“Azərbaycan Orta Asiyanın Qərbə çıxış körpüsünə çevrilir” – ÖZƏL
18 İyul 11:45 Siyasət"Türkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri olduqca maraqlı və eyni zamanda önəmli bir dövrə təsadüf edir. Bu səfər Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşdiyi, eyni zamanda ABŞ və bəzi Qərb dairələrinin Cənubi Qafqaza xüsusi maraq göstərdiyi bir mərhələyə düşür. Hazırda Cənubi Qafqazda geosiyasi qarşıdurmalar maksimum həddə çatıb və region uğrunda rəqabət həlledici mərhələyə yaxınlaşır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, belə bir şəraitdə Türkmənistan liderinin Azərbaycana səfəri göstərir ki, artıq Orta Asiya dövlətlərinin də diqqəti Cənubi Qafqaza və xüsusilə Azərbaycana yönəlməyə başlayıb. Çünki Azərbaycan Cənubi Qafqazın regional lideridir və bölgədə baş verən bütün geosiyasi və geostrateji proseslər məhz rəsmi Bakının siyasi iradəsi ilə müəyyən olunur. Eyni zamanda Cənubi Qafqaz artıq həm Xəzəryanı, həm də Orta Asiya regionları üçün geopolitik istiqamətverici məkana çevrilməkdədir. Bu bölgədə baş verən hər bir proses birbaşa şəkildə həm Xəzəryanı, həm də Orta Asiya ölkələrinə təsir göstərir. Belə olan halda, Orta Asiyanın gələcək taleyinin də böyük ölçüdə Cənubi Qafqazda həll olunacağı qaçılmaz görünür. Məhz bu səbəbdən, Cənubi Qafqazda Azərbaycanın rolu və onun siyasi iradəsi xüsusi önəm daşıyır, avangard xarakter daşıyan bir mövqe kimi çıxış edir. Bunu nəzərə alaraq demək olar ki, artıq Orta Asiyada da Rusiyaya münasibətdə mövqelər dəqiqləşməyə başlayıb. Bu ölkələr başa düşürlər ki, Cənubi Qafqaz regionu Rusiyanın təsir dairəsindən çıxmaqdadır və bu proses tədricən Orta Asiyaya doğru irəliləyir. Orta Asiya ölkələri isə bu prosesə uyğunlaşmağa məcburdurlar.
Elçin Xalidbəylinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyi və enerji infrastrukturu ilə Orta Asiyanın Rusiya təsirindən çıxaraq Qərbə inteqrasiyasında açar rol oynayır:
"Mövcud geosiyasi şəraitdə Cənubi Qafqaz, xüsusilə də Azərbaycan, Orta Asiyanın da Rusiya təsirindən çıxmasında həlledici mexanizm rolunu oynaya və yeni imkanlar aça bilər. Çünki Cənubi Qafqaz Orta Asiya ölkələri üçün Qərblə əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirə biləcək bir məkandır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının əsas geosiyasi iradə mərkəzi də tədricən Azərbaycana doğru yönəlməkdədir. Bu baxımdan Rusiya təsirindən uzaqlaşan Orta Asiya dövlətləri, o cümlədən Türkmənistan enerji resurslarını Qərb bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə daha açıq yanaşmağa başlayıblar. Azərbaycanın malik olduğu enerji infrastrukturunun - xüsusilə boru kəmərlərinin Orta Asiya ölkələri, o cümlədən Türkmənistan üçün böyük əhəmiyyəti var. Bu boru kəmərləri Orta Asiyanın enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması baxımından mühüm logistik imkanlar yaradır. Bütün bu məsələlərin Azərbaycan Prezidenti ilə Türkmənistan lideri arasında keçirilən görüşdə müzakirə olunduğu ehtimal edilir. Belə görünür ki, bundan sonra Azərbaycan Türkmənistan üçün strateji əhəmiyyət daşıyan bir tərəfdaşa çevriləcək və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq daha da dərinləşəcək".
Səidə Ramazanova