Əliyevdən PKK mesajı - Azərbaycan üçün yeni fürsət pəncərəsi

PKK-nın ləğvi və silahı yerə qoyması Türkiyənin ən böyük uğurudur

"Siz hazırda da "Terrorsuz Türkiyə" hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız".

Bu barədə iyulun 15-də Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.

"Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu", - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, iyulun 11-i "Terrorsuz Türkiyə" siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib. Yaxın günlərdə PKK terrorçularının Süleymaniyyədə tərk-silah olunmasının ikinci mərhələsi başlayacaq.

PKK-nın ləğvi region üçün təhlükəsizlik və sabitlik vəd edir. Təbii ki, bunun Azərbaycan üçün də yaxşı tərəfləri var. Azərbaycan Türkiyə ilə yanaşı Suriya, İraqla da əməkdaşlığı davam etdirir, Yaxın Şərqdə stabillik  investisiyaların yatırılması və digər iqtisadi məsələlərdə bizim üçün də mühümdür. PKK isə bölgəyə təhdid idi. Azərbaycan Bağdadda səfirliyini açıb, Dəməşqdə də diplomatik korpusunun fəaliyyətini bərpa edib, Suriyaya qaz nəql edəcəyik, həmçinin İraqdakı Kürdüstan muxtariyyəti ilə əlaqələr mövcuddur. Kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani Bakıya səfər edib Prezident Əliyevlə görüşmüşdü.

Bu mənada PKK-nın silahı yerə qoyması təkcə qardaş Türkiyə deyil, Azərbaycan üçün də əhəmiyyətlidir.

Onu da xatırladaq ki, 2020-ci ildə Almaniyanın nüfuzlu "freitag.de" informasiya-analitik portalında məşhur siyasi icmalçı Mark Lambsdorfun "PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində" sərlövhəli məqaləsi dərc edilmişdi. 44 günlük müharibədə terrorçuların erməni işğalçıları ilə birlikdə döyüşdüyünə dair faktlar da açıqlanmışdı.

PKK-nın ləğv edilməsi və silahı yerə qoyması Türkiyə üçün və Azərbaycanın da daxil olduğu region üçün nə vəd edir?

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

Olaylar.az xəbər verir ki, siyasi şərhçi Əli Orucov "Yeni Müsavat"a bildirdi ki, qanlı PKK terror təşkilatının tərk-silah olunması Türkiyənin ən böyük uğurudur. Prezident Ərdoğanın bu yöndə apardığı sistemli siyasət nəhayət ki, öz müsbət bəhrəsini verdi: "PKK xarici imperialist güclərin dəstəyi və bilavasitə iştirakı ilə yaradılaraq Türkiyəyə qarşı alət kimi istifadə olundu. İlk dönəmlər terror təşkilatı keçmiş SSRİ-nin himayəsində olub, imperiya dağılandan bir müddət sonra isə ABŞ, İsrail və bəzi Qərb dövlətlərinin nəzarətinə keçib. Prezident Ərdoğanın ilk "Kürd açılımı"ndan sui-istifadə edən PKK Türkiyənin bir sıra bölgələrində möhkəmlənməyi və yeni mövqelər ələ keçirməyi bacardı. Lakin bu proses uzun sürmədi və terrorçuların barış niyyətləri olmadığı və getdikcə ciddi təhlükəyə çevrildiyi aydınlaşandan sonra onlarla bağlı sərt tədbirlər görüldü və tör-töküntülər Suriyaya, İraqa və digər bölgələrə qaçdılar. Regionda Ankaranın gücünün və rolunun artması PKK-ya qarşı həyata keçirdiyi antiterror əməliyyatları, demək olar ki, təşkilatı bitirdi. Onları təlimatlandıran, silah-sursat və maliyyə ilə təmin edən dövlətlər isə Türkiyə ilə konfrontasiyaya getməkdən çəkinərək terrorçuları taleyin ümidinə buraxdı. Təşkilat üzvləri Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində də ermənilər tərəfindən vuruşub, hərbi əməliyyatlarda aktiv iştirak edib. Bunu təsdiqləyən çoxsaylı sübut və faktlar var. Mən hesab edirəm ki, terrorçuları son nəfərinədək zərərsizləşdirmək ən məqbul variant olardı. Çünki bu təşkilat on minlərlə dinc insanın həyatına son qoyub, əli türk əsgərinin qanına bulaşıb, milyardlarla dollar Türkiyə dövlətinə və vətəndaşlarına maddi və mənəvi zərər vurub. Bütün bu itkilərin hesabı sorulmalıdır".

Ə.Orucov hesab edir ki, həmin terrorçuların Türkiyə siyasətində iştirakına imkan yaradılması gələcəkdə yenə də istifadə olunmayacaqlarına təminat vermir: "Biz bunu DEM Partiyasının  simasında müşahidə edirik. Kürd separatçıları fürsət düşən kimi bölücülükdən imtina etməyəcəklər. Çünki PKK və digər terrorçu təşkilatların arxasından böyük güclər tam çəkilməyib. Hesab etmirəm ki, bütün terrorçular silahı yerə qoyacaqlar, müxtəlif terror təşkilatlarında fəaliyyətlərini sürdürəcəklər. Ancaq bütün bunlarla yanaşı, məcburən təşkilata cəlb edilən, mülki və dinc həyatda yaşamaq istəyən üzvlərə reabilitasiyaları üçün imkan yaranır. Məlum olduğu kimi, PKK böyük bir coğrafiya üçün təhlükə və destablizasiya mənbəyinə çevrilmişdi, orada yaşayanları qorxu altında saxlayırdı. Artıq  dəstə silahlarını İraq ərazisində təhvil verib. Düşünürəm ki prosesin sürətlənməsi bölgə xalqlarının inkişafına və təhlükəsizliyinə olan inamı daha da artırmış olur. Qardaş Türkiyədə terror təşkilatına son verilməsi onun daha da güclənməsinə təkan verəcək və bu, Azərbaycanın da mövqelərinin daha da güclənməsi demək olardı. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi üçün də yeni üfüq açılmış olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31