Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq: Rusiya təzyiqləri artır? - ÖZƏL

Son günlər Yekaterinburqda baş verənlər - azərbaycanlıların saxlanılması, döyülməsi və öldürülməsi ilə müşahidə olunan qanunsuzluqlar - narahatlıq doğurur. Son hadisədə "Azərbaycan-Ural" təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin və oğlu Mutvalı Şıxlinskinin saxlanılması fonunda, Mutvalıya polisə xəsarət yetirmək kimi ittihamlar irəli sürülüb.
 Xatırladaq ki, bu, Yekaterinburqda azərbaycanlıların ilk dəfə qanunsuz saxlanılması və ya həyatını itirməsi deyil.

Rusiya-Azərbaycan münasibətləri fonunda bu kimi hallar təsadüfi görünür, yoxsa məqsədli mövqedən xəbər verir?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
"Rusiya tərəfindən atılan addımların heç biri təsadüf deyil və bunlar düşünülmüş siyasətin tərkib hissələridir, Azərbaycana təzyiq etmək üçün istifadə olunan mexanizmlərdir. Və görünür ki, Rusiya Azərbaycana təzyiqləri davam etdirmək üçün Rusiyada olan soydaşlara qarşı belə kampaniyalara qərarlıdır. Əlbəttə ki, bu, tərəflərin münasibətlərinə ciddi zərər verir və burada hər iki ölkənin maraqlarına uyğun olmayan davranışlar mövcuddur. Amma Azərbaycan Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmaq istəyir, lakin Rusiya hazırda təkəbbürlü və imperiyapərəst siyasət yürütməyə çalışır ki, bu da digər dövlətlər, o cümlədən Azərbaycan tərəfindən etiraz və müqavimətlə qarşılanır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31