Barak Obama: “İlham Əliyevlə sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm”
“Azərbaycanla ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq”
8 Noyabr 2013 11:41 SiyasətABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə qeyd olunur ki, ABŞ strateji tərəfdaşlıq üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyir. ABŞ prezidenti qeyd edib ki, iyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr verib. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq. ABŞ və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda BMT Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir: "Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk". Obama Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün də Azərbaycan prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib və qeyd edib ki, bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Azərbaycan prezdentinin və Prezident Sarqsyanın qərarını alqışlayır: "Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq". Barak Obamanın təbrik məktubu İlham Əliyevin yenidən prezident seçilməsinin Qərbdə Azərbaycandan və bölgədə sabitliyin, təhlükəsizliyin təminatı kimi qiymətləndirildiyini göstərir: "Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək".
ABŞ prezidentinin məktubunda açıq vurğulanır ki, ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında inkişaf edən əlaqələr regional sabitliyə mühüm töhfələr verib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyi tərəfindən etiraf edilən uğurlu sosial və iqtisadi tərəqqi dövrünü yaşamış, mühüm nailiyyətlər əldə edib. ABŞ Prezidenti həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirib.
Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirən Barak Obama Azərbaycanın müəllifi olduğu və regionun, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini ifadə edib. Prezident mühüm transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə etmiş və bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib. Ağ Ev sahibi əmindir ki, iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün demokratik proseslər daha da inkişaf etdiriləcək.
Ərhun Abbas