Yalançı vətənpərvərlik: Millətlərarası nifrət toxumları səpən təşəbbüs - ÖZƏL

Ədalətli Rusiya Partiyası Rusiyada Ukrayna, ABŞ və Azərbaycanın da daxil olduğu xarici ölkələrin bayraq və gerblərinin ictimai yerlərdə istifadəsini qadağan edən qanun layihəsi hazırlayır. Diplomatik və beynəlxalq tədbirlər istisna olacaq.

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloqun fikrincə, bu, qeyri-sağlam ruha verilmiş bir dəstəkdir, vətənpərvərlik adı altında cəmiyyətdə nifrət toxumu səpilməsidir:

" İndiki məqamda münasibətlərdə bir qədər gərginlik, ziddiyyətlər, anlaşılmazlıqlar var. Müxtəlif partiyaların nümayəndələri Rusiyada bu şəraitdən istifadə etməyə çalışırlar. Sosial bazalarını isə aqressiv və radikal mövqe ilə genişləndirməyə çalışırlar.
Yəni, onların yanaşması sözün əsl mənasında qızışdırıcı mövqedir və bu, millətlərarası münasibətlərin normallaşmasına və ya münbit şəraitin yaranmasına xidmət etmir. Əksinə, onlar cəmiyyətdə nifrəti və aqressivliyi stimullaşdırırlar, qidalandırırlar. Bu, çox yolverilməz bir yanaşmadır.
Siyasi partiyaların marağında olan hər bir ölkədə əsas məsələ nədən ibarət olmalıdır? Ondan ibarət olmalıdır ki, sabitlik qorunsun, mübadilə prosesləri genişlənsin, digər tərəfdən insanlar özlərini normal şəkildə, dözümlülük və tolerantlıq şəraitində ifadə edə bilsinlər.
Sergey Mironovun çağırışları isə son günlər ərzində tez-tez səslənir və o, həqiqətən də qarşıdakı düzəni pozmağa yönəlmiş davranışlar sərgiləyir. Əgər sən partiyanı nüfuzlu sayırsansa, Rusiyanın daxili ictimai-siyasi mühitini saflaşdıran bir təşkilat kimi təqdim edirsənsə, ölkədə və cəmiyyətdə sabitliyin qorunmasını özün üçün məqsəd hesab edirsənsə, o zaman bu aqressivlikdən, ikiüzlü çağırışlardan və təhlükəli anonslardan uzaq durmalısan.
Amma  əksinə, bu məsələlərə üstünlük verirsən və bildirirsən ki, guya Rusiyanın maraqlarını qoruyursan. Bu isə yalancı vətənpərvərliyin təzahürüdür. Əsl vətənpərvərlik ondan ibarətdir ki, fərq etməz hansı millətə mənsubsan, cibində hansı ölkənin pasportunu daşıyırsan - əgər Rusiya ərazisindəsənsə,  burada qarşıdurma meyillərini yox, barışıq və dözümlülük tendensiyalarını gücləndirməlisən.
Mən elə düşünürəm ki, belə çağırışları və təxribat xarakterli yanaşmaları ilə Sergey Mironov bir daha göstərir ki, nə  özünün, nə də onun partiyasının cəmiyyətdə nüfuzu var. Əksinə, o, qondarma vətənpərvərlik yolu ilə özünə meydan qazanmağa və guya sağlam bir ruhu dəstəkləməyə çalışır. Amma əslində bu, qeyri-sağlam ruha verilmiş bir dəstəkdir və məncə, burada rəmzlərin heç bir rolu yoxdur.Bəli, mən də bunun əleyhinəyəm ki, lazımsız yerlərdə dövlət simvollarından - bayraqlardan istifadə olunsun və onların təbliği aparılsın. Bəlkə də bu, heç də yerinə düşən məsələ deyil. Amma əgər hər hansı bir obyekt və ya təşkilatda yeri olan bir kontent varsa, məsələn, Azərbaycanın nümayəndələri, yəni Azərbaycan xalqının təmsilçiləri nəcib və faydalı bir işə dəstək veriblərsə, ola bilər ki, həmin rəmzlərin orada mövcudluğu özünü doğruldur.
Amma yerli-yersiz onlardan istifadə etmək, onlarla bağlı PR kampaniyaları aparmaq məncə, məqsədəuyğun deyil. Təbii ki, mən Sergey Mironovun bu yanaşmasını birmənalı şəkildə qınayıram. Çünki bu, çox təhlükəli bir mövqedir və Rusiya cəmiyyətində sabitliyin qorunmasına deyil, əksinə, ziddiyyətlərin dərinləşməsinə, ixtişaşların və gərginliklərin yaranmasına hesablanmış bir yanaşmalardır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31