“Azərbaycan heç kimə izahat vermək məcburiyyətində deyil” – Bəhruz Quliyev – ÖZƏL
16 İyul 13:59 Siyasətİran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı İsraillə yaxın münasibətlər qurmaqda və İslam dünyasının maraqlarına zidd addımlar atmaqda ittiham edib. O, Pakistanın daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə Tehranda keçirilən görüşdə bildirib ki, Bakı sionist rejimlə əlaqələr qurur, İsrailin Fələstin xalqına qarşı cinayətləri fonunda ona neft ixrac edir. Vilayəti bu səbəbdən Pakistanı Azərbaycandan izahat tələb etməyə çağırıb və əlavə edib ki, İslam dünyasının maraqları naminə bu məsələdə ehtiyatlı davranmaq vacibdir.
İranın Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham etməsi fonunda, Tehran nəyə nail olmağa çalışır - bu, regional güc balansına təsir etmək cəhdidir, yoxsa daxili auditoriyaya hesablanmış siyasi ritorikadır?
"Son günlərdə İran rəhbəri Ayətullah Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin Azərbaycana yönəlik açıqlamaları ciddi narahatlıq doğurur. Vilayəti Azərbaycanı guya sionist rejim adlandırdığı İsraillə əməkdaşlıqda ittiham edərək, bu münasibətləri İslam dünyasının maraqlarına zidd kimi təqdim etməyə çalışır. Üstəlik, o, Pakistanı da Azərbaycandan "izahat tələb etməyə" çağırır. Bu cür mövqenin özündə nə qədər qərəzli və ikili standartlarla dolu olduğunu anlamaq üçün sadəcə İran-Ermənistan münasibətlərinə nəzər salmaq kifayətdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Baş redaktor əlavə edib ki, Azərbaycan uzun illərdir müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür: "Bakı beynəlxalq münasibətlərini milli maraqlar üzərində qurur və heç bir dövlətin daxili və xarici siyasətinə müdaxilə etmir. İsraillə münasibətlər də bu çərçivədə təhlükəsizlik, ticarət və texnologiya sahəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdır. Azərbaycanın İsraillə münasibətlərini hədəfə alanlar, nədənsə, Tehranın işğalçı Ermənistanla strateji əlaqələrini görmürlər.
İran rəsmiləri unutmamalıdırlar ki, onların "İslam həmrəyliyi" çağırışları ilə praktik davranışları arasında ciddi təzad var. Ermənistan Azərbaycanın torpaqlarını işğal edən, yüz minlərlə müsəlmanı yurd-yuvasından didərgin salan ölkədir. Bəs niyə İranın yüzlərlə yük maşını 30 il ərzində Qarabağa, işğal altında olan ərazilərimizə gedirdi? Niyə İranla Ermənistan arasında diplomatik və iqtisadi əlaqələr yüksək səviyyədə davam etdirilirdi? Bu, hansı "İslam həmrəyliyinə" uyğun gəlir?
Hesab edirəm ki, Əli Əkbər Vilayətinin açıqlamaları əslində iki məqsəd güdür: birincisi, İranın bölgədə dəyişən güc balansında mövqeyini qorumaq üçün psixoloji-siyasi təzyiq aləti kimi; ikincisi isə ölkə daxilindəki auditoriyaya yönəlik ritorik manevrdir. Azərbaycan isə heç bir təzyiq və manipulyasiyaya boyun əymədən öz milli maraqları çərçivəsində siyasətini davam etdirir və qonşuluğu, imzasına, müttəfiqinə ehtiramla yanaşır".
Ekspertin sözlərinə görə, bugünkü dünyada diplomatiyanın əsas prinsipi - qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin daxili işlərinə qarışmamaqdır. Azərbaycan İslam dəyərlərinə daim sadiq olub və Fələstin məsələsində də BMT qətnamələri əsasında dəfələrlə ədalətli mövqe sərgiləyib. Amma bu heç zaman Azərbaycanın digər ölkələrlə münasibət qurmaq hüququnu əllərindən ala bilməz. Nəticə etibarilə qeyd edək ki, Azərbaycan heç bir dövlətə izahat vermək məcburiyyətində deyil. Bakı İranın iddia etdiyi "sionist rejim"lə yox, BMT üzvü olan suveren İsrail dövləti ilə əlaqə saxlayır. Bu, Azərbaycanın suveren hüququdur və bu hüququna hər hansı müdaxilə cəhdləri, yanlışlıqdır. Bu cür ittihamnandırsa, müsəlman və qonşu dövlət kimi davranmağı əməli-işlə sübut etmək lazımdır. Bizim səmimi münasibətimiz bölgəyə yalnız uğur gətirə bilər.
Səidə Ramazanova