BQXK : “Nüvə silahından istifadə riski realdır” - ÖZƏL

Nüvə silahının qəsdən və ya təsadüfən tətbiqi riski bu gün olduqca real görünür. Olaylar.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Yapon Qırmızı Xaç Cəmiyyətinin prezidentləri Miryana Spolyariç və Atsuşi Seykenin Hiroşima və Naqasakidəki faciələrin 80 illiyi ərəfəsində yaydığı birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, bu gün dünyada 80 il əvvəllə müqayisədə daha çox və daha təhlükəli nüvə silahı mövcuddur. "Nüvə silahından qəsdən və ya təsadüfən istifadə riski olduqca  realdır", - deyə vurğulanıb.
Müəlliflər 80 il əvvəl Hiroşima və Naqasakinin bir neçə saniyə ərzində külə döndüyünü, on minlərlə insanın dərhal həyatını itirdiyini xatırladıblar. Hazırda belə sağ qalanların bəziləri Yapon Qırmızı Xaç Cəmiyyətinin xəstəxanalarında radiasiyanın fəsadları ilə mübarizə aparır. Bu fakt nüvə müharibəsinin uzunmüddətli nəticələrini bir daha önə çıxarır.
Xatırladaq ki, Hiroşima və Naqasakiyə atom bombaları ABŞ tərəfindən İkinci Dünya müharibəsinin sonunda - 1945-ci ilin 6 və 9 avqust tarixlərində atılıb. Rəsmi olaraq bu addım Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədi daşıyırdı. Bu hadisələr bəşər tarixində nüvə silahından hərbi məqsədlə istifadə olunmuş yeganə hallardır.
Hiroşimaya atılan bombanın partlayışı nəticəsində bir gün ərzində 70 minlə 100 min arasında insan həyatını itirib. 1945-ci ilin sonuna qədər isə radiasiya və yaralanmalar nəticəsində ölənlərlə birlikdə bu rəqəm 140 minə çatıb. Hazırda ümumi qurbanların sayı 350 mini keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31