Azərbaycan – Dünya birliyində güvənli tərəfdaş

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 

İnteqrasiya siyasətinin fəlsəfəsi: milli kimlikdən qlobal məsuliyyətə

Azərbaycan Respublikasının çağdaş tarixi son otuz ilin qlobal dəyişiklikləri fonunda oxunmalıdır. Əgər 1990-cı illərin əvvəllərində dövlətçilik məsələsi daha çox var olmaq, varlığı qorumaq üzərində qurulmuşdusa, XXI yüzilin ikinci onilliyindən etibarən artıq məqsəd yalnız mövcudluq deyil, mövcudluğun dayanıqlı inkişafla təmin olunmasıdır. Araşdırmaçı-yazar Əkbər Qoşalı deyir ki, bu isə bir tərəfdən - milli dəyərlərə söykənərək, digər tərəfdən - dünya birliyi ilə inteqrasiya xəttini gücləndirməklə mümkün olur. Azərbaycanın yerləşdiyi coğrafiya - Güney Qafqaz, Xəzər hövzəsi, ümumən Avrasiya körpüsü - yalnız milli çıxarların deyil, qlobal çıxarların da kəsişmə (yeri gələndə, qovuşma) nöqtəsidir:

"Bu yerdə bir tarixi xatırlatma yerinə düşər: 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qlobal birliyə ilk inteqrasiya addımlarını ataraq, Paris Sülh Konfransına nümayəndə göndərmişdi. 1993-cü ildən etibarən isə balanslaşdırılmış xarici siyasət fəlsəfəsi dövlətin yeni strateji xəttinə çevrildi."

Bölgə ölkələri ilə işbirliyi - sınırları aşan birlik

"Azərbaycan qonşuları ilə münasibətlərdə həm tarixi çətinlikləri, həm də yeni imkanları yaşayıb. Son illər isə rəsmi Bakı bölgə ölkələri ilə işbirliyini qarşılıqlı çıxarlar və təhlükəsizlik mexanizmləri üzərində möhkəmləndirib.
-Türkiyə ilə qardaşlıq - "bir millət, iki dövlət" düsturu artıq "bir güc, iki mərkəz" anlayışına çevrilib. "Şuşa Bəyannaməsi" münasibətləri strateji müttəfiqlik zirvəsinə qaldırdı.
-Gürcüstanla işbirliyi - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihələri ilə başlayan xətt, bu gün Orta dəhliz və Qara dəniz kabeli ilə davam edir.
-Türküstan (Orta Asiya) ilə yaxınlaşma - Türk Dövlətləri Təşkilatında Azərbaycan lider mövqeyini gücləndirir. Zəngəzur dəhlizi isə Türk dünyasının strateji açarı kimi önə çıxır.
-İran və Rusiya ilə münasibətlər - mürəkkəb siyasi fon olsa da, keçid yolları və bölgəsəl təhlükəsizlik işbirliyini zəruri edir. Azərbaycanın balanslı mövqeyi, əlbəttə, diqqətəlayiqdir."

Azərbaycanın beynəlxalq qurumlarla qlobal işbirliyi

Əkbər Qoşalının  qənaətincə Azərbaycanın beynəlxalq qurumlarla münasibəti formal iştirakdan çox, fəal təşəbbüskarlıq üzərində qurulub:
"-Qoşulmama Hərəkatına sədrlik dönəmi Azərbaycanın diplomatik prestijini gücləndirdi. Pandemiya illərində peyvənd yardımları qlobal həmrəyliyin bir örnəyinə çevrildi.
-BMT platformasında - 44 günlük müharibədən sonra Azərbaycanın haqq səsinin qəbul etdirilməsi beynəlxalq hüququn qələbəsi oldu.
-Qarabağın mədəni irsinin bərpası Azərbaycanın insaniyyət yönlü siyasətinin yeni mərhələsidir.
-Enerji təhlükəsizliyi layihələri - Güney Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişdirdi, Azərbaycanın inteqrasiyasını iqtisadi anlam ilə möhkəmləndirdi."

Enerji və daşımaçılıq arteriyaları

Azərbaycanın dünya birliyinə inteqrasiyası yalnız diplomatiya ilə deyil, həm də enerji və daşımaçılıq arteriyaları ilə gerçəkləşir.
-Güney Qaz Dəhlizi ilə yanaşı, Azərbaycan yaşıl enerji ixracçısı roluna hazırlaşır. Qarabağ və Gündoğar Zəngəzurdakı Günəş stansiyaları bu gələcəyin təməlidir.
-Orta dəhliz - Azərbaycanın Avrasiya logistik xəritəsində "düyün nöqtəsi" olduğunu sübut edir. Bu yol Çini Avropaya, Türküstanı Aralıq dənizinə bağlayan strateji xəttdir.

Humanitar və mədəni siyasət

Azərbaycan beynəlxalq aləmdə təkcə enerji gücü ilə yox, həm də mədəniyyət gücü ilə tanınır.
-Bakı Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın sivilizasiyalararası körpü imicini formalaşdırdı.
-Qarabağın azad edilməsindən sonra mədəni irsin bərpası dünya ictimaiyyətinə Azərbaycan mədəniyyətinin gücünü göstərdi.
-İƏT çərçivəsində təşəbbüslər Türk-İslam aləminin həmrəyliyini daha da gücləndirdi.

Gələcəyə baxış - yeni üfüqlər

Əkbər  Qoşalının  fikrincə  Azərbaycanın dünya birliyinə inteqrasiyası həm də mədəni-fəlsəfi seçimdir. Burada bir neçə istiqamət önplana çıxır:
 1. Enerji və daşımaçılıq arteriyaları - Xəzərdən Avropaya uzanan qlobal marşrut;
 2. Texnologiya və yenilik - rəqəmsal iqtisadiyyat, süni intellekt, yaşıl enerji çağırışları;
 3. Türk dünyasında liderlik - Zəngəzur dəhlizi türk birliyinin strateji dayağı;
 4. Qarabağın yenidənqurulması - beynəlxalq işbirliyinin "sülh və inkişaf modeli".

Beləliklə,
Azərbaycan Respublikasının dünya birliyi ilə işbirliyi fəlsəfəsi sadəcə diplomatiya praktikası deyil, həm də bölgədə sabitlik, dünyada ədalət axtarışının modelidir.

Əgər bir vaxtlar məqsəd müstəqilliyi qorumağıydısa, bu gün məqsəd - müstəqilliyi inkişafla zənginləşdirmək və onu qlobal aləmdə dayanıqlı etməkdir.

Azərbaycan artıq yalnız "bölgəsəl oyunçu" deyil, yeri gələndə oyunqurma potensialını da uğurla sübut edib və bununla da, qlobal sürəclərin güvənli tərəfdaşı kimi ün qazanıb. Bəli, bizim sözümüz imzamız qədər keçərlidir. Ölkəmizin səsi - azərbaycançılıqdan, sözü - türk birliyindən, gücü isə Qarabağ Zəfərindən gəlir.

İBRAHİM  MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31