“EAGLE PARTNER-2025” təlimləri: real təhlükə, yoxsa texniki əməkdaşlıq?” — Ekspert ŞƏRHİ – ÖZƏL

"Bu, ilk dəfə deyil ki, Ermənistanla ABŞ arasında bu qəbildən olan birgə hərbi təlimlər keçirilir. Keçən il də Ermənistan mediasında bu barədə məlumat yayılmışdı və həm yerli media, həm də ekspertlər bu məsələ ilə bağlı geniş şərhlər vermişdilər. Lakin əvvəlki dövrlərlə indiki dövr arasında siyasi kontekst baxımından ciddi fərq var".

Bu fikirləri hərbi ekspert Heydər Mirzə Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, əvvəllər belə təlimlər keçiriləndə sülh sazişinin imzalanması istiqamətində irəliləyişlər bu qədər konkret və yaxından hiss olunmurdu. Ermənistan tərəfi daha çox vaxt udmağa və sülh sazişinin öz maraqlarına uyğun şəkildə formalaşmasına çalışırdı. Hazırda isə siyasi kontekst dəyişib. İlk növbədə, ABŞ-də administrasiya dəyişib. Keçmişdə, Demokratlar administrasiyası dövründə ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmaları bəzən Azərbaycan tərəfini qane etmirdi. Həmin dövrdə ABŞ-Ermənistan arasında, kiçik miqyaslı da olsa, hərbi təlimlərin keçirilməsi təbii olaraq Bakının reaksiyasına səbəb olurdu. Hazırda isə mən nə Azərbaycan mediasında, nə də ekspert və rəsmilərdən sərt reaksiya müşahidə edirəm.

Ekspert qeyd edib ki, bu gün hər iki tərəf - Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına çox yaxındır: "Prezident İlham Əliyev də bunu son çıxışlarında dəfələrlə vurğulayıb. Eyni zamanda, son zamanlar Prezident Əliyev və Baş nazir Paşinyan arasında keçirilən görüşlərdə bu atmosfer hiss olunur. Mən düşünürəm ki, hal-hazırda bu təlimlər qısamüddətli dövrdə Azərbaycan üçün birbaşa təhlükə yaratmır. Əksinə, hazırkı şəraitdə Ermənistanın Qərb ölkələri, o cümlədən ABŞ ilə əməkdaşlıq qurması, müəyyən mənada Azərbaycanın da maraqlarına zidd deyil. Lakin qeyd etmək lazımdır ki, hələ sülh sazişi imzalanmayıb və Ermənistan rəsmi olaraq Azərbaycan tərəfindən düşmən ölkə kimi qəbul olunur. Buna görə də, hətta sülh sazişi imzalandıqdan sonra belə, Ermənistanın hərbi sahədə əməkdaşlıqları, aldığı silah sistemləri və ordu quruculuğu ilə bağlı məsələlər Azərbaycan tərəfindən uzun müddət diqqətlə izlənilməlidir".

H. Mirzə əlavə edib ki, "EAGLE PARTNER-2025" təlimləri ilk dəfə keçirilmir. Bu təlimlər ABŞ ordusunun müxtəlif tərəfdaş ölkələrlə keçirdiyi standart təlimlərdir. Mən düşünmürəm ki, bu təlimlər Azərbaycan üçün konkret təhlükə yaratsın. Çünki Azərbaycan da bu cür təlimləri öz tərəfdaşları ilə - istər ikitərəfli, istərsə də daha geniş formatda tez-tez keçirir. Məsələn, "Anadolu Qartalı" təlimlərini götürək. Bu təlimlərdə təkcə Azərbaycan və Türkiyə deyil, eyni zamanda NATO-nun aparıcı ölkələri də iştirak edir. Azərbaycan ordusu bu cür beynəlxalq təlimlərdə iştirak etməklə kifayət qədər bilik və təcrübə qazanır və bunu Ermənistan ordusundan daha əvvəldən və daha çox edir.

Ekspertin sözlərinə görə, ABŞ bu təlimləri həyata keçirərkən ölkələrin coğrafi vəziyyəti, hərbi strukturu və qarşısında duran riskləri nəzərə alaraq müəyyən ixtisaslaşma aparır. Məsələn, Azərbaycanla keçirilən təlimlərdə neft-qaz infrastrukturu, boru kəmərlərinin müdafiəsi və strateji obyektlərin təhlükəsizliyi kimi məsələlər xüsusi yer tutur. Bu baxımdan təlimlərin mahiyyəti bir qədər fərqlənə bilər, amma ümumi şəkildə bu cür təlimlər oxşar xarakter daşıyır. Nəticə olaraq, qısamüddətli perspektivdə Ermənistanla ABŞ arasında keçirilən "EAGLE PARTNER-2025" tipli təlimlərin Azərbaycan üçün birbaşa təhlükə yaratmadığını düşünürəm.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31