Zeynal Əmrəliyev: “Azərbaycan təkbaşına da olsa ədaləti təmin etdi” – ÖZƏL

Ukrayna  Ali Radası Avropa Şurası ilə birgə xüsusi tribunalın yaradılmasını təsdiqləyib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, bu tribunal Nürnberq, Tokio və keçmiş Yuqoslaviya təcrübəsinə əsaslanacaq və Rusiya ordusunun Ukraynada törətdiyi təcavüz, hərbi cinayətlər və soyqırımlara hüquqi qiymət verəcək. Beynəlxalq tribunalın effektivliyi isə, şübhəsiz, Rusiya ilə müharibənin nəticələrindən asılı olacaq. Əgər Moskva məğlub olmazsa, təqsirkarların mühakiməsi də real görünməyə bilər.

Maraqlıdır, bənzər tribunalın vaxtında Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülməsi niyə baş vermədi? Ukrayna üçün beynəlxalq məhkəmə qurulursa, bəs Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlər nə olacaq?

"Azərbaycanla bağlı məsələ tamamilə fərqlidir. Çünki Azərbaycana qarşı beynəlxalq münasibət, Ukraynaya göstərilən münasibətdən köklü şəkildə fərqlənir və tamamilə fərqli bir mənzərə formalaşdırmışdı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycana qarşı dünya miqyasında ikili standartlar hökm sürürdü: "Müharibədən əvvəl beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyini qəbul etmək istəmirdilər. Əksinə, çalışırdılar ki, Azərbaycan tərəfi işğal faktını qəbul etsin və Ermənistanın bu işğalını dolayısı ilə legitimləşdirsinlər. Yəni  Azərbaycana qarşı belə bir siyasət yürüdülürdü ki, ölkə işğal faktını rəsmən tanısın və beləliklə, məsələyə beynəlxalq "sabitlik" donu geyindirilsin. Bu kontekstdə hər hansı beynəlxalq məhkəmənin qurulması və cinayətkarların cəzalandırılması məsələsi beynəlxalq səviyyədə Azərbaycanın sadəcə bir arzusu, bir xəyalı kimi qəbul olunurdu. Başqa sözlə, bunu ciddi şəkildə gündəmə gətirmək belə mümkünsüz sayılırdı. Bəli,  Azərbaycan tərəfi zaman-zaman, qeyri-rəsmi şəkildə bu məsələni gündəmə gətirib, lakin beynəlxalq birliyin ölkəmizə qarşı münasibəti nəzərə alınaraq bu ideyadan geri çəkilmək məcburiyyətində qalıb".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan beynəlxalq dəstək olmadan, öz torpaqlarını azad edib və xalqına qarşı cinayət törədənləri özü mühakimə edərək ədaləti təmin edib.

"Azərbaycan öz haqq işini özü bərpa etdikdən, torpaqlarını azad etdikdən və ölkəmizə qarşı cinayət törətmiş şəxsləri həbs etdikdən sonra, bu şəxslər Bakıya gətirilib və hazırda onların məhkəmə prosesi gedir. Bu proses həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. 
Bundan sonra artıq bütün dünya gördü ki, Azərbaycan bu məsələni təkbaşına həll etməyə qadirdir. Bu məsələdə dünya bizə dəstək olmadı, bizi ciddiyə almadı. Nəticədə Azərbaycan məcbur oldu ki, necə ki, öz torpaqlarını özü azad edib, eyni zamanda xalqımıza qarşı cinayət törətmiş şəxsləri də özü cəzalandırsın və onların məhkəmə məsuliyyətinə cəlb olunmasını təmin etsin. Burada əsas məsələ hər hansı beynəlxalq tribunalın qurulması deyil. Əsas olan həmin şəxslərin konkret olaraq törətdikləri cinayətlərə görə cəzalandırılması və Azərbaycan xalqına qarşı etdiklərinin cavabını verməsidir. Bu, həm erməni cəmiyyətinə, həm də bütün dünyaya verilən bir mesajdır: Heç kim  Azərbaycana qarşı törətdiyi cinayətə görə cəzasız qala bilməz. Dünya dəstək verməsə də, Azərbaycan bu məsələni təkbaşına həll edəcək və ədaləti təmin edəcək. Ukrayna ilə bağlı məsələ isə tamamilə fərqlidir. Əlbəttə ki, Ukraynaya beynəlxalq birlik tərəfindən böyük dəstək göstərilir və beynəlxalq aktorlar Rusiya tərəfinin bu müharibəyə görə cəzalandırılmasında maraqlıdırlar. Amma Azərbaycan-Ermənistan münaqişəsində biz bu cür xoş niyyətin və dəstəyin şahidi olmamışıq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31