Məhz Berdiməhəmmədovun səfəri dayanıqlı addımların atılacağı deməkdir - ÖZƏL
12:34 Siyasət"Türkmənistan xarici siyasətində neytrallığa önəm verir. Bu onun yerləşdiyi mövqeyinin rəqabət mərkəzində olması ilə bağlıdırsa, digər tərəfdən də malik olduğu zəngin qaz ehtiyatları ilə əlaqəlidir. Enerji resurslarına artan ehtiyac, iki əks qütbün maraqlarının yenidən kəskin şəkildə toqquşması, beynəlxalq nizamın yenidən formalaşdırılmağa çalışıldığı bir məqamda qabarıq formada üzə çıxan, diqqətləri çəkən dövlətlərdən biri də Türkmənistandır. Bu cür siyasi reallıqlarda Türkmənistanın atacağı istənilən addım tərəf seçməsi kimi görülə bilər ki, münasibətlərini qurması qədər, dostluqlarına əmin olması da önəmlidir."
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bu reallıq fonunda iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı onun Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları "qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq" kimi üç sözlə ifadə etməsi münasibətlərin güvənə dayandığından, olduqca səmimi notlar üzərində qərarlaşdığından xəbər verir.
Türkmənistanın yolu bəllidir-neytrallıq. Lakin mövcud durum istənilən vəziyyətdə meyilli siyasət tələb edir. Bu meyillikdə balans tapmaq önəmlidir. Böyük təbii qaz ehtiyatlarına maliklik Türkmənistanın xarici siyasətində istənilən halda başlıca yerdə dayanır.
Türkmənistan Azərbaycanın istər enerji siyasəti, istərsə də bütövlükdə xarici siyasətdə atdığı addımlar üzrə mövcud təcrübəsindən yararlanmaqda maraqlıdır. Azərbaycan tərəf olmadan bu məsələdə öz zəngin təcrübəsini bölüşəcək. Zənnimcə, bir digər məsələ regional və qlobal sabitlik baxımından logistika imkanlarının dəyərləndirilməsi və genişləndirilməsidir ki, bu məsələdə Türkmənistanla Azərbaycanın koordinasiyalı addımlar atacağı qənaətindəyəm. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov hələ də ölkənin xarici siyasətinin əsas istiqamət verici qüvvəsidir. Bu baxımdan mövcud siyasi reallıqlarda məhz onun ölkəmizə səfəri böyük önəm kəsb edir.
Azərbaycan üçün digər önəm kəsb edən amil Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu işdə bizə göstərilən dəstək, səmimi münasibətdir. Ona görə də səfər çərçivəsində Berdiməhəmmədovun Qarabağa getməsi dəstək qədər verilən mesajdır. Anlaşılmazlığın zamanında və vaxt itirmədən "Dostluq" adı altında yekunlaşması ondan xəbər verir ki, bundan sonra Türkmənistan və Azərbaycan münasibətlərinin koordinasiyalı addımlarla müşaiyət olunması baxımından önümüzdə əngəl yoxdur. Səfər isə bundan sonrakı addımlarda uzlaşmanı təmin etmək üçün reallaşdırılıb. Mövcud siyasi reallıqlarda Türkmənistandan məhz Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri keçmiş təcrübəni nəzərə alaraq, gələcəyə doğru uzaqgörən, təmkinli və dayanıqlı addımların atılacağından xəbər verir."
İbrahim Məmmədli