Azərbaycan bu istiqamətdə konkret qərar verməyə hazırlaşır - ÖZƏL

"İki ölkə arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası ilk növbədə dövlət başçıları səviyyəsində siyasi qərarın verilməsini tələb edir. Çünki söhbət iki ölkə arasındakı sərhədin açılması və sərnişin daşımalarının bərpasından gedir. Belə bir məsələ ilə bağlı qərarı, təbii ki, hər iki ölkənin dəmir yolu idarələrinin rəhbərləri verə bilməz. Bu, yalnız hökumətlər və ya ali siyasi rəhbərlik səviyyəsində danışıqlar zamanı qəbul edilə biləcək qərardır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Ona görə də hesab etmirəm ki, bu mərhələdə Gürcüstan və Azərbaycan arasında dəmir yolu daşımalarının bərpası ilə bağlı konkret qərar verilib. Əvvəlcə siyasi qərar qəbul olunmalıdır, bundan sonra isə dəmir yolu və sərnişin daşımalarının bərpasına dair texniki və işçi detallara baxılması mümkündür.

Azərbaycanda artıq belə bir siyasi iradənin mövcud ola biləcəyi ehtimalını irəli sürmək olar, lakin bu hələ dəqiq təsdiqlənmiş fakt deyil. Yalnız həmin siyasi iradə və niyyət formalaşdıqdan sonra müvafiq qurumlar işçi səviyyədə danışıqlara başlayacaq və konkret razılaşmalar əldə olunacaq.

Hazırkı şəraitdə ehtimal etmək olar ki, Azərbaycan rəhbərliyi bu məsələyə dair siyasi iradə nümayiş etdirməyə hazırlaşır və yaxın gələcəkdə bu istiqamətdə müəyyən addımlar ata bilər. Əgər doğrudan da belə bir niyyət varsa, mümkündür ki, artıq texniki səviyyədə müzakirələrə başlanılıb.

Hər halda, hesab edirik ki, bu dəmir yolunun sərnişin daşımaları üçün açılmasına ehtiyac var. Çünki iki ölkə arasındakı münasibətlərdən asılı olmayaraq, sərnişin daşımalarının məhdudlaşdırılması ümumilikdə hər iki tərəf üçün mənfi nəticələrə səbəb olur. Çox güman ki, Azərbaycan bu istiqamətdə konkret qərar verməyə hazırlaşır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31