Paşinyan əslində doğru olanı edib- Oqtay Qasımov - ÖZƏL
15:14 SiyasətErməni mediası yazır ki, Nikol Paşinyan ABŞ prezidenti Donald Trampa Ruben Vardanyanın azadlığa buraxılması üçün müraciət etməkdən imtina edib. Vardanyanın ailəsi bu məqsədlə Vaşinqtondakı səfir vasitəsilə məktub göndərsə də, rədd cavabı alıb. Paşinyan hökuməti bunun Azərbaycanla sülh prosesinə zərər verə biləcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib. Politoloq Paşinyanın belə bir məktub göndərməsi barədə iddialara ciddi şübhə olduğunu və onun, həm öz mənafeyi, həm də ümumi mənafelər baxımından diqqətli davrandığını qeyd edib:
"Erməni mətbuatında iddia olunur ki, Nikol Paşinyan Vardanyanın azad edilməsi ilə bağlı Trampa məktub göndərməkdən imtina edib. Bunun üzərindən də Paşinyana qarşı təbliğat həyata keçirilir, satqınlıqda ittiham olunur.
Bütün hallarda bu versiyanın həqiqət olduğu ciddi şübhə doğurur. Çünki hazırda ABŞ-nin daha vacib məsələləri var. Nəinki Rusiyanın nəzarətində olan, eyni zamanda Ukrayna tərəfindən sanksiyalara məruz qalan və Ukraynada separatçılığı dəstəkləyən bir şəxsin azad olunması ilə məşğul olmaq ABŞ-nin hazırda planlarına daxil deyil. Nikol Paşinyanın da onun azadlığı üçün məktub göndərməməsi məsələsinə gəlincə, yenə deyirəm, burada həqiqiliyə ciddi şübhə var. Digər tərəfdən, Ruben Vardanyan əslində Paşinyan hakimiyyətini devirmək üçün həm də Qarabağa ezam edilmişdi. Paşinyana qarşı çox sərt çıxışları vardı. O baxımdan Paşinyanın onunla bağlı məktub göndərməməsi başa düşüləndir. Digər tərəfdən, Paşinyan çox yaxşı anlayır ki, belə bir məktubun göndərilməsi Azərbaycanla bağlı sülh prosesinə ciddi zərər vura bilər. Ona görə də Paşinyan əgər belə bir müraciət olsa, olubsa və onu yerinə yetirməyibsə, çox doğru edib və belə bir məktubun hansı nəticələrə gətirəcəyini Paşinyan da yaxşı hesablayır. Əgər bu iddialar doğrudursa , həm özünün mənafeyi baxımından, həm də ümumi mənafeyi baxımından əslində doğru olanı edib".
Zeynəb Mustafazadə