Aşotyan: ABŞ vasitəçiliyi ilə əldə olunacaq saziş Ermənistan üçün təhlükəli ola bilər – ÖZƏL
14:17 DünyaErmənistan Respublikasının Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə mümkün olan razılaşma Ermənistanın təhlükəsizliyi baxımından problem yarada bilər.
Olaylar.az xəbər verir ki, o, bu fikri avqustun 5-də jurnalistlərlə görüşündə səsləndirib.
Aşotyan qeyd edib ki, uzun müddətdir Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlarda vasitəçilərə ehtiyac duymadıqlarını vurğulasa da, bu yanaşmanın yalan olduğunu düşünür. O, xatırladıb ki, 2020-ci ilin 26 oktyabrında - 44 günlük müharibə zamanı - atəşkəsə dair üçüncü cəhd ABŞ-nin, yəni Tramp administrasiyasının vasitəçiliyi ilə baş tutsa da, bu razılaşma cəmi bir neçə saat davam etmişdi. "Reallıqdan uzaq sənədlər yer üzərindəki problemləri həll etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir," - deyə Aşotyan vurğulayıb.
Sədr müavini əlavə edib ki, Donald Trampın bu cür təşəbbüslərlə Nobel Sülh Mükafatına iddialarını gücləndirməyə çalışması açıq-aşkar görünür. "Tramp üslubunda Ermənistan-Azərbaycan münaqişəsinin həlli onun Nobel arzularına yeni bonus gətirə bilər," - deyə o bildirib.
Xatırladaq ki, jurnalist Aleks Raufoglu avqustun 4-də məlumat verib ki, ABŞ, Ermənistan və Azərbaycan liderlərinin bu həftə sonu Vaşinqtonda görüşü gözlənilir və görüşdən sonra birgə bəyanat verilə bilər. Ermənistan hökuməti bu məlumatı nə təkzib, nə də təsdiq edib.