Azərbaycan bu münasibətlərin gərginləşdirilməsində maraqlı tərəf olmayıb və bu gün də deyil- ÖZƏL

"Azərbaycan bu münasibətlərin gərginləşdirilməsində maraqlı tərəf olmayıb və bu gün də deyil. Əksinə, münasibətlərin gərginləşdiyi dövrlərdə Azərbaycanın prosesi dayandırmağa, müəyyən qədər yumşaltmağa çalışdığı halları görmüşük. Lakin buna baxmayaraq, bəzi maraqlı qüvvələr, xüsusilə də Rusiya tərəfindən bu münasibətlərin gərginləşdirilməsi istiqamətində addımlar atılmaqda davam edib."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"İki ölkənin strateji müttəfiq olduğunu nəzərə alsaq, belə gərginliklər və gərgin mərhələlər normal sayıla bilməz. Xüsusilə də hazırda yeni dünya düzəninin formalaşdığı bir dövrdə Azərbaycan-Rusiya münasibətləri bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər vasitəsilə regional reallıqların necə formalaşacağını proqnozlaşdırmaq mümkündür. Əgər münasibətlər gərgin olaraq qalarsa, bölgədə sabit bir regional düzənin yaranması mümkün olmayacaq.

Hazırda Rusiya tərəfdən münasibətlərin normallaşdırılması istiqamətində müəyyən jestlər müşahidə olunmaqdadır. Kreml rəsmiləri səviyyəsində atılan addımlar, bəzi nümayəndə heyətlərinin gəlişi bu cəhdlərin göstəricisidir. Hələlik xüsusi olaraq münasibətlərin normallaşdırılması missiyası ilə nümayəndə heyətləri Bakıya gəlməsə də, yüksək vəzifəli şəxslərin səfərləri bu istiqamətdə atılan addım kimi dəyərləndirilə bilər. Hansı vəzifəli şəxsin Bakıya gəlməsinin əhəmiyyəti o qədər də böyük deyil, əsas məsələ səfərlərin məqsədi və məzmunudur.

Bununla belə, ortada hələ də mübahisəli məsələlər çoxdur. Bu məsələlər yalnız dövlətlərarası müzakirələrlə məhdudlaşmır, artıq cəmiyyətlərin dərin qatlarına işləyən narazılıqlar da var. Xüsusilə vətəndaşlarımızın Rusiyada öldürülməsi, təyyarə qəzası kimi hadisələr münasibətlərin normallaşdırılması prosesini daha da mürəkkəbləşdirir. Bu səbəbdən münasibətlərin bərpası yalnız hakimiyyətlər səviyyəsində qarşılıqlı anlaşma ilə deyil, eyni zamanda cəmiyyətlər arasında etimadsızlıq atmosferinin aradan qaldırılması ilə mümkündür.

İctimaiyyət səviyyəsində barışıq jestlərinə ciddi ehtiyac var. Təbii ki, zamanla Rusiya-Azərbaycan münasibətləri normallaşacaq. Bəziləri bu prosesə maksimalist yanaşsa da, şəxsən mən bu dəfə də Rusiyanın Azərbaycana açıq şəkildə üzr istəməsini gözləmirəm. Amma bəzi məsələlərdə vizual dəstək göstərmək, Azərbaycanın hüquqlarını müdafiə etmək, beynəlxalq müstəvidə Azərbaycana doğru jestlər etmək bu münasibətlərin yumşaldılmasına xidmət edə bilər.

Yenə də qeyd etmək lazımdır ki, açıq şəkildə üzr istəmə ehtimalı zəifdir. Ümumilikdə münasibətlərin normallaşdırılması istiqamətində Rusiyadan müəyyən cəhdlər müşahidə olunsa da, bu zaman və resurs tələb edən uzunmüddətli bir prosesdir. Çünki hələ də həll olunmamış çoxsaylı məsələlər var və cəmiyyətlər arasında kök salmış narazılıqların aradan qaldırılması üçün geniş və davamlı səylər göstərilməlidir.

Bütün hallarda, 2022-ci ildə imzalanmış məlum sənədin ruhuna uyğun olaraq, münasibətləri həmin dövrdəki səviyyəyə qaytarmaq üçün həm çox vaxt, həm də ciddi siyasi iradə və resurs tələb olunacaq."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31