“İrəvan qondarma qurumdan addım-addım uzaqlaşır” - ÖZƏL

Ermənistan Baş Prokurorluğu qondarma "Dağlıq Qarabağ Respublikası"nın İrəvandakı "nümayəndəliyinə" məxsus binanın mülkiyyət hüququnun ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Məqsəd 2017-ci ildə "DQR Nazirlər Kabineti"nin adına rəsmiləşdirilmiş hüququ etibarsız saydırmaqdır. Bu məqsədlə Ermənistanın Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılıb.

Ermənistan hakimiyyətinin bu addımı Qarabağla bağlı mövqeyində dönüş nöqtəsi sayıla bilərmi, yoxsa sadəcə görüntü xatirinə atılan bir addımdır?
Mövzu ilə bağlı politoloq Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" Praqada 2022-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında razılaşmadan sonra İrəvanın qondarma quruma  necə yanaşacağı daha da aydınlaşdı və onun "Artsax"dan imtina etdiyi bəlli olmağa başladı. Hadisələr isə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra daha da sürətləndi. Belə ki, Nikol Paşinyan özündən əvvəlki erməni liderləri kimi "Artsax"a dəstək versə də, onu tanımağın ağrılı olacağını bilirdi. O, bununla qondarma qurumun müstəqilliyini tanınmaqla müharibə başlatmaq əvəzinə, savaşa gedərək bu məsuliyyətdən yaxa qurtarmaq yolunu seçdi.  
Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sözləri və Qarabağ separatçılarına "müstəqillik bəyannaməsi"nin qəbul edilməsi münasibətilə təbrik məktubu göndərməsi Qarabağı  Azərbaycanın bir hissəsi kimi tanımağa qədər gətirib çıxardı. 2023-cü il antiterror tədbirləri  zamanı isə heç bir şəkildə Ermənistanın müdaxilə etməyəcəyini və hərbi və təhlükəsizlik vasitələrindən istifadə etməyəcəyini ifadə edən N.Paşinyan əslində proseslərin qondarma qurum üçün mənfiyə doğru getdiyi mesajını verirdi. Beləliklə, indiki hakimiyyət "Artsax"ın itirilməsi barədə mövcud olan bütün faktları təhrif edir və erməniləri inandırmağa çalışır ki, bu vəziyyətə düşməyinizin səbəbkarı qondarma qurumun rəhbərləridir.  
Qonarma qurumun keçmiş və hazırkı rəhbərliyi məğlubiyyətləri fonunda Nikol Paşinyan hökumətini təqsirkar bilir, hakimiyyətdə ona müxtəlif formalarda təzyiqlər göstərirlər,  bunun da, ilk növbədə, Ermənistan hakimiyyətinin ucbatından baş verdiyini tez-tez dilə gətirirlər. Bundan əlavə, onlar hesab edir ki, Ermənistandakı mövcud hakimiyyət Artsax xalqının öz vətənlərinə qayıtması ilə bağlı danışıqlar aparmır və bu məsələ artıq onların gündəliyində deyil. Ermənistan hakimiyyəti isə bu məsələni gündəmə gətirmək əvəzinə Ermənistana gələn ermənilərin problemlərini həll etməyə və onların ölkəyə tam inteqrasiyası üçün hər şeyi etməyə çalışır. Bu addım isə qondarma qurumun nümayəndələrinin fikirləri ilə ziddiyət təşkil edir.   
Bu günlərdə isə Ermənistanda keçmiş Qarabağ separatçılarının əmlakının mübahisələndirilməsi barədə məlumatlar yayılıb. Bu da o anlama gəlir ki, Ermənistan dövləti tərəfindən əvvələr geniş şəkildə dəstək görən, dövlət strategiyasının əsasını təşkil edən qondarma quruma, faktiki olaraq separatçılara məxsus olan mülkiyyətin hüquqi statusu ləğv edilir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31