Qarabağdan köçmüş cinayətkar dəstənin İrəvandakı “nümayəndəliyi” qapadılır
10:49 SiyasətPaşinyan "şeytan yuvası"nın ona təhlükə vəd etdiyinə əmin olub
Ermənistan hakimiyyəti özünü buraxan qondarma "Dağlıq Qarabağ Respublikası"nın İrəvandakı "nümayəndəliyi"nin binasını Qarabağ separatçılarından almaq istəyir. APA Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məhkəməyə müraciət edib. İddianın məqsədi "DQR" "Nazirlər Kabineti"nin 2017-ci ilin martında qeydiyyatdan keçmiş mülkiyyət hüququnu etibarsız saymaqdır.
Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib. Ancaq İrəvana gedən separatçı tör-töküntüləri qondarma oyuncaq qurumlarının guya mövcud olduğunu nümayiş etdirmək üçün Ermənistan paytaxtında "nümayəndəlik ofisi"ni şeytan yuvasına çeviriblər.
Məhəmməd Əsədullazadə
Olaylar.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bu barədə "Yeni Müsavat"a bildirdi ki, o vaxtdan İrəvandakı sözügedən bədnam ünvan Qarabağdan köçmüş cinayətkar dəstənin toplaşdığı məkan rolunu oynayır. Onlar ara-sıra həmin ünvanda qondarma tədbirlər, görüşlər keçirir, kütləvi aksiyalar təşkil edərək Azərbaycana qarşı fəaliyyətlərini burada davam etdiriblər: "Son zamanlar isə onlar daha da azğınlaşaraq Ermənistanın hakimiyyətinə, şəxsən Nikol Paşinyana qarşı bəyanatlar verməyə başlayıblar. İrəvanda bu quldur dəstəsinə toplaşmaq üçün ofis şəraiti yaradan Nikol Paşinyan indi həmin dəstənin hədəfindədir, məhz həmin ünvandan ona qarşı çağırışlar edilir. Sonuncu dəfə iyulun 12-də "Artsax Müdafiə Şurası" İrəvanın Azadlıq meydanında 100 nəfərin iştirakı ilə mitinq təşkil edib. Etirazçılarla polis arasında kiçik bir gərginlik də yaşanıb. Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək danışıqlar aparmasının ardınca İrəvanda bu mitinqin keçirilməsi, görünür ki, Paşinyanın səbr kasasını daşırıb. Eyni zamanda mitinqin sönük keçməsi Paşinyanda bir daha əminlik yaradıb ki, erməni xalqı "artsax-martsax" oyunlarını dəstəkləmir və sülh prosesinin sürətlənməsinin tərəfdarıdır, ona görə də qırmızı xətti keçməyə başlayan separatçı tör-töküntülərinin yuvasını bağlamağın vaxtı çatıb".
Politoloq xatırlatdı ki, Azərbaycan uzun müddətdir dəfələrlə müxtəlif səviyyələrdə Ermənistan hakimiyyətinə İrəvandakı "DQR nümayəndəliyi"nin ofisinin bağlanması barədə tələblər, çağırışlar ünvanlayıb, lakin İrəvandan müsbət cavab olmayıb: "Paşinyanın indiyə qədər separatçı cinayətkarlara toplaşmaları üçün ünvan saxlaması, onların aksiyalar keçirməsinə icazə verməsi istər-istəməz suallar yaradırdı. Hesab edilirdi ki, bununla Azərbaycana qarşı ərazi iddialarını gündəmdə saxlamaq niyyəti ortaya qoyulur və bu da sülh danışıqları ilə ziddiyyət təşkil edir. Haqlı olaraq sual ünvanlanırdı ki, Azərbaycana qarşı olan həmin dəstənin fəaliyyətini məhdudlaşdırmaq üçün hakimiyyət niyə addımlar atmır. Azərbaycanla sülh danışıqları aparan və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan İrəvanda "artsax" tör-töküntülərinə niyə şərait yaradır. Nikol Paşinyan istəsə, onların qarşısını tamamilə ala bilər, nədən bunu etmir?
Nikol Paşinyan heç vaxt bu suallara cavab verməyib. İndi görəndə ki, Qarabağdan köçüb İrəvanda yuvalanan quldur dəstəsindən onun özünün hakimiyyətinə qarşı istifadə edilməyə başlanır, "nümayəndəliyi" qapamaq qərarını verib".
M.Əsədullazadə onu da dedi ki, Ermənistan daxilində revanşistlərin, Qarabağdan getmiş erməni cinayətkarların son günlər aktivləşməsində Rusiya amilinin olduğu şübhəsizdir: "Ermənistanda revanşist qüvvələrin, həmçinin cinayətkar Qarabağ klanının, Qarabağdan könüllü köçmüş ermənilərin arxasında həmişə Rusiya dayanıb. Rusiya lazım olanda həmin qüvvələrdən həm Ermənistan hakimiyyətinə, həm də Azərbaycana təzyiq aləti kimi istifadə edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Nikol Paşinyan Qarabağdan könüllü köçmüş cinayətkar dəstəyə İrəvanda əl-qol açmağa şərait yaratmaqla əslində çox böyük səhvə yol verir. Çünki Rusiyadan və başqa xarici güclərdən qidalanan həmin dəstə Paşinyan hakimiyyətinin özünə qarşı təhlükədir. Onlar Paşinyana qarşı sui-qəsd ssenarilərindən tutmuş, çevriliş ssenarilərində iştiraka qədər ən ağılagəlməz planların tərkib hissəsi rolunda çıxış etməyə hazırdırlar. Ona görə də Nikol Paşinyan nə qədər gec deyil, o quldur dəstəsini ortadan qaldırmalıdır. Yoxsa bu quldur dəstəsi xarici havadarlarının dəstəyi və göstərişi ilə Ermənistanda hakimiyyəti ələ keçirməyə cəhd edəcək. Belə ehtimal etmək olar ki, Paşinyan onu gözləyən təhlükənin ciddiliyinin fərqinə varmağa başlayıb".