Həmsədrlər gəldi və getdi, zaman da gedir...
Düşündürücü məqam ondan ibarətdir ki, həmsədrlərin səsələndirdiyi fikirlər reallığı əks etdirirmi, yoxsa elə fikir xatirinə deyilib!?
6 Noyabr 2013 16:33 SiyasətErmənistan tərəfindən işğal edilmiş 20% torpaqlarının geri qaytarılması Azərbaycanın əsas prioritet məsələlərindən biridir. 20 ildən artıqdır ki, davam edən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, ümumilikdə regionun təhlükəsizliyi üçün maneə törədir.
Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq ("miatsum") ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.
1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. 1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.
1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: "İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi". Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, "özünün uzun iş gününün 80 faizini" bu problemin həllinə ayırırdı.
Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon - Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.
1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən "Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq" adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.
ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.
1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, "Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur". 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən "ümumi dövlət" ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində isə Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.
Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: "Əlbəttə, diplomatik uğurlar bizi sevindirir... lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara - Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar".
4-5 noyabr tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti dəfə səfər ediblər. Səfər çərçivəsində noybarın 4-də həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Yüksək səviyyədə keçən görüş zamanı tərəflər Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr aparıblar. Həmsədrlər eyni zamanda Azərbaycan Respublikasının xarici işlər nazir Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşüblər. Azərbaycan prezidenti ilə görüşdən sonra Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev erməni həmkarı ilə görüşə razılıq verib. Rusiyalı həmsədr həmçinin qeyd edib ki, bu ilin sonunadək prezidentlərin görüşünün təşkil edilməsi planlaşdırılır. ABŞ-dan olan həmsədr Ceyms Uorlik isə müsahibəsində bildirib ki, münaqişə tərəflərinin danışıq keçirmək istəyi arzuolunandır və bu, çox vacibdir.
Noyabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana səfər ediblər və Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçiriblər. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi yollarını və prezidentlərin görüşü məsələlərini müzakirə ediblər. Həmsədrlər həm də Ermənistan xarici işlər naziri və müdafiə naziri ilə görüşüblər. Ermənistan və Azərbaycan prezidentləri ilə görüşdən sonra ATƏT-in Minsk qrupu bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistyan prezidenti Serj Sarkisyanın noyabr ayında görüşləri planlaşdırılır. "Prezidentlər 2013-cü ilin noyabrında görüşmək niyyətini təsdiq ediblər və nizama salınma üzrə öz mövqelərini dəqiqləşdirmək istiqamətində irəliyə doğru inkişaf yollarını müzakirə edəcəklər", - ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir. Həmsədrlərin regiona sonuncu səfəri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hansı dəyişikliklər edəcək? 20 ildir ki, münaqişənin nizama salınmasında vasitəçilik edən ATƏT Ermənistanı qeyri-konstruktiv mövqeyindən çəkindirə biləcəkmi? Əslində həmsədrlər sonuncu səfərləri zamanı münaqişənin nizamlanması üçün nikbin fikirlər söylədilər. Amma yenə də düşündürücü məqam ondan ibarətdir ki, bu fikirlər həqiqətən reallaşacaq yoxsa elə fikir xatirinə deyilmiş fikirdir? Bunu sadəcə bir səfər kimi xarakterizə etmək daha doğrudur. 20 ildən artıq bir iş görə bilməyən bir təşkilat bu səfərlə nəyisə dəyişə biləcəkmi? Dəyişən sadəcə kəmiyyətdir, keyfiyyət isə dəyişmir.
Zaman yenə də uzanır, uzanır... İşğalçı Ermənistan isə öz qeyri-konstruktiv, riyakar siyasətini yeritməkdə davam edir.
Sevda Qurbanqızı