“Mironovun təşəbbüsü Rusiya-Azərbaycan münasibətlərinə ziddir” – Şakir Ağayev – ÖZƏL

Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov bildirib ki, partiya ictimai yerlərdə digər ölkələrin - o cümlədən Ukrayna, ABŞ və Azərbaycanın dövlət rəmzlərinin (bayraq və gerb) istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır. O, qeyd edib ki, bəzi diasporlar bu simvollardan istifadə etməklə Rusiya ilə birlik nümayiş etdirmirlər və bu, millətlərarası qarşıdurma yarada bilər. Diplomatik nümayəndəliklər, sərgilər, forumlar və idman tədbirləri isə istisna olacaq.

Maraqlıdır, Azərbaycanın bayrağının Rusiya kimi çoxmillətli bir ölkədə ictimai yerlərdə qadağan olunması Azərbaycan diasporuna və ikitərəfli münasibətlərə hansı mesajı verir?

"Çox təəssüf ki, bu, Mironovun Azərbaycana qarşı ilk təşəbbüsü deyil. Onun belə bir məsələni yenidən gündəmə gətirməsi, ümumilikdə, təəssüf doğuran bir haldır. Mən başa düşürəm, Ukrayna ilə Rusiya arasında müharibə gedir, qarşıdurma var. Amma bu gün hətta  ABŞ ilə də müəyyən sahələrdə dialoqlar aparılır, münasibətləri normallaşdırmaq üçün cəhdlər edilir. Azərbaycanın bu siyahıya daxil edilməsini isə heç cür anlamaq olmur. Axı Azərbaycan xalqların birliyi prinsipinə sadiq olan, Rusiya ilə qarşılıqlı əməkdaşlıq edən bir dövlətdir. Mironovun irəli sürdüyü bu təşəbbüs, əslində, Rusiya prezidentinin dəfələrlə vurğuladığı dövlət mövqeyi ilə ziddiyyət təşkil edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında "Novoye vremya" qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu, yalnız təzyiq vasitəsi kimi gündəmə gətirilmiş bir təşəbbüsdür. Düşünmürəm ki, bu qanun layihəsi qəbul ediləcək və real hüquqi gücə malik olacaq. Bəllidir ki,  Azərbaycan və Rusiya arasında münasibətlər hazırda əvvəlki qədər isti deyil, amma hər iki tərəf bu münasibətləri normallaşdırmağa çalışır. Azərbaycan Rusiya ilə münasibətlərin korlanmasında maraqlı deyil. Əksinə, bu münasibətlərin daha da inkişaf etməsində maraqlıdır. Rusiya da eyni şəkildə davranmalıdır. Lakin belə təşəbbüslər təbii olaraq münasibətlərin yaxşılaşmasına xidmət etmir, əksinə, daha da zərbə vurur. Bununla yanaşı, bu cür addımlar Rusiya-Azərbaycan diasporası arasında münasibətlərin də mürəkkəbləşməsinə, qarşılıqlı etimadın azalmasına gətirib çıxara bilər. Təəssüf ki, bəzi maraqlı qüvvələr var ki, bu münasibətlərin gərginləşməsində daha çox maraqlıdırlar. Onların fəaliyyəti fonunda bu cür qanun layihələrinin gündəmə gətirilməsi yolverilməzdir.

Şakir Ağayevin sözlərinə görə, Rusiya hökumətinin müəyyən etdiyi "dost olmayan ölkələr" siyahısında Azərbaycan yer almır. Həmçinin belə bir qanun layihəsi Rusiyanın çoxmillətli idarəçilik modelinə və dövlətin etnik balans siyasətinə ziddir. Mironovun bu təşəbbüsü müəyyən siyasi təzyiq vasitəsi kimi təqdim olunur. Lakin onun real nəticə verəcəyini gözləmirəm.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31