FAZİL MUSTAFA MƏMMƏD TAHİRİ TƏBRİK EDİB
18:33 SosialMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış ictimai xadim və şair Məmməd Tahiri 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli Məmməd müəllim,
Sizi - Naxçıvan ədəbi-mədəni mühitinin övladı olan tanınmış şairi, pedaqoq və jurnalisti 70 illik yubileyinizlə bağlı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
Siz, ali təhsilinizi Naxçıvan Dövlət Pedaqoji İnstitutunda tamamladıqdan sonra əmək fəaliyyətinizə Saatlı rayonunda müəllim işləməklə başlamısınız. Daha sonra jurnalist təhsili alaraq "Şərq qapısı" qəzetində əmək fəaliyyətinizə davam etmisiniz. 1989-90-cı illərdə "Azərbaycan" qəzetinin Naxçıvan MR üzrə xüsusi müxbiri işləmisiniz. 1999-cu ildən etibarən uzun müddət təhsil sahəsində əmək sərf etmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsində işləmisiniz.
Əlli ildən artıqdır ki, məhsuldar ədəbi yaradıcılıqla məşğul olursunuz. 1972-ci ildə "Şərq qapısı" qəzetində ilk dəfə çap olunduğunuz vaxtdan başlayaraq, mərkəzi mətbuatda, o cümlədən ədəbi qəzet və jurnallarda müntəzəm olaraq çap olunmaqdasınız.
Naxçıvan Dövlət Televiziyasının əməkdaşı olduğunuz vaxtlarda səngərlərdən, ön, qaynar cəbhələrdən operativ verilişlər hazırlayıb, həsrətli gözlərini ekranlardan ayırmayan insanlara təqdim etmisiniz. Bir sıra həmkarlarınız kimi yaddaşlara həkk olunan şeirlərinizi ön cəbhələrdə, səngərlərdə döyüşən əsgər oğullarımızla nəfəs-nəfəsə dayanaraq yazmısınız.
Ədəbiyyata gəldiyiniz gündən bəri bir milli düşüncə sahibi kimi mənsub olduğunuz xalqın arzu və istəklərini, ağrı- acılarını ifadə etməyə çalışmısnınız. Yaradıcılığınız, müraciət etdiyiniz mövzular poeziyanın, ədəbiyyatın əzəli və əbədi mövzularını əhatə etməklə yanaşı, ən müxtəlif əməli fəaliyyət sahələrini, millətə xidmətdə olan ömürləri, unudulmaz ünvanları ehtiva etməkdədir. Məmməd Tahir səmimiyyəti ilə poeziyası, poeziyası ilə səmimiyyəti bir-birini tamamlayaraq vəhdət təşkil edir.
Mövzu-məzmun baxımından rəngarəng olduğu kimi, formaca da çox çalarlı olan sizin şeir və poemalarınızda həm klassik və həm də çağdaş şeir ənənələrinin sintezi ilə qarşılaşırıq, həm qoşma-gəraylı, həm də sərbəst şeir örnəkləri əsərlərinizdə yetərincədir. Sizin poeziyanızda təbiət-insan-Uca Yaradan vəhdətdədir. Təbiət - insan əlaqəsi poeziyanızın əsas elementlərindəndir.
Sizin "Vətən,məni qınama", "Yurdum-and yerim", "Yaz nağılı", "Yol ver, keçim, dünya səndən", "Könlüm came qapısı", "Bir azdan günəş doğacaq", "Könül verdiyim dünya", "Vətən, məni sən qınama" və rus dilində çap olunan "Den koqda ya vernus" şeir kitablarınız sizə çoxsaylı oxucu məhəbbəti qazandırıb. Kitablarınız və müxtəlif janrlarda yazdığınız əsərlər barədə ölkənin nüfuzlu elm və ədəbiyyat xadimlərinin çoxsaylı məqalə və rəyləri dərc edilib.
Ömrünün kamillik zirvəsinə qədəm qoymuş istedadlı şair, səmimi insan və vicdanlı vətəndaş kimi Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, tükənməz ilham və yeni yaradıcılıq uğurları diləyirəm"!