Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
10:27 SiyasətRuben Vardanyan kartını Azərbaycana və Paşinyana qarşı istifadə etmək istəyirlər
Erməni mediası Bakıda məhkəməsi gedən, Azərbaycana qarşı ağır cinayətlərdə ittiham olunan Ruben Vardanyanla bağlı maraqlı xəbər yayıb. "Hraparak" qəzeti yazıb ki, Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa Vardanyanın azadlığa buraxılmasına kömək xahiş edən məktub göndərməkdən imtina edib.
Nəşr bildirir ki, ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələri Trampın ətrafı ilə danışıqlar aparıb və onun kürəkəni ilə əlaqə yaradıblar. İddialara görə, Tramp İrəvandan rəsmi müraciət olarsa, vəziyyətə müdaxilə etməyə hazır olduğunu söyləyib. Ardınca Vardanyanın ailəsi Vaşinqtondakı səfir Lilit Makunts vasitəsilə Ermənistanın baş nazirinə müvafiq məktub göndərib. Lakin rədd cavabı alıb. Paşinyan hökumətindən bildirilib ki, belə bir addım Azərbaycanla sülh sazişinin imzalanması prosesinə zərər verə bilər.
Hələ ki Ermənistan hökumətindən iddiaya reaksiya verilməyib. Ancaq şübhə yox ki, radikal müxalifət və onun mediası, eləcə də erməni lobbisi bu yolla Paşinyanı fakt qarşında qoymaq və daxildə onun haqqında antimilli rəhbər, "satqın" imicini gücləndirmək istəyir.
Bəs Tramp Rusiyanın "desantı" sayılan, vaxtilə Ermənistanda hakimiyyəti ələ keçirmək niyyətini gizlətməmiş bir adam üçün Bakıdan xahiş-minnət edərmi? Edərsə, cavab nə olar? Paşinyan Trampa Vardanyan üçün məktub göndərməməklə düzmü edib və məktub göndərməkdən niyə imtina edib?
Akif Nağı
Olaylar.az xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı "Yeni Müsavat"a bildirdi ki, bu məsələdə əsas hədəf Azərbaycandır: "Azərbaycana müxtəlif yollarla, Ruben Vardanyan bəhanəsi ilə təzyiq göstərmək istəyirlər. Erməni diasporu hiyləgərlik edir. Bilirlər ki, əgər Donald Tramp Vardanyan üçün Azərbaycana müraciət etsə, Azərbaycan bu müraciətdəki istəyi yerinə yetirsə də, Azərbaycanın ziyanınadır, imtina etsə də. Birinci variantda Azərbaycanın qətiyyətli mövqeyindən geri çəkildiyi, cinayətkarı azad etdiyi və erməni diasporunun istədiyinin olduğu durum yaranır. İkinci variantda Donald Tramp Azərbaycandan onun müraciətinə müsbət cavab verilmədiyi üçün inciyir və Azərbaycanla ən azı bir müddət soyuqluq yaranır. Ermənilər hesab edirlər ki, hər halda, qazanan tərəf ermənilər olur. Məhz buna görə də Trampa təsir etmək və istədikləri müraciətin ünvanlanmasına nail olmaq üçün yol axtarırlar. Eyni zamanda erməni diasporu və onlara bağlı olan dələduzlar Ruben Vardanyanın pullarını əldə etmək üçün müxtəlif oyunlar qururlar. Qeyd etdiyimiz çabalarında bu amil də rol oynayır. Vardanyan elə bilir ki, çoxlu pulu olduğu üçün sağa-sola pul paylamaqla beynəlxalq müstəvidə kimlərəsə təsir edəcək və təsir etdiyi şəxslər, təşkilatlar Azərbaycana təzyiq göstərəcək və Azərbaycan onu azad edəcək. Ənənəvi erməni ağılsızlığı burada da özünü göstərir. Ruben və onun dəstəkçiləri unudurlar ki, Azərbaycan qətiyyətli mövqeyindən geri çəkilməyəcək".
Həmsöhbətimizin fikrincə, Donald Trampın ermənilərin müraciətinə İrəvandan rəsmi məktub gəlməsi cavabını verməsi əslində o deməkdir ki, ABŞ lideri bu işə qol qoymaq istəmir. Nikol Paşinyanın da Vardanyana görə Trampa məktub göndərməkdən imtina etməsi onun Trampın mövqeyini bildiyindən və Vardanyanın azadlığa çıxmasını istəmədiyindən irəli gəlir.
Akif Nağının fikrincə, Paşinyan Trampa müraciət etməməklə düzgün qərar verib: "Paşinyan da başa düşür və məntiqlə izah edir ki, onun cinayətkarın azadlığa buraxılması üçün müraciət etməsi Azərbaycanla sülh prosesinə mane ola bilər. Erməni baş nazir anlayır ki, belə bir müraciət etməsi Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılanacaq. Paşinyan tək Ruben Vardanyanla bağlı deyil, həmçinin Bakıda həbsdə olan digər erməni canilərlə bağlı da ehtiyatlı, müəyyən mənada obyektivliyə yaxın bir mövqe tutur, məsələni Ermənistanın siyasi gündəmində saxlamaq yolunu tutmur. Bu məsələni gündəmdə saxlamaq xəttini revanşist ermənilər, erməni müxalifəti, onlara bağlı diaspora təşkilatları və Azərbaycana düşmən mövqeyində olan xarici qüvvələr, muzdlu konqresmenlər tuturlar".
A.Nağı qeyd etdi ki, əslində Donald Trampın da dolayısı ilə ermənilərə "yox" cavabı verməsinin arxasında Azərbaycanla Ermənistan arasında sülh prosesinə problem yaratmamaq məntiqi də dayanır.
Partiya sədri hesab edir ki, eyni zamanda erməni müxalifətinə bağlı olan xaricdəki emənilər Nikol Paşinyanı da fakt qarşısında qoymaq istəyirlər. Erməni xalqında Paşinyanın erməni milyarderin azadlığa çıxması üçün heç bir iş görmədiyi rəyini yaradıb ona qarşı narazılıq formalaşdırmağı hədəfləyiblər.