Suriya qarşısındakı əsas vəzifə:Milli birliyi gücləndirmək və xarici müdaxilələrin qarşısını almaqdır - ÖZƏL

"İsrail, şübhəsiz ki, Suriyadan torpaq əldə etmək istəyindədir. Bu məqsədlə bölgədə gərginlik yaratmağa çalışır. Yaxın Şərqdə yaşayan, yəhudilərə yaxın sayılan etnik və dini azlıqlardan - xüsusilə də druzlardan - vasitə kimi istifadə olunur. Əslində, bu qruplar İsrailin əlinə keçmiş bir alətə çevrilib. İsrail bu taktika ilə Qolan təpələrini və əlavə əraziləri öz nəzarətində saxlamaq, Suriya ilə danışıqlarda üstün mövqe qazanmaq və nəticə etibarilə həmin torpaqları birdəfəlik Suriyanın nəzarətindən çıxarmaq istəyir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Bu cür təxribatlar biz azərbaycanlılar üçün yad deyil. Azərbaycanın özü də uzun illərdir ki, bənzər təzyiqlərlə, etnik qarşıdurmalarla və siyasi təxribatlarla üz-üzə qalıb. Ermənistan, Rusiya və onların havadarları, o cümlədən İran tərəfindən müxtəlif yollarla təzyiqlər göstərilib. Amma biz bu çətinliklərə baxmayaraq, milli birliyimizi qoruyaraq, müstəqilliyimizi və ərazi bütövlüyümüzü müdafiə edə bildik.

Suriya isə hazırda təxminən Azərbaycanın 1990-cı illərin əvvəllərində olduğu vəziyyətdədir. Ölkədə sabit dövlət idarəçiliyi formalaşmayıb, ordu zəifdir, iqtisadiyyat çökmüş vəziyyətdədir, vətəndaş həmrəyliyi arzuolunan səviyyədə deyil. Bu səbəbdən də Suriya qarşısındakı əsas vəzifə - dövlət institutlarını bərpa etmək, milli birliyi gücləndirmək və xarici müdaxilələrin qarşısını almaqdır.

Belə zəiflik şəraitindən isə İsrail və Suriyanın əleyhdarı olan digər güclər öz maraqları naminə istifadə etməyə çalışırlar. Lakin mən inanıram ki, Suriya  Azərbaycanın təcrübəsindən faydalanaraq bu çətin mərhələni geridə qoya biləcək.

Xüsusilə də qeyd etmək lazımdır ki, yaxın zamanda Suriyanın müvəqqəti rəhbəri Əhməd Əşşar  Azərbaycanın rəsmi səfərində olub, Prezident İlham Əliyevlə görüş keçirib və müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu da onu göstərir ki, Suriya rəhbərliyi Azərbaycanın müstəqillik, təhlükəsizlik və quruculuq sahəsindəki təcrübəsini ciddi şəkildə öyrənmək niyyətindədir.

O baxımdan düşünürəm ki, Suriya bu çətin dövrü arxada qoyacaq və nə İsrail, nə də başqa bir xarici dövlət Suriyanın ərazi bütövlüyünü pozmaq imkanına sahib olmayacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31