“Ukraynaya hərbi yardım davam etməlidir, amma...”
14:32 DünyaÇexiya prezidenti Petr Pavel hesab edir ki, Rusiyanın Ukraynanın bəzi ərazilərini işğal etməsi bu ölkənin suveren dövlət kimi yaşaması üçün veriləsi bir bədəl ola bilər.
Olaylar.az xəbər verir ki, o, bu barədə BBC-yə verdiyi müsahibəsində danışıb.
"Hazırda Ukrayna bütün Qərb dəstəyinə baxmayaraq, qısa müddət ərzində işğal olunmuş əraziləri böyük insan itkisi olmadan azad etməyə qadir deyil. Biz istəyirik ki, o, müstəqil və suveren bir dövlət kimi yaşasın", - deyə prezident Pavel bildirib.
Onun fikrincə, Qərbin Ukraynaya təzyiq göstərməsi və bütün işğal olunmuş ərazilərin dərhal azad edilməsini tələb etməsi ədalətsiz olar.
Petr Pavel qeyd edib ki, Qərbin məqsədi Ukrayna millətinin məhvini yox, onun müstəqil və suveren dövlət olaraq mövcudluğunu təmin etməkdir.
"Əgər onun yaşaması üçün veriləcək bədəl bu ərazilərin bir müddət işğal altında qalmasıdırsa, qoy belə olsun", - deyə o əlavə edib.
Petr Pavel Qərbin həmin əraziləri heç vaxt hüquqi baxımdan Rusiya torpaqları kimi tanımayacağını da vurğulayıb.
Çexiya prezidenti hesab edir ki, Ukraynaya hərbi yardım davam etməlidir. Lakin o, müharibənin yalnız döyüş meydanında qalib gəlinə biləcək bir məsələ olmadığını düşünür. Petr Pavelin sözlərinə görə, Moskvanı danışıqlar masasına oturtmaq üçün daha təsirli vasitə ABŞ və Avropa İttifaqının tətbiq etdiyi iqtisadi təzyiqlərdir.