PKK-nın geri çəkilməsi: Ankara və Bakı üçün strateji qələbə - ÖZƏL
11:57 SiyasətPrezident İlham Əliyev iyulun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda PKK-nın silahı yerə qoymasını "güclü siyasi iradənin və milli həmrəyliyin təntənəsi" adlandırıb.
İyulun 11-də İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib. "Terrorsuz Türkiyə" prosesi çərçivəsində bu, ilk mərhələdir.
Qeyd edək ki, 44 günlük müharibədə PKK terrorçularının erməni silahlı birləşmələri ilə döyüşdüyünə dair beynəlxalq mənbələr də məlumat yaymışdı.
PKK-nın tərk-silahı Türkiyənin daxili sabitliyi və regiondakı geosiyasi çəkisi baxımından nə dərəcədə strateji dönüş nöqtəsidir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, PKK-nın neytrallaşdırılması təkcə Türkiyənin təhlükəsizliyi deyil, Azərbaycan üçün də mühüm strateji faydalar vəd edir:
"PKK-nın silahı yerə qoyması Türkiyə dövlətçiliyinin və xalqın birliyinin böyük qələbəsidir. Bu hadisə regionda terrora qarşı mübarizədə ciddi dönüş nöqtəsidir. Prezident İlham Əliyevin "güclü siyasi iradə" ifadəsi təsadüfi deyil - bu, Ankaranın qətiyyətini və öz xalqını qoruma əzmini əks etdirir. PKK-nın neytrallaşdırılması təkcə Türkiyənin təhlükəsizliyi deyil, Azərbaycan üçün də mühüm strateji faydalar vəd edir.
İraq və Suriya ilə münasibətlərdə Bakı üçün əlavə təhlükəsizlik təminatı yaranır. PKK-nın bölgədən çəkilməsi həmin ölkələrdə sabitlik və iqtisadi açılım imkanlarını artırır. Bu isə Azərbaycanın regional enerji, nəqliyyat və infrastruktur layihələrində iştirakını daha da rahatlaşdırır.
Azərbaycanın Cənubi Qafqazdan Yaxın Şərqə doğru strateji uzanışı artıq real müstəviyə keçir. Bu kontekstdə PKK-nın sıradan çıxması regionda yeni faydalı əməkdaşlıqlar üçün də zəmin yaradır. Eyni zamanda, bu hadisə Bakı-Ankara-Təl-Əviv üçbucağının təhlükəsizlik dialoquna da töhfə verə bilər. 44 günlük müharibədə PKK-nın Ermənistanla əməkdaşlığı xatırlanarsa, bu addımın regional balanslara təsiri daha da aydın görünür.
Yəni, bu, sadəcə bir terror qruplaşmasının təslim olması deyil, regionda yeni güc nisbətlərinin formalaşması deməkdir. Türkiyə qazandıqca Azərbaycan da qazanır - bu, siyasi romantizm deyil, real geosiyasi nəticədir".
Zeynəb Mustafazadə