Suriya zərbələri: gerçək məqsəd nədir? - ÖZƏL

İsrail ordusu Suriyanın paytaxtı Dəməşq də daxil olmaqla, bir neçə bölgəsinə raket zərbələri endirib. Yenidən aktivləşən bu hərbi əməliyyatlar regionda gərginliyin artmasına səbəb olub. Rəsmi Tel-Əviv Suriyanın cənubunda yaşayan druz icmasını "müdafiə etmək" adı ilə əməliyyatları əsaslandırsa da, analitiklər bunun arxasında daha dərin geosiyasi məqsədlərin dayandığını bildirirlər.

İddialara görə, İsrail Şaraa hökumətinin ölkədə mərkəzləşmiş və vahid dövlət qurmaq cəhdlərinin qarşısını almağa çalışır. Çünki bütöv və sabit Suriya, İsrailin şimal sərhədlərində güclü bir qonşu anlamına gəlir ki, bu da Tel-Əvivin regionda öz təsir imkanlarını itirməsi ilə nəticələnə bilər.

Mövzu ilə bağlı  Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 

" İsrailin druzları müdafiə etmək adı ilə göstərdiyi davranışlar, hesab edirəm ki, onun siyasi məqsədlərini pərdələmək cəhdidir. Məqsəd Suriyanı zəiflətməkdir, Suriyadan torpaq qoparmaq, ərazi əldə etməkdir. Və bu məqsədə çatmaq üçün Suriyanı buna razı salmağa, yəni məcbur etməyə çalışırlar.
Həmçinin, bölgədə hegemonluq edən, dikdə edən güclü bir İsrail obrazı yaratmaq istəyirlər. Bu, regiondakı dövlətlərin və xalqların gözünü qorxutmaq məqsədi daşıyır. Öz qanunsuzluqlarına və haqsızlıqlarına, druzları qorumaq adı altında, haqq qazandırmağa çalışırlar.
Bu mənada hesab edirəm ki, İsrail əsas məqsədini pərdələməyə çalışır, lakin buna nail ola bilmir. Hamı görür və başa düşür ki, bu fəaliyyətlərin, bu hərbi eskalasiyanın arxasında nə dayanır.
İsrail bu siyasəti ilə uğursuzluğa düçar olacaq və çox ciddi problemlərlə qarşılaşa bilər. Bu, nə qəbul edilən, nə də razılaşdırıla biləcək bir məsələdir. Suveren bir dövlətin ərazisinə hücum etmək, onun torpaqlarını işğal etmək və s. - bütün bunlar İsrail üçün ciddi nəticələr doğura bilər və onu bir dövlət kimi çətin vəziyyətə sala bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31