Rusiya–Hindistan münasibətləri ilə bağlı VACİB DETAL
14:51 DünyaABŞ prezidenti Donald Trampın Hindistanın Rusiya ilə ticarət əlaqələrinə görə hind mallarına qarşı artırılmış gömrük rüsumları tətbiq edəcəyiylə bağlı təhdidləri Rusiyayla Hindistan arasındakı münasibətlərin soyumasına səbəb olmayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Times Now" telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, Hindistanın milli təhlükəsizlik üzrə baş müşaviri Acit Doval bu həftə Moskvanı ziyarət edəcək.
Səfərin məqsədi Vaşinqtonun artan təzyiqləri fonunda Rusiya ilə ikitərəfli əlaqələri möhkəmləndirməkdir.
Dovalın səfərindən sonra Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar da avqust ayının sonunda Moskvaya səfər edəcək.
Dovalın səfəri Hindistanın qlobal enerji təchizatında baş verən dəyişikliklər və strateji yenidənqurmalar fonunda yaranmış mürəkkəb iqtisadi şəraitdə necə hərəkət etməyi planlaşdırdığını aydınlaşdırmaq məqsədi daşıyır.
Bu yüksək səviyyəli görüşlər Trampın ötən həftə Hindistanı və Rusiyanı "ölü iqtisadiyyatlar" adlandırması, hind mallarına qarşı 25 faiz həcmində rüsum tətbiq ediləcəyini açıqlamasından, həmçinin Rusiya ilə strateji ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı sanksiya hədələri səsləndirməsindən sonra baş tutur.
Buna baxmayaraq, Hindistan hakimiyyəti Rusiya neftinin idxalını azaltmaq niyyətində olmadığını nümayiş etdirir.
"The Times of India" qəzetinə danışan yüksək vəzifəli hökumət rəsmisi bildirib:
"Biz hind istehlakçılarının maraqları naminə hərəkət edəcəyik və iqtisadi baxımdan ən sərfəli variantı seçəcəyik. Əgər Rusiya nefti digər mənbələrlə müqayisədə daha sərfəli olmağa davam edərsə, vətəndaşlarımızı cəzalandırmaq üçün heç bir səbəb yoxdur".