“Məsələnin hüquqi yox, siyasi tərəfi daha ağır basır” – Əziz Əlibəyli – ÖZƏL

Rusiyanın Yekaterinburq şəhərində yaşayan tanınmış diaspor nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində polisə tabe olmamaq və xəsarət yetirmək ittihamı ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, o, "Mercedes-Benz S 500" markalı avtomobillə polisə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb və bu zaman polis əməkdaşı yüngül xəsarət alıb. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən 318.1-ci maddə ilə cinayət işi başlanıb.

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Olaylar.az-a danışıb. Politoloq bildirib ki, məsələ hüquqi deyil, daha çox Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin siyasi təzahürüdür:

"Əlbəttə ki, bu məsələ birbaşa siyasi xarakter daşıyır. Yəni burada məqsəd sadəcə münasibətlərin səthində sülh görüntüsü yaratmaq deyil, daha dərin və davamlı təsirlər buraxmaqdır. Bu həm də onu göstərir ki, Azərbaycanla Rusiya arasında münasibətlər hələ tam normallaşmayıb, müəyyən gərginliklər qalmaqdadır. Görünür, Rusiya tərəfi müəyyən gözləntilər və ya təzyiq alətləri ilə hələ də Azərbaycan üzərində təsirini saxlamağa çalışır. Bizə məlum olmayan hansısa tələblər və ya planlar fonunda, Rusiya bu məsələdən də istifadə edərək Azərbaycana qarşı siyasi mövqeyini möhkəmləndirmək niyyətində ola bilər.
Bütün bunlar bir daha göstərir ki, məsələnin hüquqi yox, siyasi tərəfi daha ağır basır və proseslər bu konteksdə qiymətləndirilməlidir".

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31