandan gəmi alışına dair razılaşmalar Xəzər dənizi üzərindən, yəni, Orta dəhlizlə yüklərin daşınması, enerji daşıyıcıların tranziti məsələləri həll edilir. Zəngəzur dəhlizi artıq regional lahiyə deyil, beynəlxalq statusunu ortaya çıxarır. Türkiyə də Zəngəzur dəhlizin fəaliyyətini təmin etmək məqsədi ilə götürdüyü 2.4 milyard kredit dəyərində lahiyəyə start verib. Yeri gəlmişkən, məhz cənab Ərdoğan ilk olaraq, dəhlizə nəzarətin ABŞ-a verilməsini təklif edib.
Rusiyanın Azərbaycana, ümumiyətlə postsovet məkanına iddiasından imtinasına heç inam yoxdur. Keçən ay Putin postsovet ölkələrinə müdaxiləni mümkün edən fərman imzaladı. Bu fərmana görə, hər hansı ölkədə rus dilinə qarşı "təhdid və ya diskriminasiya halları" baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq. Hərçənd ki, Rusiya onsuz da rusdilli əhalinin müdafiəsi adı altında hələ 1992-ci ildən başlayaraq Moldivaya, Gürcüstana, Ukraynaya hərbi müdaxilə edib. Azərbaycanda da həmin o rusdilli məktəblər rus dilini öyrətmir, rus düşüncəli, mahiyyətcə ruslaşmış azərbaycanlıllar (rusdillilər) yetişdirir. Yəni, Rusiya şovinist və imperialist düşüncəsini dəyişmir əksinə, işğalçılıq, imperialist müdaxilə qanuniləşdirilir".