Kreml Qərbi təhdidlərdə İTTİHAM ETDİ – Peskovdan SƏRT AÇIQLAMA
14:11 DünyaRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Kremlin mövqeyini əks etdirən bir sıra mühüm açıqlamalarla çıxış edib.
Olaylar.az xəbər verir ki, o, xüsusilə Qərb ölkələrinin və onların institutlarının Rusiya ilə əməkdaşlıq edən dövlətlərə qarşı artan təzyiqlərini pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
Dmitri Peskov bildirib ki, hazırda səsləndirilən bəzi beynəlxalq bəyanatlar, əslində, suveren ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etməyə yönəlmiş qeyri-qanuni və təhdid xarakterli addımlardır:
"Biz görürük ki, bəzi ölkələr və beynəlxalq strukturlar Rusiya ilə ticarət edən partnyorları hədəfə alır. Bu, sadəcə çağırış yox, açıq təzyiqdir. Bu cür yanaşmalar beynəlxalq ticarətin prinsiplərinə ziddir və heç bir hüquqi əsasla izah oluna bilməz", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov, xüsusilə, Hindistanın Rusiya neftini alması ətrafında Qərbdə səslənən tənqidlərə də toxunub və bu məsələdə Rusiyanın mövqeyini sərt şəkildə müdafiə edib:
"Hindistan suveren dövlətdir və onun kimdən nə alacağına qərar vermək hüququ tam şəkildə özünə məxsusdur. Rusiya ilə enerji əməkdaşlığı Hindistanın maraqlarına cavab verir və buna kənardan müdaxilə yolverilməzdir", - deyə o qeyd edib.
Peskovun bu açıqlaması, ABŞ Prezidenti Donald Trampın son günlər Hindistanı Rusiya neftini alıb üçüncü ölkələrə satdığına görə tənqid etməsindən sonra verilib. Tramp həmin bəyanatında bu səbəblə Hindistandan ABŞ-a idxal rüsumlarının artırılacağını demişdi. Peskovun cavabı isə bu ritorikaya birbaşa cavab kimi şərh olunur.
Kremlin mətbuat katibi əlavə edib ki, Qərb bu cür siyasətlə yalnız öz iqtisadi maraqlarını qorumağa və alternativ enerji bazarlarını təzyiqlə formalaşdırmağa çalışır:
"Bu, real iqtisadi rəqabət deyil, siyasi alətə çevrilmiş təzyiqdir. Rusiya öz tərəfdaşlarını seçməkdə sərbəstdir və qarşılıqlı hörmət prinsipi ilə əməkdaşlıq etməyə davam edəcək".
Bununla yanaşı, Peskov Putinin cari həftənin çərşənbə axşamı günü VEB.RF Dövlət İnkişaf Korporasiyasının rəhbəri İqor Şuvalovu qəbul edəcəyini də elan edib. Görüş zamanı ölkənin iqtisadi inkişaf strategiyaları, maliyyə alətləri və dövlət investisiya təşəbbüsləri barədə Prezidentə hesabat veriləcək. (Musavat.com)