Ramiyə Məmmədova: “Vardanyan üçün təzyiq cəhdləri münasibətləri korlaya bilər” – ÖZƏL
17 İyul 16:42 Siyasət"Vardanyan Azərbaycan qanunlarını pozduğu üçün ona qarşı hüquqi müstəvidə cinayət işi açılıb. Bu səbəbdən onun istənilən formada azadlığa buraxılması məsələsi Azərbaycan qanunvericiliyinə ziddir. Ermənistan baş naziri Nikol Paşinyanın Vardanyanın ailəsinin adından ABŞ Prezidenti Donald Trampa ünvanlanan məktubu göndərməməsi də tamamilə normal və gözlənilən haldır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O bildirib ki, Vardanyan Ermənistan-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmuş şəxsdir. O Rusiyaya yaxın fiqur kimi tanınır və Paşinyanın siyasi rəqibi sayılır. Belə bir şəraitdə Paşinyan onun azadlığa çıxmasına kömək edəcək addım atmaz. Çünki bu, gələcəkdə həmin şəxsin Ermənistanda separatçı qüvvələrin arxasında dayanaraq Paşinyana qarşı güclü müxalifət mərkəzinə çevrilməsinə şərait yarada bilər. Paşinyan bu riskin fərqindədir və belə bir addım atacaq qədər siyasi səhvə yol verməz. Digər tərəfdən, hərçənd Vardanyan Rusiyaya yaxın adam kimi tanınır və bu ölkədən Qarabağa göndərildiyi ehtimal edilir, amma onun saxlanılması zamanı Rusiya faktiki olaraq heç bir ciddi reaksiya vermədi. Bu, Vardanyana dair məsuliyyəti artıq öz üzərindən atdığını və onun taleyinə biganə yanaşdığını göstərdi. Rusiya da faktiki olaraq Vardanyanı özbaşına buraxdı. Hazırda Vardanyanın nə azad olunması, nə də üçüncü dövlətlərin - məsələn, ABŞ, Avropa İttifaqı və ya digər beynəlxalq aktorların xahişi ilə onun sərbəst buraxılması mümkün deyil. Azərbaycan bu məsələdə beynəlxalq təzyiqləri qəbul etməyəcək. Çünki bu, Azərbaycanın daxili hüquq sisteminə ziddir və ölkənin suveren qərar vermə hüququna müdaxilə sayılacaq. Əgər belə bir məktub və ya müraciət beynəlxalq tərəfdaşlardan gələrsə, bu, Azərbaycanla həmin dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Ona görə də nə ABŞ, nə Rusiya, nə də başqa bir ölkə Vardanyan üçün rəsmi müraciət etməyə cəsarət etməyəcək. Hər kəs Azərbaycanın bu məsələdə prinsipial mövqeyini bilir və buna görə də belə bir riski gözə almaz.
R. Məmmədova əlavə olaraq qeyd edib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı həssas proseslər gedir, bu istiqamətdə Amerikanın təkliflərinə baxılır. Belə bir geosiyasi fonda Vardanyan məsələsinin qaldırılması və onun azadlığı üçün təzyiq cəhdləri ümumilikdə münasibətlərin korlanmasına gətirib çıxara bilər. Ona görə də, böyük ehtimalla, bu cür cəhdlər olmayacaq.
Səidə Ramazanova