Bakı “İbrahim sazişi”ndə: Simvolik jest, yoxsa strateji dönüş? – ÖZƏL

"Reuters"in məlumatına görə, Tramp administrasiyası Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrini "İbrahim sazişləri"nə cəlb etmək üçün Bakı ilə fəal müzakirələr aparır. Bu razılaşma İsraillə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. ABŞ, Azərbaycanın sazişə qoşulması üçün Ermənistanla sülh prosesini dəstəkləyir. Həmçinin İsrail və ABŞ rəsmiləri ilə yüksək səviyyəli təmaslar baş tutub. Bildirilir ki, ABŞ və İsrail bu yolla regionda təsirini artırmağa çalışır.

Bəs Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması regional balansı və İranla münasibətləri necə təsir edə bilər? Bakı bu sazişdən hansı real siyasi və iqtisadi dividendləri əldə edə bilər?

"Siz "Avraam razılaşmaları"nı bilirsiniz - bu, Trampın ilk prezidentlik dövründə reallaşdırdığı ən uğurlu layihələrdən biri sayılır. Tramp özü dəfələrlə bildirib ki, bu sazişi özünün ən böyük uğurlarından hesab edir. Söhbət İsraillə diplomatik əlaqələri olmayan ərəb dövlətləri ilə münasibətlərin normallaşdırılmasına xidmət edən İbrahim Sazişindən gedir. Tramp hakimiyyətdən getdikdən sonra bu proses faktiki olaraq dayandı. Lakin ikinci prezidentlik dövrünə başlamaq istəyən Tramp bu prosesi yenidən canlandırmağı planlaşdırır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın "İbrahim sazişi"nə qoşulması isə simvolik xarakter daşımır. Çünki Azərbaycan onsuz da İsraillə kifayət qədər dərin strateji, iqtisadi və siyasi əlaqələrə malikdir: "Əsasən İsraillə heç bir əlaqəsi olmayan müsəlman ölkələri bu təşəbbüsə qoşulurlar ki, diplomatik və digər sahələrdə münasibətlər bərpa olunsun. Azərbaycanın isə belə bir ehtiyacı yoxdur. Bu baxımdan mən hesab etmirəm ki, Azərbaycanın İbrahim Sazişinə qoşulması həyati və ya vacib əhəmiyyət daşıyır. Digər tərəfdən, belə bir addım atılarsa, bu, Azərbaycanın yaxın strateji tərəfdaşı və dostu olan Türkiyə tərəfindən birmənalı qarşılanmaya bilər. Məlumdur ki, Ərdoğan və Netanyahunun münasibətləri soyuqdur, Türkiyə-İsrail əlaqələri isə hər zaman gərgin olub".

Ş. Ağayev qeyd edib ki, ABŞ-nin bu sazişə qoşulması üçün Azərbaycanı və Mərkəzi Asiya ölkələrini təşviq etməsinin məqsədi, şübhəsiz ki, İsrail vasitəsilə regionda öz təsir imkanlarını artırmaqdır. Vaşinqton bu sazişlə regionda daha geniş və davamlı təsir rıçaqları formalaşdırmağa çalışır. Orta Asiya dövlətlərinin bu təşəbbüsə münasibəti isə hələ tam aydın deyil. Lakin Azərbaycan indiki ABŞ administrasiyası dövründə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Vaşinqtonla daha yaxın münasibətlər qurmaq istəyir. Bunun üçün isə mütləq şəkildə İbrahim Sazişinə qoşulmağa ehtiyac yoxdur.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişininə gəldikdə, Azərbaycan bu sənədin imzalanmasında maraqlıdır. Əsas məsələ Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməsidir. Sülh sazişi artıq əsas prinsiplər üzrə razılaşdırılıb və bu, son olaraq Əbu-Dabidə iki ölkə rəhbərlərinin görüşündə də təsdiqləndi. Azərbaycan ikitərəfli danışıqları önəmli hesab edir. Ermənistan da öz növbəsində Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasına dair maddəni ləğv etməlidir. Həmçinin ATƏT-in Minsk Qrupunun ləğvini rəsmən qəbul etməlidir. Əgər bu addımlar atılarsa, Azərbaycan sülh sazişini imzalamağa hazırdır.

"Bir çox dövlət bu sazişin imzalanmasını dəstəklədiyini bəyan edir, bəziləri sözlə, bəziləri isə real addımlarla. Amma əsas məsələ ondan ibarətdir ki, Ermənistan səmimi şəkildə üzərinə düşən öhdəlikləri yerinə yetirsin ki, sülh müqaviləsi reallaşsın və bölgədə iqtisadi sabitlik yaransın. ABŞ bu müqaviləni dəstəkləyə bilər, amma əsas çağırış Ermənistana edilməlidir" - deyə Ş. Ağayev əlavə edib

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31