Zirvələrdə dalğalan, Şanlı Bayrağım!!!
Bir kərə yüksələn bayraq bir daha enməz!!!
9 Noyabr 2013 08:00 SiyasətŞərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin bu sözləri hər bir azərbaycanlının zehninə əbədilik həkk olunub. Bunu 70 illik sovet əsarəti də əzmkar xalqın zehnindən və qəlbindən silə bilmədi. Hər dəfə bu sözü eşitdikdə, sanki insanların daxilində bir şövq yaradır. Bu cümlə bizim xalqın bütövlüyünün rəmzi və kamilliyinə imkan yaradan bir vasitədir. Rəsulzadə çox ümidlə və inamla bu sözü işlədəndə inanırdı ki, bayrağımızın üzərində olan üç rəng dövlətin və xalqın əzmkarlığının bariz nümunəsi olacaq.
Bayrağımızın üzərində əks olunan rənglərin hər biri xüsusi bir məna daşıyır.
Üçrəngli bayrağımızın birinci rəngi mavi rəng türkçülüyü özündə təcəssüm etdirir : "Bayrağımızdakı mavi rəng qədim zamanlardan türk xalqlarının əbədi Səma Tanrısına sitayişlə və Göy Tanrısına etiqatla bağlı olub. Türk xalqları Səmanın rəngini simvol kimi istifadə ediblər. Azərbaycan xalqı da türk dünyasının bir parçası olduğundan mavi rəng bir çox dövlətlərimizdə bayrağın əsas rənglərindən biri olub. Məhz bütün bunları nəzərə alan Azərbaycan hökuməti 1918-ci ildə bayrağımızın ilk rəngini mavi seçib".
Azadlıq anlayışını bildirən bayrağımızdakı ikinci rəng qırmızının isə
orta əsrlərdə Azərbaycanda qalxmış Xürrəmilər hərəkatı ilə bağlı olduğu ehtimal edilir. Belə ki Babək ərəb işğalçılarına qarşı mübarizədə dünya tarixində ilk dəfə azadlığının rəmzi kimi qırmızı bayraq qaldırıb və qırmızı paltar geyinib. Fəxredicidir ki, dünya tarixində bu rəngin azadlıq simvolu kimi qəbul edilməsində Azərbaycanın rolu böyükdür. Sonralar müxtəlif vaxtlarda qırmızı bayraqdan azadlıq rəmzi kimi istifadə ediblər : məsələn, Çində monqol işğalçılarına qarşı mübarizədə, XIX əsrdə Fransada fəhlə hərəkatında, Rusiyada sosialist inqilabında, Türkiyədə milli-azadlıq hərəkatında və s. Qırmızı rəngin əsas mənalarından biri də demokratiya və müasirlikdir.
İslam mənasını verən bayrağımızdakı üçüncü rəng yaşıl isə Azərbaycanın VII əsrdən müsəlman ölkəsi olması və Azərbaycanın tarixi dövlətlərində islamın mühüm yer tutması, vahid islam bloku çərçivəsində "qara donlu kafirlərə" qarşı mübarizə aparması və bu dinin xalqımızın mənəviyyatına daha yaxın olması ilə bağlı olub.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi Azərbaycan Respublikasının Dövlət Bayrağıdır. Aypara şəkli və səkkizgüşəli ulduz islam dinindən irəli gələn rəmzlərdir. Bayrağımız xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının təcəssümü, ərazilərimizin bölünməzliyinin simvoludur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının müasir üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycanın üçrəngli bayrağı Vətənini sevən hər bir insan üçün şərəf və ləyaqət simvoludur. Çox da uzaq keçmişə qayıtmayaraq xatırladım ki, Azərbaycan zabiti Ramil Səfərovun 2004-cü ildə Macarıstanda erməni zabitini qətlə yetirməsinin əsas səbəbi də erməninin bayrağımıza qarşı etdiyi nalayiq hərəkətlər idi. Ramil Səfərovun daxilində olan Vətən sevgisi, bayraq sevgisi onun üçün azadlıqdan da dəyərli oldu. Erməni zabitinin bayrağımıza qarşı etdiyi təhqiramiz hərəkətlər Azərbaycan övladının boğazından keçmədi və zabit Səfərov bu hərəkətini erməniyə bağışlamadı. Macarıstan məhkəməsinin qərarı ilə Səfərov ömürlük həbslə cəzalandırıldı və bundan sonrakı həyatının qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirəcəyini bildikdən sonra törətdiyi əməldən peşmançılıq duymadı. 8 illik həbs həyatı sürdü qəhrəman zabitimiz. Budur Vətənə, bayrağa olan sevgi... Ramil Səfərov canından belə daha çox dəyər verdi bayrağına...
Ürəyi Vətən sevgisi ilə çırpınan dahi şairimiz Əhməd Cavad öz şeirində bayrağımızı bu cür vəsf edib:
Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Milli şərəf və ləyaqət simvolu olan üçrəngli bayrağımızın dünya tribunalarında dalğalansa da öz doğma Qarabağ səmasında dalğalana bilmir. Qarabağımızın başının üzərini kəsdirən "qara buludlar" bayrağımızın o torpağın səmasında dalğalanmasına imkan vermir. Üçrəngli şanlı bayrağımızın Qarabağımızın səmasında dalğalanacağı gün bayrağımız dünya tribunalarında daha qürurla dalğalanacaq.
Azərbaycan bayrağını Qarabağdan asacağız!!!
Sevda Qurbanqızı