İran Azərbaycana düşmənçilik edir
Bu fitnəkar dövlət Qarabağ münaqişəsinin ədalətli həllini istəmir
7 Noyabr 2013 16:25 SiyasətNoyabrda İran dövlətinin təşəbbüsü ilə Təbrizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq Qarabağ konfransı təxirə salınıb. İran Xarici İşlər Nazirliyi bildirib ki, belə bir konfransın keçirilməsinin təşəbbüskarı bir qeyri-hökumət təşkilatı olub. Azərbaycan hökuməti bu məsələdən xəbərdar olduqdan sonra etirazını bildirib. Bununla da konfrans təxirə salınıb. İran tərəfi guya bununla jest edib, qonşu müsəlman dövləti olan Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini ortaya qoyub. Əslində isə İranın jestində səmimilik yoxdur. İslam respublikası adlanan dövlət əhalisinin böyük əksəriyyəti müsəlman (şiə-cəfəri) olan Azərbaycanın qanuni ərazisinin Ermənistan tərəfindən ilhaq edilməsinə nəinki göz yumub, hətta hərbi əməliyyatlar zamanı işğalçıya dəstək veriblər. Rusiyanın hərbi-siyasi, İranın mənəvi-siyasi, bəzi hallarda hərbi yardımı ilə işğalçı Ermənistan Azərbaycanın 20 faizinin zəbt edib. Xarabazar qoyub, məscidləri dağıdıb, müsəlman azərbaycanlıları qaçqına çevirib. İran dövləti sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə işğalçıya qarşı addım atmayıb, əksinə Ermənistanı iqtisadi iflasdan qurtarıb. İran dövlətinin rəsmiləri bunu beynəlxalq münasibətlərlə izah edirlər. Bəs İranın ruhaniləri, dini cameəsi? Cümə namazlarında İsraili, "böyük şeytan Amerika"nı lənətləyən, Fələstin qaçqınlarına ağlayan İran mollalarının yadına xaraba qoyulmuş müsəlman torpağı Qarabağ düşmür. Ərdəbilin imam-cüməsi Amuli ara-sıra Azərbaycan türkçəsində Qarabağdan danışır. Amma o da tarixi təhrif edir, yaxın keçmişdə baş verən hadisələri bilərəkdən başqa cür tədqim edir. Sanki Azərbaycan İsraillə diplomatik münasibətlər qurmasaydı, vəziyyət başqa cür olardı, İran Qarabağı alıb Azərbaycana verərdi. İslam təəssübkeşliyinə gələndə, Azərbaycanda o qədər də sıcaq qarşılanmayan Səudiyyə şeyxləri İran mollalarından daha təəssübkeşdir. Səudiyyə Ərəbistanı bu günə qədər işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayıb. İran isə daim Azərbaycanla Ermənistan arasında manevr edib, üzdə islam təəssübkeşi kimi davransa da, arxada işğalçıya dəstək verib. Birinci Qarabağ müharibəsində İran nə zaman diplomatik vasitəçilik edibsə, Azərbaycan strateji məntəqələrindən birini itirib. İran münaqişə boyu təkcə düşmən Ermənistana kömək etməyib. Həm də Azərbaycanı daxildən parçalamağa, dindar-dünyəvi qarşıdurmasını qızışdırmağa çalışıb. İran Azərbaycanın elmi müəssisələrinə, qeyri-hökumət təşkilatlarına nüfuz edərək bir sıra nəşrlərdə, elmi konfranslarda tariximizi təhrif etməyə cəhd edib. Təbrizdə keçirilməsi nəzərdə tutulan, lakin ertələnən beynəlxalq konfrans Azərbaycana qarşı fitnəkarlıqdan başqa bir şey deyil. İran konfransı bu gün təxirə salıb, amma istənilən vaxt yenə keçirə bilər. Qarabağ münaqişəsinin həllində İrandan ədalət ummağa dəyməz. Çünki bu dövlət islam pərdəsi altında qeyri-fars xalqlarını əritməklə, asimilə etməklə məşğuldur. İran adlanan dövlətdə yalnız fars dili rəsmidir, tədris oluna bilər. Halbuki ölkə əhalisinin mütləq əksəriyyəti türklərdi. Bu günki İranı türklər qurub, fars etnosunun buna gücü yetməzdi. Təbrizdə Qarabağ konfransının məqsədi şüurlarda Qarabağ da daxil, bütün "Azərbaycan İran torpağıdır" fikrini yaratmaqdır. Doğrudur, Şimali və Cənubi Azərbaycan, Farsistan, Loristan, Xuzistan bir zamanlar vahid dövlətdə idilər. 1501-ci ildə qurulan Qızılbaş dövləti bu əraziləri birləşdirdi. O zamandan 1925-ci ilə qədər hakimiyyətdə olan üç sülalə:Səfəvilər, Avşarlar və Qacarlar türk-azərbaycanlı idilər. Azərbaycan türklərinin İran üzərində haqqı daha çoxdur, nəinki farsların Azərbaycan torpaqları üzərində. İranın Qarabağ konfransı keçirməsi "Şimali İran" adlı qurulan sayt və təşkilatların məntiqi davamıdır. İran bununla Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, tarixinə hörmətsizlik edir. İranın hakim molla rejimi üçün Azərbaycanın varlığı təhlükədir. İran Azərbaycanın güclənməsini istəmədiyi üçün Qarabağ münaqişəsinin həllində ədalətli sülhə mane olur, fitnəkar mövqeyini davam etdirir. Bu üzdən bilmək lazımdır ki, İranın Qarabağ adı ilə keçirəcəyi konfransın Azərbaycana heç bir faydası ola bilməz.
Elman Cəfərli